Sözün “Əkinçi”ləri haqqında bir neçə söz...

Azərbaycan xalqı müsəlman Şərqində həm də erkən milli mətbuatını yaratması və inkişaf etdirməsi ilə öncül yer tutur. XIX əsrin sonuncu rübündə maarifpərvər ziyalı, ictimai xadim Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsasını qoyduğu anadilli mətbuatımız xalqımızın milli təfəkkürünün formalaşmasında, xalq olaraq sonrakı dövrlərdə öz dövlətini qurub dünyanın siyasi arenasında qərar tutmasında önəmli rol oynamışdır.

 “Əkinçi”dən sonra yaranan mətbu orqanlar xalqın maariflənməsi istiqamətində fəaliyyəti ilə yanaşı, milli məfkurənin yüksəlməsini də ön planda saxlamışlar. Məhz bu səbəbdəndir ki, Şərqdə ilk demokratik respublika, Azərbaycan adına ilk dövlətin yaranmasında milli mətbuat

ideya-məfkurəvi tribunaya çevrilmişdir. 

O dövrün ziyalıları ixtisasından və ictimai mövqeyindən asılı olmayaraq mətbuatda çıxış etməklə işıqlı ideyaların xalqa çatdırılmasına çalışırdı. Sonrakı dövrlərdə sovet üsul-idarəsi altında mətbuat tam senzura şəraitində və məhdud çərçivələrə salınaraq işıq üzü görsə belə, yenə də Azərbaycan ziyalıları ümumxalq maraqlarını ifadə edən yazıların çapına, yayılmasına nail ola bilirdilər.

 Ötən əsrin sonlarında ermənilərin ölkəmizə qarşı ərazi iddiaları, milli hərəkata Kremlin düşmən münasibəti müqabilində mətbuatımız informasiya blokadasını yararaq xalqımızın haqq səsini bütün dünyaya çatdırdı. Təəssüf ki, müstəqilliyin ilk illərində yaranmış siyasi hərc-mərclik, anarxiya və xaos mətbuatımıza da sirayət edərək azad sözün cəmiyyətdə oturuşmasına xeyli əngəl oldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xüsusi diqqətdə saxladığı məsələlərdən biri də məhz mətbuatın inkişafı və fikir plüralizmi oldu. Dahi rəhbərin qısa müddətdə bu sahədə apardığı islahatlar - senzuranın ləğvi, mətbuata dövlət qayğısı, KİV haqqında Qanunun qəbulu, ölkəmizin bu sahə ilə bağlı beynəlxalq konvensiyalara qoşulması medianın inkişafına böyük töhfələr verdi.

 Ulu öndərin mətbuata göstərdiyi diqqətin nəticəsi idi ki, bu sahə sözün həqiqi mənasında dördüncü hakimiyyət statusunu qazandı. Bu ənənəyə sadiq qalan Prezident İlham Əliyevin də mediaya olan həssas münasibəti, diqqəti nəticəsində cəmiyyətdə demokratik KİV-in dayaqları möhkəmləndi. Bu xidmətlərinə görə ulu öndər kimi dövlət başçısı İlham Əliyev də media işçilərinin dostu elan olundu.

  Prezidentin müvafiq sərəncamı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə kütləvi informasiya vasitələrinin dəstəklənməsi baxımından son dərəcə uğurlu platformaya çevrildi. Dövlətimizin medianın inkişafına prioritet sahə kimi diqqət yetirməsinin məntiqi nəticəsi olaraq bu gün peşəkar mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyub. Milli mediamız intibah dövrünü yaşayır, operativlik, obyektivlik və milli maraqların qorunması baxımından uğurlarını artırır. İstər çap, istərsə də elektron mediamız ədalət meyarını pozmadan auditoriyanın ruhuna uyğun xəbər istehsalçısı kimi tarixi missiyasına sadiq qalır.

  44 günlük şərəfli Vətən müharibəsində dünya ictimaiyyəti cəbhədə Azərbaycan ordusunun, informasiya savaşında isə Ali Baş Komandan başda olmaqla jurnalistlərimizin döyüşkənliyinin şahidi oldu. Qələmini süngüyə çevirib düşmən dövlətinin təcavüzünü, işğalçı mahiyyətini, insanlığa sığmayan barbar hərəkətlərini dünyaya çıxaran jurnalistlərimiz hər cür tərifə layiqdir. Ümumiyyətlə, Vətənə sevgi, dövlət maraqlarının qorunması kimi müqəddəs dəyərlər mediamızın üstün keyfiyyətidir. Təkcə Vətən müharibəsində deyil, bütövlükdə, milli maraqlarımızın müzakirə olunduğu bütün masalarda Azərbaycan jurnalistikası dövlət siyasətinin təbliği istiqamətində əvəzsiz xidmətlər göstərir.

Həsən bəy Zərdabi ilə başlanan, ustad Mirzə Cəlillə davam edən, Üzeyir Hacıbəyli ilə dövlət siyasətinə qovuşan milli mətbuatımız hər zaman sözlə tarixi tərəqqimizə xidmət edib. Söz adamlarımız, mənəviyyat “Əkinçi”ləri ideya toxumları səpib-göyərdərək yeni bir nəsil yetişdirə, milli jurnalistika məktəbini yarada biliblər. İndi bu nəslin səsini dünyanın hər yerindən eşidirik. Bu səs həm də Azərbaycan həqiqətlərinin carçısıdır.

Söz adamları və dəyərli dostlar, Peşə Bayramınız mübarək!

 

Rəşad Mahmudov,

Milli Məclisin deputatı,

Tibb elmləri doktoru