“Azərbaycanın əsas hədəflərindən biri logistik haba, aqrar və turizm bölgəsinə çevrilməkdir” - MÜSAHİBƏ

Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadənin İqtisadiyyat.az-a müsahibəsi

- Son dövrdə dünya bazarında neftin qiymətində ciddi artım müşahidə olunur. Azərbaycan neftinin qiymətinin yüksəlməsi ölkə iqtisadiyyatına hansı təsirləri göstərə bilər? Bu vəziyyət Azərbaycan üçün hansı əlavə iqtisadi və maliyyə imkanları yaradır?

- Neftin qiymətinin kəskin qalxması, təbii ki, bizim büdcə proqnozumuza əlavə gəlirlər gətirir. Bildiyiniz kimi, büdcədə neftin qiyməti 65 dollar civarında nəzərdə tutulmuşdu. Amma bu gün artıq qiymət 140 dollar olursa, bu, təbii ki, bizim üçün əlavə dəyər və əlavə gəlirlər deməkdir.

Amma bu proses sistematik olmadığına və uzunmüddətli xarakter daşımadığına görə onun fəsadları da var. Neftin qiymətinin qalxması ilə əlaqədar ayrı-ayrı sənaye məhsullarının da bahalaşmasını müşahidə edirik. Eyni zamanda, idxal etdiyimiz məhsulların qiymətində də artım olduğuna görə gələcəkdə o qədər də səmərə gözləmədiyimiz məqamlar mövcuddur.

Düşünürəm ki, bu, müvəqqəti bir tendensiyadır. Ən azından Hörmüz boğazı ətrafında münaqişənin hansısa formada bir qədər istiləşməsi şəraitində neftin qiyməti 100-110 dollar civarında olacaq. Yəni 100 dollar bu gün neft üçün real birja qiymətinə bənzər bir məbləğdir.

Azərbaycan neftinin qiymətinin daha yüksək olmasının səbəblərindən biri də infrastrukturla bağlıdır. Vaxtında düzgün infrastruktur qurulduğuna və Azərbaycan neftinin çox çətin çatılası yerlərə çatdırılması imkanlarının mövcudluğuna görə bu proses daha sürətli baş verir və neft daha baha qiymətləndirilir.

Ona görə də bu gün müşahidə edirik ki, brent markalı neft 100-110 dollar civarındadır, amma Azərbaycan nefti 140 dolların üzərindədir. Hesab edirəm ki, bu, sırf infrastruktura aid olan bir prosesdir.

İqtisadiyyatımızın şaxələndirilməsinə gəldikdə isə təbii ki, əlavə gəlirlərin daxil olmasının kifayət qədər böyük əhəmiyyəti var. Bu, gələn ilin büdcəsində də hesablanacaq, eyni zamanda Neft Fondunun ehtiyatlarında öz əksini tapacaq və daha çox iqtisadi proqramların həyata keçirilməsinə imkan verəcək.

- Neftin yüksək qiymətinin davam etməsi gələn ilin dövlət büdcəsinə təsir göstərə bilərmi? Sizcə, əlavə neft gəlirlərinin daha çox hansı istiqamətlərə yönəldilməsi məqsədəuyğun olardı?

Neftin qiymətinin qalxması bu gün büdcənin formalaşmasında kifayət qədər mühüm rol oynayır. Bildiyiniz kimi, builki büdcədə kənd təsərrüfatına, turizmə və turizm infrastrukturuna ayrılan vəsaitlərdə əhəmiyyətli artımlar var.

Prezidentin müəyyən etdiyi 2026–2030-cu illər üzrə iqtisadi hədəflərin, həmin dövr üçün turizmin inkişafı konsepsiyasının, eyni zamanda kənd təsərrüfatının 2026–2040-cı illəri əhatə edən konsepsiyasının həyata keçirilməsi üçün kifayət qədər böyük transferlərə ehtiyac var.

Bu investisiyalar, təbii ki, Neft Fondundan maliyyələşdiriləcək. Neftin qiymətinin qalxmasından əldə edilən əlavə gəlirlər də həmin istiqamətlərə yönəldiləcək.

Düşünürəm ki, artıq bunun büdcəmizdə öz əksini tapdığını görürük. Bu il büdcədə artım o qədər çox olmasa da, sosial layihələrimiz və təşviq ediləcək sahələrimiz kifayət qədər çoxdur və bu istiqamətlər üzrə vəsaitlər artırılıb.

Bu, konseptual olaraq gələcəyə yönəlmiş bir addımdır. Həmin konsepsiyaların həyata keçirilməsi baxımından neftdən əldə olunan əlavə gəlirlər mühüm faktorlardan biridir.

- Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginlik və regionda münaqişələrin genişlənməsi Azərbaycan iqtisadiyyatı üçün hansı riskləri yaradır? Bu proseslərin ölkəmizin xarici ticarətinə, logistikasına və investisiya mühitinə təsirini necə qiymətləndirirsiniz?

- Yaxın Şərqdə baş verən bütün münaqişələrin, demək olar ki, coğrafiyası Azərbaycana çox yaxındır. Bu halda həm logistika, həm iqtisadi, o cümlədən idxal-ixrac və gömrük əməliyyatları, eyni zamanda miqrasiya ilə bağlı məsələləri nəzərə alsaq, kifayət qədər riskli zonadayıq.

Həmin proseslərin ümumiyyətlə dünya iqtisadiyyatına kifayət qədər fəsadları varsa, təbii ki, bunun Azərbaycan iqtisadiyyatında da neqativ təsirləri ola bilər.

Amma bizim ən önəmli strategiyamız ondan ibarətdir ki, təhlükəsizliyi bərqərar edək və proseslərimizi həmin təhlükəsizlik üzərində quraq. Eyni zamanda enerji təhlükəsizliyini təmin edək və tərəfdaşlarımıza, tərəf-müqabillərimizə enerji təhlükəsizliyi formatında dəstək olaq ki, iqtisadiyyatımız heç bir halda tənəzzülə uğramasın.

Yaxın Şərqdə gedən münaqişələr və region dövlətlərinin üzləşdiyi iqtisadi tənəzzül, təbii ki, həm dünya iqtisadiyyatına, həm də Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərə bilər.

- Enerji qiymətlərinin yüksəlməsi Azərbaycan üçün əlavə gəlirlər yaratsa da, digər tərəfdən dünyada inflyasiyanı və daşınma xərclərini artıra bilər. Bu baxımdan neftin bahalaşmasının Azərbaycan iqtisadiyyatı üçün mənfi tərəfləri də ola bilərmi?

- Qeyd etdiyim kimi, enerji qiymətlərinin qalxması əks-təsir də göstərə bilər. Bu proses bizim idxalımızın bahalaşmasına, ümumilikdə logistika baxımından xərclərin artmasına gətirib çıxarır. Amma düşünmürəm ki, Azərbaycan iqtisadiyyatı bundan itirəcək. Əksinə, gələcək üçün nəzərdə tutulan dəhlizlərimiz həyata keçirildikdən sonra logistika imkanlarından gəlir əldə edə biləcəyik. Bu gün təbii ki, hələ həmin prosesin içindəyik. Ancaq dəhlizlərimiz açıldıqdan sonra logistika imkanlarından əldə ediləcək gəlirlərin formalaşmasında qiymətlərin artımı da müəyyən rol oynayacaq. Amma biz heç bir halda düşünməməliyik ki, neftin qiyməti qalxırsa, iqtisadiyyatın diversifikasiyasına ehtiyac azalır. Əksinə, bütün iqtisadiyyatımızı diversifikasiya etməyi bacarmalıyıq. Bu gün ən çox önəm sənayeyə, sənaye məhsullarına, kənd təsərrüfatına və turizmə verilməlidir. Çünki Azərbaycan həm sənayedə, həm turizmdə, həm də kənd təsərrüfatında öz təhlükəsizliyini qorumalıdır və qoruyur. Bu təhlükəsizliyin təmin olunması bizi stabil iqtisadiyyatın formalaşmasına və iqtisadiyyatın diversifikasiyasına aparır.

- 2026-cı ilin ilk doqquz ayında Azərbaycanda qeyri-neft-qaz sektoru iqtisadi artım nümayiş etdirib. Sizcə, qeyri-neft sektorunda artımın daha da sürətləndirilməsi üçün hazırda əsas diqqət hansı sahələrə yönəldilməlidir?

- Qeyri-neft sektorunda ən önəmli sahələrdən biri turizmdir. Digər mühüm sahə isə kənd təsərrüfatıdır. Kənd təsərrüfatında biz bağçılığa, tingçiliyə, toxumçuluğa və eyni zamanda çayçılığa çox böyük önəm verməliyik və bu sahələri ciddi şəkildə inkişaf etdirməliyik. Bunun üçün büdcəmizdə kifayət qədər vəsait nəzərdə tutulur. Düşünürəm ki, həmin vəsaitlər bu sahələrin inkişafına və formalaşdırılmasına imkan yaradacaq. Bizim ən çox çatışmayan məsələlərimizdən biri də mütəxəssislərin yetərli olmamasıdır. Mütəxəssis yetişdirmək və peşəkar kadrlar formalaşdırmaq üçün kifayət qədər genişmiqyaslı iş görülməlidir. Bu işin həyata keçirilməsi üçün təhsil xərcləri də artırılıb. Mütəxəssislərin yetişdirilməsi həm kənd təsərrüfatı, həm də turizm sektorunda əsas hədəflərimizdən biri olmalıdır.

Düşünürəm ki, bu, bir və ya iki ilə həll ediləcək məsələ deyil. Bunun üçün beşillik, onillik dövr lazımdır. Bu proses artıq başlayıb və biz bunu adi həyatda da müşahidə edirik. Amma eyni zamanda proses daha da sürətləndirilməlidir. Turizmin inkişafı üçün yeni modellərdən, yeni klasterlərdən və yeni texnologiyalardan istifadə çox önəmlidir. Eyni zamanda kənd təsərrüfatında da yeni texnologiyalardan istifadə etməliyik. Bağçılıqda və yem məhsullarının istehsalında yeni üsullardan, dünyada mövcud olan trendlərdən yararlanmalıyıq. Bunlar bizi irəli apara biləcək əsas istiqamətlərdən biridir.

- Son illər Azərbaycanda qeyri-neft ixracının artırılması əsas iqtisadi hədəflərdən biridir. Yerli məhsulların xarici bazarlarda daha rəqabətqabiliyyətli olması və ixrac coğrafiyasının genişləndirilməsi üçün hansı əlavə addımlara ehtiyac var?

- Azərbaycan məhsullarının ixrac potensialı kifayət qədər böyükdür. Amma bizim ən böyük problemlərimizdən birinin əsas səbəbi sertifikatların dünya dövlətləri tərəfindən qəbul edilməməsi idi. Son illər isə bu prosesə kifayət qədər böyük töhfələr verilib. Cənab Prezidentin Çində bağladığı bir sıra sazişlər əsasında biz artıq Çinə məhsul ixrac edə bilirik. Avropa ilə olan bir sıra sazişlərə əsasən isə mənşə sertifikatını təsdiq edən sənədləri təqdim etməklə məhsullarımızın həmin bazarlarda qəbul olunması prosesi başlayıb. Bu da qeyri-neft sektorunun inkişafının əsas səbəblərindən biridir.

Amma gələcəkdə istiqamətimiz məhz bu sahəyə yönəlməlidir. Biz öz məhsullarımızı, “Made in Azerbaijan” brendini daha da gücləndirməli və bu prosesi davam etdirməliyik. Bunun üçün sertifikatların, o cümlədən mənşə sertifikatlarının verilməsi və bu prosesin asanlaşdırılması istiqamətində işi daha da gücləndirməliyik. Düşünürəm ki, ilbəil bu hədəfə doğru getməyimiz daha məqsədəuyğundur. Bu halda Azərbaycan məhsulları xarici bazarlarda daha çox görünəcək.

- Azərbaycanda əhalini ən çox düşündürən iqtisadi məsələlərdən biri qiymət artımı məsələsidir. Sizcə, inflyasiyanın əhalinin real gəlirlərinə təsirini azaltmaq üçün hansı iqtisadi mexanizmlərdən daha fəal istifadə edilməlidir?

- İnflyasiya zamanı bunu nəzərə almaq lazımdır. Bir az əvvəl dediyim kimi, iqtisadiyyatın diversifikasiyası baş verməlidir. Bununla yanaşı, ən önəmli məsələlərdən biri insanların gəlirlərinin artmasıdır.

Bu proses, təbii ki, çox ağır prosesdir. Qiymətlər nə qədər qalxırsa, ona uyğunlaşmaq da vaxt tələb edir.

Düşünürəm ki, bunun arxasında müəyyən yanaşmaların dəyişməsi də dayanmalıdır. Cənab Prezident artıq maaşların artırılması ilə bağlı anons verib. Eyni zamanda, bildiyiniz kimi, bu ildən sosial müdafiə sahəsində aparılan islahatların da öz töhfəsi olacaq və əhalinin gəlirlərinin buna uyğun tənzimlənməsi istiqamətində addımlar atılacaq. Təbii ki, gələcəkdə aparılan siyasətin də bu istiqamətdə davam etdirilməsi çox vacib və əsaslıdır.

- Kiçik və orta sahibkarlığın iqtisadiyyatda payının artırılması istiqamətində görülən tədbirləri necə qiymətləndirirsiniz? Sizcə, sahibkarların qarşılaşdığı hansı problemlərin həlli iqtisadi fəallığa daha ciddi təkan verə bilər?

- Kiçik və orta sahibkarlıq bizim milli strategiyamız olmalıdır. Bu sahənin inkişafı bu gün ən öndə gedən proseslərdən biri kimi aparılmalıdır. Düşünürəm ki, kiçik və orta sahibkarlıq həm də milli təhlükəsizliyimizin mühüm elementlərindən biri olmalıdır. Bunun üçün kifayət qədər əsas var. Kiçik və orta sahibkarlıq Azərbaycanda iş yerlərinin artırılmasında və məşğulluğun formalaşmasında böyük rol oynayır. Eyni zamanda, ÜDM-də olan payında da, klasterlər formatında və sahibkarların özlərinin iştirakı baxımından da kifayət qədər rolu var. Amma bu göstəricilər hələ çox azdır. Düşünürəm ki, onları artırmaq üçün həm imkan, həm də potensial var. Kiçik və orta sahibkarlığın payını bir neçə dəfə — üç, dörd, beş, bəlkə də on dəfə artırmaq mümkündür. Bunun üçün yeni sahələri inkişaf etdirmək və yeni texnologiyalardan istifadə etmək lazımdır. Bu modelin qurulması üçün Azərbaycanda, bir az əvvəl qeyd etdiyimiz kimi, təhsilə, yeni formatlara və yeni texnologiyalara çox böyük ehtiyac var. Bütün bu ehtiyacların arxasında həmin seqmentin, yəni kiçik və orta sahibkarlığın inkişafı dayanır.

- Regionların iqtisadi inkişafı və Bakı ilə bölgələr arasındakı iqtisadi fərqin azaldılması üçün hansı addımlara ehtiyac var? Xüsusilə regionlarda yeni iş yerlərinin yaradılması və özəl investisiyaların artırılması üçün hansı təşviq mexanizmlərinin tətbiqini məqsədəuyğun hesab edirsiniz?

- Mən düşünürəm ki, regionlarda da bizim iqtisadi zonalar kimi zonalarımız açılmalıdır. İnvestisiyaları yeddiillik, onillik vergi güzəştləri, ƏDV-dən və eyni zamanda mənfəət vergisindən azadolma kimi mexanizmlərlə təşviq etmək olar. Regionların inkişafı, yenə də birinci növbədə, kadr potensialının formalaşması ilə əlaqəlidir. Kadrların regionlara daha çox axınının təmin olunması üçün regionlarda ali təhsil ocaqlarının sayı artırıla bilər. Düşünürəm ki, ən yaxşı format Bakıdan regionlara ali təhsil ocaqlarının köçürülməsidir. Ən azından onların bir qisminin regionlara köçürülməsi mümkündür. Bu proses başlasa, yaxın zaman ərzində regionların inkişafına kifayət qədər ciddi təsir göstərə bilər. Eyni zamanda, Bakının da yükünün azalması mümkün olar. Bakının yükünün azalmasının çox böyük əhəmiyyəti var. Çünki bu gün paytaxtda süni sıxlıq yaranıb. Bu süni sıxlıq da təhsil ocaqlarının əksəriyyətinin, bəlkə də tam əksəriyyətinin Bakıda formalaşması ilə əlaqəlidir. Dünya praktikasından istifadə edərək ali təhsil ocaqlarının bir qismini regionlara köçürməklə böyük nəticələr əldə edə bilərik. Ali təhsil ocaqlarının regionlarda fəaliyyət göstərməsi həmin ərazilərdə yeni infrastrukturun formalaşmasına, yeni kadr siyasətinin həyata keçirilməsinə və yeni texnologiyaların regionlara gəlməsinə kifayət qədər böyük töhfə verən faktora çevrilə bilər.

- Qarşıdakı bir neçə il üçün Azərbaycan iqtisadiyyatının əsas çağırışını və eyni zamanda ən böyük iqtisadi imkanını nədə görürsünüz? Sizcə, ölkə iqtisadiyyatında hansı sahə növbəti inkişaf mərhələsinin əsas hərəkətverici qüvvəsinə çevrilə bilər?

- Azərbaycanın əsas hədəflərindən biri logistik haba çevrilməkdir. Eyni zamanda, kənd təsərrüfatı seqmentini böyütmək və turizm infrastrukturunu inkişaf etdirərək ölkəni turizm bölgəsinə çevirmək əsas hədəflər sırasındadır. Azərbaycan bu üç hədəfin hər birinə ilbəil mümkün qədər yaxınlaşmağa çalışır və bu istiqamətdə irəliləyir. Büdcəmizin əsas istiqamətləri sosialyönümlü olmasına baxmayaraq, bu sahələrin inkişafına da vəsait yönəldilir. Düşünürəm ki, bu üç sahənin hər biri prioritetdir. Yaxın zamanda onları düşündüyümüz istiqamətdə inkişaf etdirə bilsək, kifayət qədər böyük inkişaf mexanizmi və inkişaf modeli yaranacaq. Bu sahələr Azərbaycana həm investisiya gətirə, həm də investisiyalarla paralel olaraq yeni texnologiyaların ölkəyə gəlməsini təmin edə bilər. Eyni zamanda, yeni iş yerlərinin yaradılması üçün geniş imkanlar formalaşa bilər.