Lənkəran-inkişafın tərənnümü

Hökumətin prioritet sahəsi olan regionların sosial-iqtisadi inkişafı Lənkəran rayonundan da yan keçməyib. Rayonda aparılan quruculub abadlıq işləri, yeni-yeni iş yerlərinin açılması, kənd yolları ilə şəhər arasında əlaqə yaxşılaşdırılıb. Ötən ilin yekunları ilə bağlı keçirilən tədbir zamanı səslənən fikirlər də bir daha sürətli inkişafı ehtiva edir.Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov "2015-ci ildə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” məruzəsinə diqqət salarkən il ərzində rayonda böyük böyük inkişafın getdiyinin şahidi olarıq: "Ümumiyyətlə, möhtərəm Prezidentimiz 12 ildə 11 dəfə Lənkəranda olub, neçə-neçə müəssisənin, sosial obyektin, idman qurğusunun açılışına xeyir-dua verib, bölgənin sakinləri ilə görüşərək səmimi söhbətlər aparıb. Ötən ilki səfərində cənab İlham Əliyev buradakı tarix-diyarşünaslıq muzeyi, mədəniyyət mərkəzi, yeni körpələr evi-uşaq bağçası, "Gilan Aqro Sitrus” təsərrüfatı və Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun açılışında iştirak edib. Ölkə rəhbəri ictimaiyyət nümayəndələri qarşısındakı çıxışında deyib: "Lənkəranın çox qədim mədəniyyəti, tarixi var. Biz bu mədəniyyəti, tarixi qoruyuruq... Son illərdə bütövlükdə Lənkəranda görülən işlər ölkəmizin ümumi inkişaf dinamikasını göstərir...” Prezident işıq, qaz, su, yol və digər infrastruktur layihələrinin icrası ilə əlaqədar görüləcək işlərdən də ətraflı söhbət açıb. Lənkəranın rəhbərliyi, əhalisi  etimadı doğrultmaq, ona əməli işlə cavab vermək üçün əllərindən gələni əsirgəmirlər.  On üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,2 milyon  manat, eləcə də Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün 4 milyon manat ayrılması yol infrastrukturunun inkişafına əvəzsiz töhfə olub”.    

 Natiq məruzəsində dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkənin hər yerində olduğu kimi, Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində də uğurlu nailiyyətlərin qazanıldığını, genişmiqyaslı quruculuq-abadlıq işlərinin görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, dünyada gedən iqtisadi böhranın təsirinə baxmayaraq, cənab Prezidentin iradəsi ilə ölkədə bütün sosial layihələrin icrasının davam etdirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, tikinti-abadlıq işlərinin daha da genişləndirilməsinə Azərbaycanda hərəkətə gətirilən iqtisadi resursların hesabına nail olunmuşdur. Bu resursların daha da artırılması üçün qeyri-neft sektorunun inkişafına indi xüsusilə ciddi fikir verilməsinin nikbinlik doğurduğunu önə çəkən natiq Lənkəran rayonunda da mövcud ehtiyatların səfərbər olunacağını, yeni sənaye müəssisələrinin yaradılacağını, kənd təsərrüfatının çayçılıq, sitrusçuluq və tərəvəzçilik sahələrinin daha sürətli inkişafına, mövcud torpaqlardan daha səmərəli istifadəyə diqqətin artırılacağını söyləyib.

Taleh Qaraşov daha sonra şəhərdaxili və kəndlərarası yollarda, yaşayış ərazilərində aparılan tikinti, abadlıq və yenidənqurma işlərindən, yeni infrastruktur layihələrindən bəhs edib, rayonda iqtisadi və sosial sferanın inkişafından, sənayedə, kənd təsərrüfatında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Məruzədə həmçinin cənab Prezidentin antiböhran tədbirlərinin rayon sakinləri tərəfindən sevinclə qarşılandığı diqqətə çatdırılıb və ayrı-ayrı sahələrdə qazanılmış uğurlarla yanaşı, yol verilmiş nöqsanlar da sadalanıb, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinə ciddi tapşırıqlar verilib.

Onu da qeyd edək ki, Lənkəran rayonunda uğurlu inkişaf bir sıra xarici sərmayədarların regiona marağını daha da artırıb. Məhz bu baxımdan 2015-ci ildə ölkəmizdə fəaliyyət göstərən səfirlər Lənkərana gələrək buradakı şəraitlə tanış olublar. Onlar qeyd edirlər ki, Lənkəranda iqtisadi maraqların qorunması, və yeni iş yerlərinin açılması, eyni zamanda xarici şirkətlərin normal fəaliyyəti üçün bütün şərait var.

 

Yusif Məhəmmədoğlu