Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir
zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa
köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları
ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ
keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları
sıxışdırmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək
erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə
qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı
quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda,
Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə,
Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı
əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr
verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet
dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba
torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz
düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı
öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə
çevrilmişdir. Onu da qeyd etməlyik ki, ermənilərin tarixi ərazilərimizdə həyata
keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən
siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərman ilə
31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən
dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin
dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz
tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin
20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali
amansızcasına qətlə yetirilmişdir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş
Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə
qarşı cinayətdir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis
olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyəti ərzində məsələnin həllinə yox,
dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz
qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş
və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan
daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar
vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də
işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə
çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan
silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal
çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra
olunmamışdır.
Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə
təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş
açmış, onların rahat yaşamasına imkan verməmişdir.
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın
27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası
Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı
torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Xalqımızın and yerinə çevrilən doğma
torpaqlarımızın 30 il ərzində düşmən əsarətində qalması illərdi ki, qəlbimizdə
dərin izlər yaratmışdı. Ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurları, əldə
etdiyi inkişaf səviyyəsi ilə dünya miqyasında layiqli yerini tutub irəliləməsinə
sevinsək də, böyükdən-kiçiyə hər birimizin ürəyində böyük bir nisgil, həsrət
yanğısı var idi. Lakin dövlət başçımızın hər dəfə mötəbər tədbirlərdə, eləcə də
şəhid ailələri və qazilərlə görüşləri zamanı etdiyi çıxışlarında qətiyyətlə qəhrəman
oğullarımızın qanının yerdə qalmayacağını, torpaqlarımızın işğaldan azad ediləcəyini
vurğulaması inam hissimizi də gücləndirirdi. Bütün bunların məntiqi nəticəsi
olaraq öz liderinin ətrafında sıx birləşən xalqımız bu həsrətə ötən ilin
sentyabrın 27-də son qoydu. Bu əlamətdar gün xalqımızın çoxdan gözlədiyi Zəfər
yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dövlət
başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən
müharibəsi Ordumuzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqımızın sarsılmaz
birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş
etdirdi.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən
mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki
insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik
nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. İşğal altında olan
torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin
qanı və canı bahasına azad olunmuşdur. Əminliklə deyə
bilərik ki, Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm
bünövrədir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə xalqımızın əzmini,
birliyini daha da artırdı. Artıq bayrağımızın şövqlə dalğalandığı ölkəmizin
nadir incisi, mədəniyyət beşiyi olan Şuşada bu gün silsilə tədbirlər keçirilir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir,
bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən
müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən
torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda
etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli
Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi
qeyd edilməsi qərara alınmışdır.
Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları
müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin
ehtiramla anır. Allah şəhidlərimizə rəhmət eləsin! Yaşasın Azərbaycan Xalqı!
Akif Teyli, Əməkdar müəllim