Milli Məclisdə məşğulluq məsələsi ilə bağlı ictimai müzakirələrin keçirilməsinə ehtiyac var

Milli Məclisdə "Sosial Sığorta haqqında Qanuna" çox vacib bir dəyişikliyi müzakirə etdik.

Bu dəyişikləri, ilk növbədə, cənab Prezident tərəfindən sosial sahədə uğurla aparılan islahatların tərkib hissəsi və davamı kimi qiymətləndirmək lazımdır.

Birinci ona görə ki, ilk dəfə olaraq, (dəyişiklərin qəbulundan sonra) dövlət sosial müdafiə fondunun sərbəst investisiyaya yönəldilən vəsaiti, ən vacibi isə investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Fondun hesabında deyil, ayrıca hesabda toplanacaq.

Bu hesabın Mərkəzi bankda olması, vəsaitlərlə bağlı qərarların verilməsi və o cümlədən uçotun ayrıca rejimdə aparılması dövlətin bu vəsaitlərin toplanması və xərclənməsi məsələsinə verdiyi strateji əhəmiyyətdən xəbər verir.

İkincisi, həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilməsi mümkün olacaq ki, bu da vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılması və əlavə gəlir mənbəyinin formalaşdırılmasına imkan yaradacaqdır.

Üçüncüsü, əldə olunan gəlirlər pensiya təminatının gücləndirilməsinə, məşğulluq probleminin həllinə öz töhvəsini verəcək.

Bütün bu müsbət məqamlara görə təklif olunan dəyişikliyi dəstəkləyirəm.

Bununla yanaşı, bəzi təklifləri də səsləndirmək istərdim.

1) Şəffaflıq və hesabatlılıq əmsalını artırmaq üçün yaxşı olardı ki, Sosial müdafiə fondu illik hesabatında bu vəsaitlərin idarə olunması, əldə olunan gəlirlər və gəlirlərin xərclənməsi ilə bağlı məsələləri ayrıca qrafada təqdim etsin ki, biz həm dinamikanı görək, həm də vəsaitlərin necə və hara xərclənməsini daha dəqiq bilək.

2) Vəsaitin xərclənməsinə effektiv nəzarəti təmin etmək üçün müvafiq qurumların, o cümlədən media və QHT-lərin nümayəndələrindən ibarət Müşahidə Şurası yaradılsın.

3) Əldə olunan gəlirlər proporsional deyil, ilk növbədə sosial təminata daha çox ehtiyacı olan əhali qrupunun maddi vəziyyətinin yaxşılaşdırlmasına, məşğulluq probleminin həlli ilə bağlı yeni və innovativ layihələrə yönəldilsin.

Bilirsiniz ki, ölkəmizdə məşğulluğun təminatı ilə bağlı çox işlər görülsə də, Dost mərkəzləri kimi vacib institutlar yaradılsa da, bu sahədə çətinliklər hələ də qalmaqdadır.

Belə ki, iş üçün müraciət edən vətəndaşların işlə təmin olunma faizi qaneedici deyil. Təkcə seçicilərimizin etdiyi müraciətlər üzrə əldə olunan cavabların təhlili bunu deməyə əsas verir.

Ona görə yaxşı olardı ki, Milli Məclisin Sosial Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə məşğulluğun hazırkı vəziyyəti mövzusunda ayrıca dinləmə və müzakirə təşkil etsin.
 

Azay Quliyev
Milli Məclisin deputatı