Azərbaycan xalqının tarixində elə şəhərlər var ki, onların əhəmiyyəti coğrafi sərhədlərlə ölçülmür. Şuşa da məhz belə şəhərlərimizdəndir. Qarabağın füsunkar təbiət qoynunda yerləşən bu qədim şəhər əsrlər boyu Azərbaycanın ictimai-siyasi, mədəni və mənəvi həyatında mühüm yer tutmuş, milli kimliyimizin ayrılmaz parçasına çevrilmişdir.
1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa qısa müddətdə Qarabağ xanlığının mühüm siyasi və mədəni mərkəzinə çevrildi. Şəhər Azərbaycan musiqi və ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətlərlə tariximizdə silinməz iz qoydu. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Natəvan və daha neçə-neçə sənətkarın adı Şuşanın zəngin mədəni irsinin göstəricisidir. Təsadüfi deyil ki, Şuşa Azərbaycan musiqisinin beşiyi, Qarabağın mədəniyyət paytaxtı kimi tanınır.
Lakin Şuşanın tarixi uzun illər ağır sınaqlarla üzləşdi. 1992-ci il mayın 8-də şəhərin işğal edilməsi xalqımızın yaddaşında dərin ağrıya çevrildi. İşğal dövründə Şuşanın tarixi-mədəni irsinə ciddi ziyan vuruldu, milli sərvətlərimiz dağıdıldı və talan edildi. Buna baxmayaraq, Azərbaycan xalqı Şuşaya qayıdacağına, bu müqəddəs şəhərin yenidən azadlığına qovuşacağına inamını heç vaxt itirmədi.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun Şuşanı azad etməsi bu inamı tarixi gerçəkliyə çevirdi. Müzəffər Ordumuzun qəhrəmanlığı, əsgər və zabitlərimizin misilsiz şücaəti nəticəsində Şuşa azadlığına qovuşdu. Bu qələbə Vətən müharibəsinin taleyində həlledici rol oynadı və xalqımızın milli birliyinin, iradəsinin və dövlətimizin gücünün təntənəsinə çevrildi.
Prezident İlham Əliyevin 2022-ci il iyunun 7-də imzaladığı sərəncamla 8 Noyabr Şuşa Şəhəri Günü elan edildi. Bu qərar Şuşanın azadlığının və onun Azərbaycanın həyatında xüsusi yerinin dövlət səviyyəsində əbədiləşdirilməsinin parlaq nümunəsidir.
Bu gün Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Tarixi abidələr bərpa olunur, infrastruktur yenilənir, mədəni tədbirlər və beynəlxalq festivallar təşkil edilir. Şəhər öz əvvəlki şöhrətinə qovuşmaqla yanaşı, Azərbaycanın mədəniyyət və turizm mərkəzi kimi də inkişaf edir. Şuşaya Böyük Qayıdış isə bu tarixi torpaqda həyatın yenidən canlanmasının rəmzinə çevrilib.
8 Noyabr Şuşa Şəhəri Günü yalnız bir şəhərin azad edilməsinin ildönümü deyil. Bu gün milli yaddaşımızın, tarixi ədalətin və Azərbaycan xalqının sarsılmaz iradəsinin təntənəsidir. Şuşa bu gün də öz əzəməti, zəngin mədəniyyəti və mənəvi gücü ilə Azərbaycanın qürur mənbəyi olaraq yaşayır.
Şuşa azaddır, Şuşa dirçəlir və Şuşa daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır.
Əminə Ağazadə
Milli Məclisin deputatı