Rəşad Mahmudov qəbul keçirdi 

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili  Rəşad Mahmudov Astara rayonunda növbəti vətəndaş qəbulunu keçirib. Qəbul Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatında baş tutub.

Vətəndaşlarla keçirilən görüş zamanı müxtəlif məzmunlu müraciətlər dinlənilib, xüsusilə sağlamlıq problemləri, əlilliyin bərpası və sosial təminat məsələləri ilə bağlı müraciətlər diqqət mərkəzində olub. Sakinlər tərəfindən qaldırılan bir sıra problemlərlə bağlı yerindəcə hüquqi və institusional izahatlar verilmiş, bəzi məsələlərin operativ həlli istiqamətində konkret addımlar müəyyənləşdirilmiş, digər müraciətlər isə nəzarətə götürülərək aidiyyəti dövlət qurumlarına yönləndirilməsi və həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib.

Vətəndaş məmnunluğunun təmin olunması, insanların problemlərinin dinlənilməsi və onların həllinə həssas yanaşma dövlət-vətəndaş münasibətlərinin əsas prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursa və sosial yönümlü dövlət idarəçiliyi modelinə uyğun olaraq, vətəndaşların qayğı və problemlərinin yerində öyrənilməsi, onlarla birbaşa təmasın saxlanılması, operativ həll mexanizmlərinin tətbiqi həm dövlət idarəçiliyində təmsil olunan şəxslər, həm Milli Məclisin deputatları, həm də Yeni Azərbaycan Partiyasının təmsilçiləri üçün mühüm fəaliyyət istiqaməti və məsuliyyət missiyası hesab olunur.

Qeyd olunub ki, hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, insanların rifahına xidmət edən təşəbbüslərin dəstəklənməsi və sosial problemlərin həllinə töhfə verilməsi ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu yanaşma Azərbaycan dövlətinin insan amilini prioritet hesab edən siyasətinin və sosial həmrəyliyə əsaslanan inkişaf modelinin praktik ifadəsidir.

Rəşad Mahmudov vətəndaş müraciətlərinin daim diqqət mərkəzində saxlanılacağını, qaldırılan məsələlərin aidiyyəti qurumlarla koordinasiyalı şəkildə izlənəcəyini və insanların rifahına xidmət edən fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirib.