8 noyabr Azərbaycanın tarixində milli qürurun, sarsılmaz birliyin və dövlətçilik iradəmizin yeni erasının başlanğıcı, suverenliyimizin qarantı olan Heydər Əliyev siyasi kursu və cənab İlham Əliyev siyasətinin təntənəsidir. Azad, suveren və sülhü öz gücü ilə təmin etmiş bir dövlətin təmsilçiləri olaraq qəhrəmanlarımızı ehtiramla anır, zəfər bayramımızı təbrik edirəm.
Müasir beynəlxalq münasibətlər sistemində əsas meyar sülh haqqında bəlağətli nitqlər yox, real sülhü bərqərar etmək qətiyyətidir. Prezident İlham Əliyev məhz bu faydasız zənciri qıraraq, regional sülhü birbaşa döyüş və diplomatiya meydanında mütləq zəfərlə təmin etdi. Bu, bizim qələbəmizdir, bizim silahımız, bizim əsgərimiz və bizim liderimizin qələbəsidir! Üstəlik, cənab İlham Əliyev xalqa yalnız bir dövlət üzərində yox qlobal təcavüzkar sistem üzərində elə bir qələbə bəxş etdi, ki, son 2 əsrdə bir dövlətin təkbaşına və local xarakter daşımayan mütləq qələbə tandeminə demək olar ki, rast gəlinmir. Həm də illərlə uzanan sonu görünməyən savaşlarla yox, cəmi 44 gün davam edən hər günü ayrıca qəhrəmanlıq səlnaməsi olan ədalətli bir müharibə ilə. Cənab İlham Əliyev sülhü öz gücümüzlə reallığa çevirərək ürəyi vətənlə döyünən hər bir azərbaycanlını bu zəfərə şərik etdi.
Xalqımızın qəhrəmanlığı heç vaxt şübhə doğurmayıb, amma tarixin heç bir dövründə 44 günlük Vətən müharibəsidəki miqyasda hərbi siyasi zəfər qazanmaq xalqımıza bəlkə də heç bir xalqa müəssər olmayıb
Beynəlxlaq hüquqa inamın qalmadığı hazırkı mürəkkəb geosiyasi şəraitdə zəfərin nəticələrini qoruya bilmək isə ən azı qələbənin özü qədər çətin məsələdir. Ölkəmizin güclənən qüdrəti, 30 il ərzində xarabazara dönmüş Qarabağ və Şərqi Zəngəzurun qısa müddət ərzində ən müasir yaşayış məskənlərindən birinə çevrilməsi, 100 mindən artıq vətəndaşımızın öz ata-baba yurdlarına layiqli qaydışının təmin olunması, keçmiş işğal zonasının milli iqtisadiyyata reinteqrasiya olunması bu gün zəfərimizin dayanıqlılığının simvolu kimi çıxış edir. Bu gün cənab İlham Əliyev ərazicə, Monteneqro, Livan, Qətər kimi dövlətlər də daxil, dünyanın 40-dan çox ölkəsinin sahəsindən daha böyük bir əraziyə həyat qaytrarır. Azərbaycanın məscidləri, ziyarətgahları müsəlman ümmətinin qəbirlərini tapdaqdan xilas etdiyi əraziləri sahəsinə görə dünyanın 7 müsəlman dövlətinin ərazisindən daha böyükdür və bütün İslam dünyası buna görə İlham əliyev şəxsiyyətinə minnətdar olmalıdır.
Təbii ki, bu miqyasda uğur zamanla tarixi proseslərin təbii axarının nəticəsi deyil. Bu uğurun təməlində ölkəni xaosdan xilas edib, sabitlik və inkişafın təməlini qoymuş Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq missiyası dayanır. O təməl üzərində ucalan Zəfərin müəllifi isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir.
Bizim böyük dövlətçilik tariximiz var, amma cənab İlham Əliyev bu xalq üçün elə bir zəfər qazanıb ki, bizim heç dövlətçilik tariximiz olmasaydı da belə, bu uğur xalqımızın adının dünyanın dövlətçilik tarixinə əbədi həkk edilməsinə kifayət edərdi. Bu mənadas sivilizasiya var olduqca hər bir azərbaycanlı bu zəfərin qürurunu yaşayaraq nəsildən nəsilə ötürəcək.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı