Müharibə aparan tərəflərin hərəkətləri humanizm prinsiplərinə uyğun olmalıdır

"Müharibə zamanı mülki əhaliyə və mülki obyektlərə, fərdlərə hücum edilə bilməz. Hücumlar yalnız hərbi obyektlərə qarşı edilə bilər. Bu birmənalı olaraq Beynəlxalq Humanitar Hüquqa ziddir".

 

Bunu Modern.az-a müsahibəsində qeyri-hökumət təşkilatları üzrə ekspert Emil Seyidəliyev deyib.

 

Həmin müsahibəni təqdim edirik:

Hörmətli Emil müəllim, hamıya məlumdur ki, müharibə zamanı mülki əhaliyə də kifayət qədər ziyan dəyir. Onlar müharibənin qurbanına çevrilirlər. 44 günlük Vətən müharibəsində biz bunun şahidi olduq. Bəs belə hallarda Beynəlxalq Humanitar Hüququ necə tətbiq etmək olar, bu haqda qısa olaraq məlumat verərdiniz?

Beynəlxalq humanitar hüquq termini ilk dəfə Jan Pikte tərəfindən leksikona daxil edilmişdir. Buna Beynəlxalq-hüquqi leksikonda deyirlər. Beynəlxalq hüququn bir neçə mühüm sahəsi var. Bəzi hallarda onları müxtəlif cür də adlandırılar. Məsələn, Beynəlxalq humanitar hüquq, silahlı münaqişə hüququ, müharibə qanunu və sairə. Beynəlxalq humanitar hüquq əsasən münaqişə dövründə dövlətlər, beynəlxalq təşkilatlar və digər subyektlər arasında münasibətləri tənzimləyir. Beynəlxalq ictimai hüququn bir qolu kimi silahlı münaqişə dövründə humanitar məqsədlərə çatmaq üçün hərbi əməliyyatlarda birbaşa iştirak etməyən və ya artıq iştirak etməyən şəxsləri qorumaq prinsipinə söykənir. Xüsusilə, müharibənin vasitə və metodlarını məhdudlaşdırmaq məqsədi güdən normalardan ibarətdir. Başqa sözlə desək, Beynəlxalq humanitar hüquq istər beynəlxalq, istərsə də qeyri-beynəlxalq xarakterli olmasından asılı olmayaraq, xüsusilə silahlı münaqişənin birbaşa humanitar məsələlərinin həlli üçün nəzərdə tutulan beynəlxalq sazişdir. Yəni Dövlətin öhdəlik hissi ilə əməl olunan qaydalardan ibarətdir. 

Bildiyimiz kimi, Beynəlxalq humanitar hüququn məqsəd və vəzifələri bir sıra prinsiplərə söykənir. Bu prinsiplər və məqsədlər haqqında nə deyə bilərsiniz?

Qeyd etdiyiniz kimi, Beynəlxalq humanitar hüquqda onun məqsəd və vəzifələrini əks etdirən bir sıra prinsiplər mövcuddur. Bunlardan ən başlıcası silahlı münaqişələrin humanistləşdirilməsidir. Başqa sözlə desək, vuruşan tərəflərin üzərinə müəyyən məhdudiyyətlərin qoyulması. Bura əsasən, müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi, mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi, şəxsin ləyaqətinin qorunması, münaqişədə iştirak etməyən və neytral dövlətlərin mənafelərinin qorunması və sairəsi aiddir. Beynəlxalq humanitar hüququn məqsədi müharibəni qadağan etmək deyil. Təbii ki, bu mümkünsüz bir şeydir. Onun ümdə vəzifəsi, artıq başlamış müharibəni xarakterindən və başlama səbəblərindən asılı olmayaraq müəyyən normativ çərçivəyə salmaqdır. 

Beynəlxalq humanitar hüququn dünyada qəbul olunmuş iki qolu mövcuddur. Onlar da öz adlarını yarandıqları şəhərlərin adından götürüblər. Bunlardan biri, “Cenevrə hüququ”,  İkincisi isə, “Haaqa hüququ”dur. 

“Cenevrə hüququ”nun məqsədi döyüşdə sıradan çıxmış hərbi heyət və birbaşa hərbi əməliyyatlarda iştirak etməyən və ya artıq iştirak etməyən şəxslər kimi silahlı münaqişə qurbanlarını müdafiə edən qaydalar toplusundan ibarətdir. 

“Haaqa hüququ”nun məqsədi isə hərbi əməliyyatların aparılmasında müharibə edən tərəflərin hüquq və öhtəliklərini yaradan, müharibənin vasitə və metodlarını məhdudlaşdıran qaydalar toplusundan ibərətdir. 

Siz Beynəlxalq humanitar hüququn prinsiplər və məqsədləri haqqında məlumat verdiniz. Bəs normaları hansılardır?

Müharibə aparan tərəflər  mülki əhali və mülki əmlakı qorumaq üçün mütləq mülki əhali və kombatantlar arasında fərq qoymalıdırlar. Mən kombatant termini sadə dildə izah edim ki, oxucular üçün çətinlik yaratmasın. Kombatant - hərbi formada, əlində silah olan və hərbi əməliyyatlarda iştirak edən şəxsə deyilir. Kombatant olmayanlar deyildikdə isə əsasən  mülki şəxslər və sıradan çıxmış hərbi qulluqçular nəzərdə tutulur. Yəni müharibədə və ya hansısa hərbi əməliyyatlarda iştirak etməyən insanlar. Əsas məqsəd həmin insanları müdafiə etmək və onlarla humanist rəftarı təmin etməkdir. Ümumiyyətlə, mülki əhaliyə nə bütövlükdə, nə də fərdlər şəklində hücum edilə bilməz. Bu birmənalı olaraq beynəlxalq humanitar hüquqa ziddir. Hücumlar yalnız hərbi əməliyyatlarda iştirakçı olan hərbiçilərə və ya obyektlərə qarşı edilə bilər. Həddən artıq xəsarətə səbəb olan, lazımsız olaraq insanlara əbəs əzaba düçar edən, heç bir fərq qoymadan hücuma yol verən müharibə vasitə və ya metodlarının istifadəsi qadağandır. Təslim olan, əsir götürülən və artıq döyüşdə iştirak etməyən düşməni yaralamaq, ona hər hansı bir istirabı yaşatmaq və ya öldürmək qadağandır. Hərbi əməliyyatlarda bu və digər səbəblərdən iştirak etməyən şəxslər öz həyatlarına, fiziki və mənəvi toxunulmazlıqlarına hörmətlə yanaşılması hüququna malikdirlər. Belə insanlar bütün hallarda müdafiə edilməli və onlarla humanizm prinsiplərinə uyğun rəftar edilməlidir. Şərait imkan verən kimi xəstə və yaralıların axtarışı təmin olunmalı, onlar döyüş meydanından götürülməli və qayğı göstərilməlidir. Tibbi heyətə, tibbi obyektlərə, tibbi nəqliyyat vasitələri və avadanlıqlara təcavüz edilməməlidir. Onların müdafiəsi üçün ağ fonda qızıl xaç və qızıl aypara emblemlərindən istifadə olunur. Belə fərqləndirici nişanları daşıyan insanlara və obyektlərə hörmətlə yanaşılması tərəflərin öhdəliyidir.

Beynəlxalq humanitar hüquq nə zaman tətbiq edilir?

Beynəlxalq humanitar hüququn əsas tətbiq sahəsi beynəlxalq silahlı münaqişələrdir. Burada iki sistem mövcuddur. Biri, beynəlxalq silahlı münaqişə bir və ya daha artıq dövlət arasında baş verən silahlı hərbi münaqişədir. Hər hansı bir dövlət və təşkilat arasındakı müharibə də beynəlxalq silahlı münaqişə kimi təsnif olunur. Bundan əlavə müstəmləkə və yadelli işğala və öz müqəddaratını təyin etmə hüququ uğrunda mübarizə apardıqları milli azadlıq müharibələri də beynəlxalq silahlı münaqişə kimi təsnif olunur.  

Digəri isə qeyri-beynəlxalq silahlı münaqişədir ki, bugünki silahlı münaqişələrin çoxu xarakterinə görə qeyri-beynəlxalqdır. Qeyri-beynəlxalq silahlı münaqişə hərbi əməliyytların dövlətin silahlı qüvvələri ilə mütəşəkkil qeyri-dövlət silahlı qrupları və ya digər belə qruplar arasında baş verdiyi silahlı münaqişədir.   

Son olaraq əsir götürülmüşlər, qarşı tərəfin hakimiyyəti altına düşən mülki şəxslərin hüquqları haqqında qısa məlumat verərdiniz.

Əsir götürülmüş kombatantlar, mülki şəxslər, sıradan çıxmış hərbi qulluqçular və ya qarşı tərəfin hakimiyyəti altına düşən mülki şəxslər öz həyatlarına, ləyaqət, şəxsi hüquqları, siyasi, dini və digər etiqadlarına hörmətlə yanaşılması hüququna malikdirlər. Onlara qarşı zorakılıq əməlləri tətbiq edilməməli, əvəzçıxma hərəkətlərinə yol verilməməlidir. Onlar ailələri ilə məktublaşmaq və yardım almaq hüququna malikdir. Hətta onlara qarşı açılmış hər hansı bir cinayət işi olsa belə onların əsas hüquqi zəmanətlərinə hörmət edilməlidir. Müharibə aparan tərəflər daima yadda saxlamalıdırlar ki, onların hərəkətləri humanizm prinsiplərinə uyğun olmalıdır. 

Ətraflı məlumatlar üçün Sizə təşəkkür edirik.