Zahid Oruc:” Qurucu babaların azadlıq arzularını Ali Baş Komandan Zəfər himninə çevirdi”

Otuz ildən artıqdır ki, Dövlət Himnimizi hər bir azərbaycanlı qürur və ehtiramla oxuyur. Lakin böyük Üzeyir Hacıbəyli və Əhməd Cavadın bizə miras qoyduğu müqəddəs sətirlər heç vaxt 44 gündə olduğu qədər gerçək məna qazanmamışdı. Müstəqilliyini yenidən əldə edən xalqımız Himnin birinci cümləsində qəhrəman övladlarından danışırdı, lakin torpaqlarının beşdə biri işğal altında idi.

Millətimizin hərbi andı kimi səslənən "Səndən ötrü can verməyə cümlə hazırız" nidasını mərd oğullarımız nəhayət, 27 sentyabrda gerçəkliyə çevirdi. Üç əsrə yaxın itirilmiş torpaqların, süquta uğramış dövlətlərimizin, yarımçıq qalmış azadlıq mübarizələrinin də ruhu həmin gün döyüşə qalxdı. Səfəvilərdən Əfşarlara, xanlıqlardan Cümhuriyyətə, imperiya quruluşlarından müstəqilliyə qədər keçdiyimiz yol xalqımıza bir həqiqəti öyrətmişdi. Əhməd Cavadın və yüzlərlə azərbaycanlı ədibin arzularını həyata keçirmək üçün güclü ordu, vahid xalq, monolit dövlətin simvolu olan yenilməz sərkərdə gərəkdir.

Himnimizdə məsud yaşamağa çağırılan, yüksəklərdə görmək istədiyimiz üçrəngli bayrağımız nəhayət, 8 Noyabr Zəfər Günündə Şuşa zirvəsinə yüksəldi, milyonlarla azərbaycanlının qəlbində, əcdadlarımızın ruhunda və Ulu öndər Heydər Əliyevin vəsiyyətində olduğu ən uca yeri tutdu.

Bir millətin qəhrəman oğulları "Minlərlə can qurban oldu" deyərək, müxtəlif bölgələrdən, fərqli ailələrdən, millətlərdən və dinlərdən birləşərək bir Vətən, bir bayraq və bir amal uğrunda şəhidliyə yüksəldilər.

Himnimizin gülüstana çevirməyə çağırdığı Qarabağda yeni Vətən qurulur!

Bir zamanlar Ulu öndərin Səməd Vurğunun "Azərbaycan" şeirindən kövrələrək söylədiyi "El bilir ki, sən mənimsən" misrası ilə Prezidentin 2020-ci ildə Şuşaya ünvanladığı "Əziz Şuşa, sən azadsan!" müjdəsi  bir məqsəddə birləşdi-torpaqların bütövlüyündə!

Artıq Himnimizin "Şanlı Vətən! nidasının canlı təcəssümü doğma yurduna qayıdan ailələrdir, qəhrəman oğullarını Vətənə verən analardır, Qələbə xəbərinə sevinən milyonlarla azərbaycanlıdır. 

1805-ci ildə Kürəkçay müqaviləsini imzalayan, bir il sonra ailəsi ilə birlikdə qətlə yetirilən Qarabağ xanı İbrahimxəlil xanın, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, Birinci Qarabağ müharibəsində canını fəda edən minlərlə şəhidimizin və Ulu öndərin ruhları şaddır bu gün.

İndi tarixi Qələbəmizi gələcək nəsillərə əbədi çatdırmaq ən böyük vəzifəmizdir. Bir daha işğalın, məğlubiyyətin və məcburi köçkünlüyün acı taleyini yaşamamaq üçün dövlətimizi, ordumuzu, milli birliyimizi qorumalıyıq.

Dövlət Himnimizi bir əsrdən artıqdır ki, yaşadan yüz minlərlə insan, o sözləri yazan Əhməd Cavad, musiqisini yaradan Üzeyir Hacıbəyli 44 günlük Vətən müharibəsini görmədilər. Lakin qurucu babaların azadlıq arzularını Ali Baş Komandan Zəfər himninə çevirdi.

Yaşasın qalib Azərbaycan! 

Şəhidlərimizin əziz xatirəsinə ehtiram olsun! 

Qalib əsgər və zabitlərimiz uca olsun !

8 Noyabr Zəfər Günümüz mübarək!