Azərbaycan Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün bərpası və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi işlər üzrə prorektor Yusif Qasımov Azərbaycanın müstəqillik tarixinin ağır sınaqlarla müşayiət olunduğunu qeyd edib, Ermənistanın işğalçılıq siyasətinin Azərbaycana vurduğu zərbənin miqyasını, müstəqilliyin bərpasının ilk illərində ölkənin üzləşdiyi ciddi siyasi, iqtisadi, sosial və hərbi çətinlikləri diqqətə çatdırıb. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından etibarən iqtisadiyyatın bərpası və inkişafı, dövlət və ordu quruculuğu istiqamətində atdığı ardıcıl addımla, eləcə də bu siyasətin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi Azərbaycanın Qarabağ Zəfəri üçün siyasi, iqtisadi və hərbi zəmin formalaşdırıb.
Siyasi və ictimai elmlər kafedrasının müəllimləri - tarix elmləri doktoru, dosent Bəhman Kərimov, Əli Babazadə, Tərcümə və filologiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Hüseyn Hüseynli məruzə ilə çıxış ediblər. Məruzələrdə qeyd edilib ki, 44 günlük Vətən müharibəsi tarixi ədalətin bərpası və beynəlxalq hüquq normalarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan uzun illər icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini öz gücü hesabına yerinə yetirərək ərazi bütövlüyünü və suverenliyini bərpa edib, regionda yeni geosiyasi reallıqlar yaradıb. Qazanılan Zəfər Azərbaycanın beynəlxalq nüfuzunun və regional mövqelərinin möhkəmlənməsinə, ölkənin beynəlxalq münasibətlər sistemində daha fəal rol oynamasına zəmin yaradıb. Çıxışlarda, həmçinin Qarabağ Zəfərinin Azərbaycan xalqının ictimai və mənəvi həyatına təsirindən, milli kimlik və vətənpərvərlik duyğularının güclənməsindən, bu tarixi hadisənin ədəbiyyatda, dildə və milli yaddaşda əks olunmasından bəhs edilib. Qeyd olunub ki, Vətən müharibəsinin və Qarabağ Zəfərinin tarixi dərsləri gələcək nəsillərin dünyagörüşünün, milli özünüdərkinin və vətənə bağlılığının formalaşmasında mühüm rol oynayır.