Qarabağ Azərbaycandır! – Şəhid qanı ilə möhürlənmiş həqiqət 

 

27 Sentyabr – Azərbaycan xalqının yaddaşına qanla yazılan, eyni zamanda şərəflə xatırlanan gündür. Təqvimin bu günü bizim üçün Vətən naminə canından keçənlərin, bir ömür boyu ürəklərdə yaşayan igidlərin Anım Günüdür.

2020-ci ilin məhz 27 sentyabrı Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına başladı. Bu müqəddəs savaşda minlərlə oğul şəhidlik zirvəsinə ucaldı, minlərlə qəhrəman qazimiz canı, qanı bahasına torpağa haqqını qaytardı. 27 Sentyabr tarixi bir millətin ayağa qalxması, öz haqqını qətiyyətlə tələb etməsi idi. Azərbaycan əsgəri təkcə düşmənlə döyüşmədi – zamanla, ədalətsizliklə, səssiz dünyanın biganəliyi ilə döyüşdü və qalib gəldi. Artıq 44 gün davam edən, şanlı Qələbəmizlə bitən müharibədən altı il ötür. Şübhəsiz ki, 44 günün hər anı Azərbaycan xalqının yaddaşına həkk olunub. Həmin tarixdə Ali Baş Komandan xalqa müraciət edərək Ermənistanın cəbhəboyu ərazilərimizdə genişmiqyaslı təxribat törətdiyini və nəticədə həm hərbi qulluqçularımız, həm də mülki vətəndaşlarımız arasında itkilərimizin olduğunu bildirdi. Həmçinin, Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücuma keçdiyini bildirən ölkə başçımız artıq bir neçə kəndin işğaldan azad olunduğu barədə məlumat verdi. O andan etibarən ölkədə hər bir vətəndaş bütün gündəlik qayğılarını, problemlərini kənara qoyaraq cəbhədən gələn xəbərlərə kökləndi. Eşitdiyimiz xəbərlər isə xalqımızı sevindirirdi. Təsadüfi deyil ki, həmin günlərdə ölkə başçısının tviter səhifəsini yüz minlərlə insan izləməyə başladı. Çünki Prezidentimiz işğaldan azad olunan ərazilərimiz barədə sosial media hesabında məlumat verirdi. Beləliklə, 2020-ci ilin sentyabr-noyabr ayları Azərbaycanın tarixinə xalq-ordu-iqtidar birliyinin ən yüksək təzahürü kimi düşdü. Kimliyindən, yaşından, sosial vəziyyətindən, siyasi düşüncəsindən asılı olmayaraq hər kəs bir oldu, Ordusuna, Ali Baş Komandanına dəstək verdi. Əlbəttə ki, bu gözlənilən idi. Axı Qarabağ bütün Azərbaycanın illərlə həll olunması üçün səbirsizliklə gözlədiyi şərəf məsələsi idi. Bu məqamda Prezident İlham Əliyevin bir fikri yada düşür: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!”.

Vətən müharibəsində hətta o torpaqlarda heç vaxt olmayan gənclərimiz belə fəal mübarizə apardı və nəticədə Ermənistan tərəfi ağ bayraq qaldırmağa məcbur oldu. 2020-ci il noyabr ayının 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Bununla da Azərbaycan tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdi, 30 illik zülmə son qoydu. Prezident İlham Əliyev xalqa müraciətində dedi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.

Şəhidlərin qanı ilə suvarılmış torpaq əbədi azadlığa qovuşdu. Qarabağ yalnız torpaq deyil – Qarabağ bir millətin qüruru, bir xalqın tarixidir. Hər daşında, hər ağacında bir igidin izləri var indi. Hər il 27 Sentyabrda sükutla dayanırıq. Bayraqlar yarıya endirilir, məktəblərdə, universitetlərdə şəhidlərimizin adları səslənir. Analar göz yaşları ilə oğullarını yad edir, bacılar dualarını göyə göndərir. Ancaq bu hüznün içində bir iftixar da var – çünki bu torpaq artıq azaddır, çünki bu torpaq şəhid qanı ilə müqəddəsləşib. Uşaqlar artıq Qarabağı tarix kitablarından deyil, gerçək həyatın özündən öyrənir. Çünki artıq o torpağa ayaq basmaq, o havanı ciyərlərinə çəkmək mümkündür. Və bu mümkünlüyün adı Qəhrəmanlıqdır.

Milli Anım Günü – bu, təkcə ağrının, kədərin deyil, həm də qürurun günüdür. Bu gün həm yas tutur, həm də başımızı dik tuturuq. Çünki yalnız xalqı üçün canından keçənlərin ruhu qarşısında baş əymək olar. Xalqımız şəhidlərini heç vaxt unutmayacaq. Onların əmanəti olan bu torpaqları daha da abad edəcək, daha dagücləndirəcək.

Qarabağ Azərbaycandır! Bu söz artıq yalnız siyasi bəyanat deyil – bu, şəhid qanı ilə möhürlənmiş həqiqətdir.

Elnarə Həziyeva