42 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olaraq Sumqayıt şəhərində seçicilərimlə növbəti vətəndaş qəbulunu keçirdim.
Qəbul zamanı sakinlərin müraciətlərini dinlədik, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi apardıq. Müraciətlər əsasən məşğulluq, əmək və pensiya təminatı, sosial müdafiə, ailə-məişət problemləri, eləcə də digər hüquqi və sosial məsələlərlə bağlı idi.
Qəbulda Birinci Qarabağ müharibəsində şəhid olmuş Sirac Xasıyevin həyat yoldaşı Xalidə Xasıyevanın da müraciətini dinlədim. Şəhid ailələrinin qayğıları ilə maraqlanmaq, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşmaq mənim üçün hər zaman mənəvi məsuliyyət məsələsidir. Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinə ehtiram göstərmək, onların ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər birimizin borcudur.
Görüş zamanı səsləndirilən müraciətlərin hər biri qeydə alındı. Qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması, aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılması və həlli istiqamətində zəruri tədbirlərin görülməsi diqqətimizdə olacaq.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına və onların ailə üzvlərinə göstərilən dövlət qayğısı ölkəmizin sosial siyasətinin mühüm istiqamətlərindəndir. Bu qayğının davamlılığının təmin olunması və vətəndaşların problemlərinin həllinə həssas yanaşılması xüsusi əhəmiyyət daşıyır.
Seçicilərimlə görüşləri davam etdirəcək, onların müraciət və təkliflərini daim diqqətdə saxlayacağam.
Vətəndaş qəbulundan sonra YAP Sumqayt şəhər təşkilatının sədri Ramiz Hüseynov və deputat həmkarlarımla birlikdə Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında müalicə alan Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanı da ziyarət etdik. Səhhəti və müalicəsinin gedişi ilə maraqlandıq, onunla səmimi söhbət etdik. Polad Həşimov kimi Vətəninə və xalqına sədaqətli qəhrəman yetişdirən Səmayə ana bizim üçün çox əzizdir. Belə analara diqqət və qayğı göstərmək mənəvi borcumuzdur.
Allah Səmayə anaya şəfa versin, tezliklə sağlamlığına qovuşsun. Ona möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Hicran Hüseynova
Milli Məclisin deputatı