“Dünyaya səs salan, yaratdığı reallıqlarla regionda və dünya siyasətində yeniliklərə yol açan tarixi Zəfərimizin 6-cı ildönümünü qeyd edirik. 44 günlük Vətən müharibəsində şanlı Qələbəmiz çoxəsrlik tariximizin səhifələrini vərəqləməyi, Azərbaycanın yaşadığı faciələrin indiki və gələcək nəsillərə çatdırılmasını bir tələb kimi qarşıya qoyur. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Bir milyondan çox azərbaycanlı 30 il qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı ərazilərimizi acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Torpaqlarımızın işğaldan azad edilməsi, bu ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılması, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi işğal dövründə dövlət siyasətinin mütləq prioriteti, strateji hədəfi olub. Tarixi Zəfərimizə gedən yola nəzər salsaq görərik ki, Azərbaycan bu müddət ərzində bütün sahələrdə uğurlu inkişafa nail oldu, informasiya cəbhəsində üstünlüyünü qorudu, Ordumuz Qələbəyə hazırlandı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyi, həmrəyliyi gücləndirildi. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, güclü Azərbaycan həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Daim bu əminlik də ifadə edilirdi ki, Azərbaycan Bayrağı işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq. Buna nail olduq”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yenidən qurulan Azərbaycan addım-addım hədəflərə doğru irəlilədi: “Ölkəmizin iqtisadi və siyasi müstəqilliyi təmin edildi. Artan iqtisadi imkanlar ordu quruculuğu sahəsində mühüm addımları şərtləndirdi. Ulu Öndər Heydər Əliyev sülh danışıqlarının cəsarətlə aparılmasında güclü, qüdrətli ordunun olmasını vacib şərt kimi önə çəkmişdir. Ümummilli Liderin siyasi kursunu son 23 ildə uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı məqsədyönlü islahatların, həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu hazırda dünyanın ən güclü orduları sırasında yer tutur. Ordumuz qalib ölkənin qalib ordusu olduğunu bütün dünyaya nümayiş etdirdi. Şanlı Qələbəmiz ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. Dünya ən güclü ordunun Azərbaycan Ordusu olduğunun şahidinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və böyük sərkərdəlik qabiliyyəti nəticəsində Ordumuz öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, tarixi ədalət bərpa edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Təbii ki, tarixi Zəfərimiz Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurlu nəticəsi oldu. Dünyanın ikili standartlara əsaslanan siyasəti ilə hər zaman üz-üzə qalan Azərbaycan aparılan qərəzli, əsassız təbliğatı real faktlara və tarixi həqiqətlərə söykənən siyasəti ilə cavablandırdı. Xalqımız tam əmin idi ki, ədalət zəfər çalacaq, torpaqlarımız gec-tez tarixi sahibinə qovuşacaq”.
Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsinin simvoluna çevrilən “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı: “44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində öz qüdrətini göstərdi. Tarixi Zəfərimiz növbəti zəfərləri şərtləndirdi. 2023-cü ilin 19 sentyabr tarixində həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bu gün qalib, suveren Azərbaycanın yeni dövrünün hədəflərindən, onların ardıcıllıqla reallığa çevrilməsindən bəhs edirik”.
Malik Həsənov qeyd edib ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu: “Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Dövlətimizin başçısı İlham Əliyevin xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə imzaladığı 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Dövlətimizin başçısı İlham Əliyevin həmin tarixdə imzaladığı «Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında» Sərəncamı da Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Cənab İlham Əliyevin təşəbbüsü ilə açıq səma altında salınmış Hərbi Qənimətlər Parkında təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır”.
Millət vəkili vurğulayıb ki, şanlı Qələbəmiz Azərbaycanın tarixində yeni inkişaf səhifəsini açdı: “Son 6 ilin uğurlarını bir yazıda tam əhatə etmək mümkün deyil. Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi diqqətdədir. Hazırda ölkəmiz dünyaya təkmil sülh təcrübəsini təqdim edir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirləri sadalamaqla bitməz. Qürurvericidir ki, son 6 ildə azad Qarabağımız və azad Şərqi Zəngəzurumuz da diplomatik mərkəzə çevrilib. Bu məkandan dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq mesajları çatdırılır. Azad Ağdam, Zəngilan və Xankəndi şəhərləri Azərbaycan Milli Şəhərsalma forumlarına ev sahibliyi etməklə ölkəmizin zəngin şəhərsalma təcrübəsini dünyaya təqdim etdi. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan, bərpa edilən Qarabağımız, Şərqi Zəngəzurumuz mərhələli şəkildə sakinlərinə qovuşurlar. “Böyük Qayıdışa dair I Dövlət Proqram”ı çərçivəsində 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə bu məqsədə 3,4 milyard manat vəsait nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanmasını tapşırıb. Qarabağın yenidən məskunlaşdırılması uğurla davam edir. Belə ki, 2026-cı il oktyabrın 23-ə qədər işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 40922 nəfərdən ibarət 10114 ailənin qayıdışı təmin edilib. 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Qarabağ Universitetində 3330-dan çox tələbə təhsil alır. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Tarixi Zəfərimizdən ötən 6 ilin uğurları yeni dövr üçün müəyyənləşdirilən hədəflərə zamanında nail olacağımıza böyük əminlik yaradır”.