Prezident Laçın zirvəsindən dövlətimizin yüksək qüdrətini nümayiş etdirdi...

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri mütəmadi xarakter daşıyır. Zəfər savaşından sonra bu bölgənin inkişafı dövlətin prioritet məsələsidir. Görülən və planlaşdırılan hər bir iş birbaşa dövlət başçısının nəzarətindədir. Ölkə rəhbərinin Laçın səfəri isə bütün baxımlardan xüsusi önəm daşıyır. Yenə də infrastruktur layihələri və geniş tikinti-quruculuq işləri əsas diqqət mərkəzində saxlanılır.

Səfər çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində salınan xüsusi əhəmiyyətə malik uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanış olan ölkəmizin başçısı daha sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.

Ümumi gücü 80 meqavatamper olacaq qovşaq funksiyasını daşıyacaq strateji əhəmiyyətə malik bu yarımstansiya istifadəyə veriləndən sonra Qarabağ və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.

Səfər zamanı içtimaiyyət tərəfindən daha maraqla qarşılanan hadisə Prezident İlham Əliyevin Laçın şəhərində müqəddəs bayrağımızın ucaldılmasından sonra dərin məzmunlu çıxışı oldu. Bu çıxışında ölkə başçısı 44 günlük Vətən müharibəsinin sonunda Ermənistanın kapitulyasiya aktına imza atmasından, Azərbaycanın tarixi zəfərindən danışaraq, şəhidlərimizin canı-qanı bahasına, qəhrəman ordumuzun fədakarlığı sayəsində hazırda bu tarixi torpaqlarda olduğumuzu bildirdi.

Qarabağla bağlı bütün danışıqlarda Azərbaycan xalqının işğalla barışmayacağını təkrar-təkrar söyləyən Prezident diplomatiyanın əldə edə bilmədiyi problemi hərb yolu ilə aradan qaldıran qalib sərkərdə kimi Laçında önəmli mesajlar verdi. Bu, həm də Azərbaycan xalqının haqq davasının dünyaya səsləndirilməsi idi.

Çıxışında Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, beynəlxalq təşkilatlar, BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edərək, Azərbaycanın tarixi torpaqlarından çıxarmağa borclu və işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməli idi. Təəssüf ki, bunların heç biri yerinə yetirilmədi. Görünən o oldu ki, münaqişəni ədalətli həll etmək məsuliyyətini üzərinə götürən bu təşkilatlar tərəfindən Azərbaycanın haqq işinə biganəlik göstərilərək, işğalıçının niyyətinin əbədiləşdirilməsinə çalışıldı. Buna görə də müharibədə məsuliyyət daşıyan tərəflərdən biri də məhz beynəlxalq təşkilatlar və Ermənistanı himayə edən siyasi qüvvələr idi.

Müzəffər Ali Baş Komandan Azərbaycanın öz torpaqlarını azad etmək gücündə olduğunu və Aprel döyüşlərində bunu sübuta yetirdiyini yada salaraq düşmənin bütün bu dərslərdən nəticə çıxarmadığını bildirdi. Faktik olaraq ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycana müharibədən başqa yol saxlanılmadı və qəhrəman ordumuz düşmənin xain planını pozdu. Rəzil və miskin duruma salınan Ermənistanın “əfsanəvi ordusu” diz çökdü, rüsvayçı təslimçilik sənədinə imza atdı. Hətta tam qalib durumda da Azərbaycan sülhpərvər siyasətinə saduq qaldı. Kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından öz qoşunlarını çıxarmalı idi və buna əməl etdi. Bu ilin 26 avqust tarixində isə Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri də işğalçılardan tamamilə təmizləndi.

Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparan dövlət olaraq gücünü həm dosta, həm də düşmənə göstərməkdədir. Prezident də çıxışında bu gücü xüsusi olaraq qeyd edərək bildirdi ki, müharibədə zəfərimiz xalqın birliyi nəticəsində olub və hazırda quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir.

Ölkə rəhbərinin çıxışında yer alan xüsusi məqam sərhəddə yaranan son gərginliklə bağlı mesajlar idi. Prezident Azərbaycana qarşı yönələn ittihamlara konkret faktlarla cavab verdi.

Dövlət başçısı hər hansı sərhəd pozulmasının gülünc arqument olduğunu əsaslı şəkildə rədd edərək bildirdi ki, bizim sərhədimizin delimitasiyası reallaşdırılmadan heç kim deyə bilməz sərhəd haradan keçir. Bu vaxta qədər sərhədlərin qarşılıqlı olaraq tanınmamasının günahkarı isə birmənalı olaraq Ermənistandır.

Azərbaycanın müzakirələrə hazır olduğunu, delimitasiya üzrə Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşdığını bildirən Prezident İlham Əliyev çıxışında Ermənistanın müzakirələrə konstruktiv yanaşmadığını açıq şəkildə bəyan etdi.

Bu gün də düşmənin qərəzli və sülhdən yayınan mövqe ortaya qoymaqla bölgədə sabitliyi təhlükə altında saxladığını söyləyən dövlət başçısı Laçında üçrəngli bayrağımızın əbədi dalğalanacağını bəyan etdi. Ölkə rəhbəri Azərbaycanın öz suverenliyini hər zaman qorumaq gücündə olduğunu və bundan sonra baş verəcək hər hansı hərbi münaqişənin günahkarının sülh sazişindən yayınan Ermənistanın və onun xarici himayədarlarının olduğunu vurğuladı.

Prezidentin Laçın səfəri və buradan verdiyi mesajlar Azərbaycanın gücünün növbəti nümayişi idi. Azərbaycan lideri bir daha dünyaya bəyan etdi ki, sülhpərvər siyasətinə sadiq qalan ölkəmiz ərazi bütövlüyü və suverenlik məsələsində heç kimə zərrə qədər də güzəştə getməyəcək.

Əgər Ermənistan sülh sazişinin imzalanmasından yayınmaqda davam edərsə və yenidən hərbi təxribatlara əl atarsa, bunun cavabı layiqincə veriləcək. Laçın coğrafi baxımdan Azərbaycanın yüksək relyevə malik bir bölgəsidir, Azərbaycan Prezidenti bu zirvədən həm də dövlətimizin yüksək qüdrətini nümayiş etdirdi.

Rəşad Mahmudov,

Tibb elmlər doktoru,

Millət vəkili