Zərurətdən doğan “Şuşa Bəyannaməsi” müttəfiqliyin yeni çalarlarını özündə əks etdirir

Şuşa bəyannaməsi öz dolğunluğu, müttəfiqlik yönündə atılan önəmli sənəd kimi tarixə qızıl həriflərlə yazılmış, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən sənəddir. Sənədin məhz Şuşada imzalanması, eyni zamanda ayrı-ayrı maddələr üzrə əldə olunan razılaşma onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əlieyvin qoyduğu, Azərbaycan-Tükiyə bir millət iki dövlət yanaşması artıq dünyaya örnəkdir.

İmzalanan rəsmi sənəddə bir sıra sahələr üzrə müttəfiqliklə bağlı öhdəliklər yer almaqdadır. Bəyannamənin ən mühüm aspektlərindən biri olan hərbi müttəfiqlik yönündə razılaşma onu deməyə əsas verir ki, tərəflərin hər hansı birinin ərazi bötüvlüyü, təhlükəsizliyinə qarşı təhlükə olduğu halda sözügedən iki dövlət birgə addımlar atacaq. Tarixi Qars müqaviləsinə istinadən hazırlanan sənəddə inkişaf, müttəfiqlik fonunda yaranacaq təhlükə zamanı birgə hərəkər və bir sıra aspektlər öz əksini tapıb. İlk öncə tarixi Qars müqaviləsi barəsində bir neçə kəlmə qeyd etmək yerinə düşər. Tarixi müqavilə 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanıb. Bu sənəd Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunvericilik orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-də qüvvəyə minib. 20 maddə və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddəyə əsasən tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəliblər. Naxçıvan olan bölmədə göstərilir ki, Naxçıvan vilayətinə Azərbaycanın himayəsi altında muxtar status verilir və bu şərtlə ki, Azərbaycan onu üçüncü dövlətə güzəştə getməyəcək.

Şuşa bəyannaməsinə görə, Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT nizamnaməsinə uyğun zəruri yardım göstərəcəkdir. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.

Bütün bunların fonunda Şuşa bəyannaməsi hərbi və eyni zamanda iqtisadi və digər əlaqələrin inkişafını təmin edir. Bəyannamə həm iki ölkə arasında, həm də regionda, eləcə də beynəlxalq aləmdə iqtisadi-ticari əlaqələrin sürətlə inkişafına təkan verəcək. Belə ki, bəyannamədə xüsusi məsələ kimi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq. Bu dəhlizin açılması isə siyasi önəm daşımaqla yanaşı, daha çox iqtisadi əhəmiyyətə malik olacaq.

Bəyannamədə diqqət yetiriləsi məqamlardan biri və birincisi ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən və bu sahədə strateji məqsədlərin olmasından ibarət olmasıdır. Bütün bunlar isə qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaraymaqla yanaşı inteqrasiyanı dərinləşdirəcək.

Mətanət Səfərli
YAP Nəsimi Rayon təşkilatının Əməkdaşı