COP üçün yenilik olan təşəbbüs

Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində Prezident İlham Əliyev bildirib ki, COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaq və qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar.

“Euronews” telekanalına verdiyi müsahibəsində Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var. Ölkəmiz Hərəkata dörd il sədrlik edib və 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olub. Eyni zamanda, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir.

Prezident İlham Əliyev “Euronews” telekanalına verdiyi müsahibəsində bildirib ki, COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülmüşdür. Bu təşəbbüs üçlük, üç ölkə mexanizminin yaradılmasıdır. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir.

Hazırda COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işlər aparılır. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Müsahibəsində ölkə başçısı vurğulayıb ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir. Prezident İlham Əliyev  həmçinin onu da qeyd edib ki, ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri