Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə Hərəkat öz mövcudluğu tarixinin ən səmərəli dövrünü yaşamış oldu. Ölkəmiz bütün platformalarda uğurla öz milli maraqlarını müdafiə etməklə yanaşı, həm də qlobal məsələlərin həllində təşəbbüsləri və praktiki addımları ilə ciddi töhfə verir. Eyni mənzərə Qoşulmama Hərəkatı çərçivəsində də müşahidə olundu. Hərəkata 2011-ci ildən tamhüquqlu üzv qəbul edilən Azərbaycan qısa zaman ərzində bu hərəkatda öz təsirli yerini və rolunu təyin etdi. Artıq 2016-cı ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısının Bakıda keçirilməsi və 2019-cu ildə sədrliyin ölkəmizə keçməsi haqqında yekdilliklə qərar qəbul olundu. Yəni, Azərbaycanın hərəkata üzv qəbul olunmasından cəmi 5 il sonra 2019-cu ildə sədrliyin ona həvalə olunması haqqında qərar qəbul olunması ölkəmizin yüksək nüfuzunu və ona olan böyük etimadı göstərirdi. Bunun təbii ki, obyektiv səbəbləri var idi. Hər şeydən öncə Azərbaycan Respublikası öz davranışlarında, mövqelərində Qoşulmama Hərəkatının fəaliyyətinin əsasında duran Bandunq prinsiplərinə dəqiqliklə əməl etməsi ilə səciyyələnə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu söyləyib.
O bildirib ki, ölkəmiz həmişə dövlətlərin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə, başqa dövlətlərin daxili işlərinə qarışmama və sair kimi prinsiplərə sadiqlik nümayiş etdirib. Müvafiq olaraq, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatına üzv ölkələr arasında Bandunq prinsiplərinin təşviq edilməsinə, Hərəkatın nüfuzunun yüksəldilməsi və qlobal məsələlərin həllində fəallığının artırılmasına ciddi töhfələr verilib. Məhz Azərbaycanın Hərəkata sədrliyi olduqca mürəkkəb tarixi bir dövrə - pandemiya dövrünə təsadüf etdi.
“Azərbaycanın effektiv sədrliyi sayəsində Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə ən səmərəli fəaliyyət nümayiş etdirən təsisat kimi yadda qaldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19-la mübarizəyə həsr olunmuş toplantısı baş tutdu. Toplantı çərçivəsində pandemiya ilə mübarizə istiqamətində qüvvələrin səfərbər olunması imkanları, qarşılıqlı yardım məsələləri və gələcəyə baxışlar ətrafında geniş müzakirələr aparıldı. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti ölkəmizdə pandemiya ilə mübarizə çərçivəsində görülən işlər, Azərbaycanın qlobal müstəvidə xəstəliklə mübarizə istiqamətində verdiyi töhfələr haqqında məlumatlar verməklə yanaşı, mühüm təşəbbüslər də irəli sürdü. Bunlardan biri də ondan ibarət oldu ki, BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilsin. Qısa zaman ərzində Azərbaycan Prezidentinin bu təşəbbüsü dünya dövlətləri tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiyanın keçirilməsi baş tutdu. Bu, Qoşulmama Hərəkatının bir təsisat kimi nüfuzunu əhəmiyyətli dərəcədə artırmış oldu”, - deyə deputat qeyd edib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr arasında dialoqun genişləndirilməsi məsələsini daim diqqət mərkəzində saxladığını diqqətə çatdıran E.Mirbəşiroğlu deyib: “Əməkdaşlıq və ünsiyyət üçün yeni platformaların yaradılması da Azərbaycan Respublikasının təşəbbüsləri əsasında baş tutub. Belə ki, 2022-ci ilin iyununda Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, bir ay sonra isə Gənclər təşkilatı təsis edilib. Bu, Qoşulmama Hərəkatı daxilində mühüm institusional inkişaf idi. Bu, müvafiq olaraq üzv ölkələr arasında təmasların sıxlaşdırılmasına xidmət edəcək ciddi institusional dəyişikliyi özündə ehtiva edir”.
Deputat Azərbaycan Prezidenti tərəfindən Qoşulmama Hərəkatının təşkilata çevrilməsi məsələsini də hər zaman aktual məsələ kimi diqqətdə saxladığını vurğulayıb: “Ayrıca olaraq, Qoşulmama Hərəkatının BMT TŞ-nin daimi üzvlərindən birinə çevrilməsi təşəbbüsü də Azərbaycan Prezidentinə məxsusdur. Səmərəli sədrlik Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında Azərbaycana olan hörmət və ehtiramı daha da artırıb. 2020-ci ilin yayında Ermənistanın sərhədlərimiz boyunca genişmiqyaslı təxribatları zamanı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu operativ reaksiya nümayiş etdirərək, növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Vətən müharibəsi dövründə də BMT TŞ-də Azərbaycana qarşı qərəzli, ədalətsiz qətnamələrin bloklanması Qoşulmama Hərəkatına üzv olan ölkələrin fəallığı və qətiyyəti sayəsində baş tutub”.
Elşad Mirbəşiroğlunun sözlərinə görə, bütün bunlar Azərbaycanın Qoşulmama Hərəkatının ən təsirli və nüfuzlu ölkələrindən biri olduğunu bir daha sübut edir. Ölkəmizin sədrliyi dövründə isə Qoşulmama Hərəkatının daha dinamik inkişafı, daha uğurlu əməkdaşlıq və dialoq platformasına çevrilməsi üçün kifayət qədər təsirli elementlər formalaşıb.