Şanlı Qələbəmizin 6 ili 

Şanlı Qələbəmizin 6 ili tamam olur.  Bu çox şərəfli və tarixi hadisədir. Azərbaycan ədalətli mübarizə apardı. 1993-cü ildən Ümummilli Lider Heydər Əliyev tərəfindən  başlanan iqtisadi, siyasi, hərbi sahədə mühüm islahatlar, Prezident İlham Əliyev tərəfindən daha da gücləndirildi.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bu müqəddəs missiyanı həyata keçirilməsində özünəməxsus rol oynamışdır. Beləliklə, Azərbaycan bir dövlət olaraq, bütün gücləri səfərbər edərək  öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Uzunmüddətli işğala son qoydu,   ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycanın qələbəsi təkcə Qafqaz və Avrasiya üçün deyil, həm də qlobal miqyasda ən əlamətdar hadisələrdən biridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin fikirləri ilə davam etsək: “Biz dünya miqyasında çox böyük layları tərpətdik. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”. Regionda yeni reallıq yaradan Azərbaycan, həm iqtisadi, həm strateji, həm də geosiyasi baxımından ciddi  qəbul olunan bir dövlətdir. Bu tarixi qələbədən sonra ölkə qarşısında milli təhlükəsizliyin, ordunun daha da gücləndirilməsi və yeni dövrün tələblərinə uyğun strateji hədəflər durur.

44 günlük Vətən Müharibəsi, 1 gündən də az davam edən anti-terror əməliyyatı həm də xalqımızın sarsılmaz  birliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycanda yaşayan bütün  az  saylı xalqlar çiyinə-çiyinə mübarizə aparır, Qələbəyə öz töhfəsini verirdi. Bu, bizim birliyimizin ən bariz nümunəsi  idi. Bu müharibə həm də milli kimliyin və eyni zamanda, Azərbaycançılıq ideologiyasının yenidən doğuluşu idi. Ölkəmizdə yaşayan bütün xalqların, mili azlıqların, dini və etnik qrupların nümayəndəsi hamı bir nəfər kimi müqəddəs mübarizəyə qalxdı. Və 30 ilə yaxın işğal altında qalan torpaqların azad edilməsi  ilə  qürurunu, özünə inamını və tarixi yaddaşını bərpa etdi. Hər bir şəhidin qanı, hər bir qazinin fədakarlığı bu qələbənin sütunu oldu. Şəhidlərimizin xatirəsi xalqımız üçün əziz və müqəddəsdir. Onların adları məktəblərdə, küçələrdə, abidələrdə əbədiləşdirilir. Dövlət şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Qəhrəmanlara ehtiram – vətənə sədaqət” prinsipi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Keçən bu müddət ərzində belə bir fikir formalaşırdı ki, xüsusilə ermənilər tərəfindən müxtəlif yerlərdə belə yanaşma var idi ki, artıq uzun müddət keçib, yeni nəsil formalaşıb. Lakin Qarabağı görməyən bütöv bir nəsil yaransa da, genetik olaraq, onlar Qarabağlıdır, Azərbaycanlıdırlar!  Hər qarış torpaq bizim üçün müqəddəsdir. Demək bu illər ərzində onlar vətəpərvərlik ruhunda, milli ruhda böyüyüblər, yetişiblər. Ölkədən kənarda yaşayan, təhsil alan, işləyən gənclərimiz də  bu Qələbəyə öz töhfələrini verirdilər.

Bu günlərdə Mədəniyyətlərarası Dialoq Forumunda  Prezident İlham Əliyev qeyd etdi ki, “Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır”. Hazırda geosiyasi, hərbi münaqişələr və müharibələr fonunda ölkə başçımızın bu fikirləri olduqca aktualdır. Və bütün dünyaya bir çağırışdır! Azərbaycan  ədaləti öz gücünə bərpa etdi, beynəlxalq hüququ öz gücünə təmin etdi. Ləyaqətlə, heç bir norma və prinsipləri pozmadan. Dünyanın  tanınmış hərbiçiləri, politoloqları, ictimai-siyasi xadimləri Azərbaycanın  təcrübəsini öyrənir, məqalələr, kitablar, hesabatlar hazırlayırlar.  

Bir məsələni də qeyd edim ki, son zamanlar bəzi qüvvələr Azərbaycan dövlətinə, dövlətçiliyinə, onun rəhbərinə və ailəsinə qarşı böhtan kampaniyaları aparır. Sosial şəbəkələr üzərindən  saxta xəbərlər yayırlar.  Bilirik ki, ölkəmizə, onun rəhbərliyinə qarşı  yalan və şər təbliğatı aparan qüvvələr, onların havadarları öz məqsədlərinə çata bilməyəcəklər. Çünki, onların qarşısında bir qarış torpağını düşmən tapdağında qoymayan Müdrik rəhbər, güclü ordu, dəmir yumruq kimi xalq dayanıb!  Mən də təbriklərə qoşularaq, 8 Noyabr- Zəfər Bayramı münasibəti ilə  xalqımızı təbrik edirəm! Şəhdlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə sağalamlıq arzulayıram! Bugünkü Azərbaycanın gücü, birliyi, azadlığı və əzmkarlığı heç vaxt məğlub olmayacaq! Ölkəmiz daim inkişaf edəcəkdir! Bayrağımız, əbədi olaraq bütün kənd və şəhərlərimizdə dalğalanacaqdır!

Hicran Hüseynova

Milli Məclisin deputatı