Sülh razılaşmasının əsas komponenti....

Prezident İlham Əliyevin cari ilin 06 aprel tarixində Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
Avropa İttifaqı (Aİ) ilə əlaqələr müstəqilliyimizin ilk illərinə təsadüf edir. Azərbaycan ilk illərdə sağlam, qarşılıqlı və faydalı əlaqələrə söykənən fəaliyyəti ilə Aİ ilə əməkdaşlıq niyyətini bəyan edib və bu istiqamətdə ciddi uğurlara imza atıb. Bunun məntiqi nəticəsi olaraq hazırda Azərbaycanla Aİ arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Xüsusilə, Azərbaycan Avropa üçün energetika sahəsində tərəfdaş ölkə olmaqla yanaşı, əməkdaşlığın digər sahələrinə də mühüm töhfələr verir. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir.
Brüssel görüşündə əldə edilən nəticələr Azərbaycanın strateji diplomatiyasının növbəti uğuru, eyni zamanda, postmüharibə reallıqlarının dünyaya qəbul etdirilməsinin parlaq təsdiqidir. 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Brüsseldə keçirilən görüşdən sonra Şarl Mişelin mətbuat üçün bəyanatında əksini tapan məsələlər də postmüharibə mərhələsi üçün Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə söykənir. Bu baza prinsipləri beynəlxalq hüquqa və Azərbaycanın maraqlarına tamamilə uyğundur. Qeyd etmək lazımdır ki, hələ 2021-ci ilin dekabr ayının 14 də keçirilən üçtərəfli görüşdə əslində məhz bu prinsiplər əsasında mümkün gündəm müəyyənləşdirilmişdi.
Başqa mühüm bir məsələ isə bəyanatda və danışıqlarda ATƏT və onun Minsk qrupunun ümümiyyətlə, xatırlanmaması, onun əvəzinə hər iki tərəfin etimad etdiyi Avropa İttifaqının danışıqları himayə etməsi gerçəkliyidir ki, bu da özlüyündə tamamilə yeni və səmərəli bir format yaradır. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib.
Üçtərəfli görüşdə Şarl Mişelin məsələlərə ədalətli yanaşması və regionda davamlı sülhün və əməkdaşlığın yaranmasına töhfə verməyinə hazır olduğunu ifadə etməsi Avropa İttifaqının yaratdığımız yeni reallığı qəbul etdiyinin bariz nümunəsidir. Ölkə rəhbərinin Brüssel səfəri yeni reallığa uyğun gündəlikdə duran bir çox məsələlərin həllinə yeni impuls verilməsi baxımından çox məhsuldar və əhəmiyyətli olmuşdur. Məsələlər üçtərəfli görüşlərdə yüksək səviyyədə razılaşdırılır. Amma nəticəsi isə Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə konstruktiv yanaşmasından asılı olacaqdır.

Rəşad Sadıqov
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru