Bir şəhərin yenidən qurulması
yalnız dağıdılmış binaların yerində yenilərinin tikilməsi demək deyil. Bu,
tarixə qayıdış, yaddaşın bərpası, insanların doğma torpaqları ilə yenidən
qovuşması və gələcəyin yeni təməllər üzərində qurulmasıdır. Bu gün Ağdam məhz
belə bir tarixi prosesin mərkəzindədir. Bir vaxtlar həyatın susduğu, küçələrinin
viran qaldığı şəhərdə indi tikinti texnikasının səsi, istehsal müəssisələrinin
fəaliyyəti, yeni yaşayış məhəllələrinin və sosial obyektlərin açılışı eşidilir. 20 noyabr Ağdam üçün təkcə
işğaldan azad edilmə tarixi deyil, həm də yeni həyatın başlanğıcıdır. 2020-ci
ildə Azərbaycan dövlətinin qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı
və Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Ağdam öz sahibinə
qovuşdu. Həmin gündən etibarən şəhərin qarşısında yeni bir missiya dayandı:
dağıntılar üzərində müasir, təhlükəsiz, iqtisadi cəhətdən güclü və insanların
rahat yaşayacağı bir şəhər qurmaq. Prezident İlham Əliyevin Ağdamla bağlı müəyyən etdiyi strateji hədəf
bu gün ardıcıl şəkildə həyata keçirilir. Dövlət başçısının
2020-ci ilin noyabrında səsləndirdiyi bərpa və quruculuq vədi artıq konkret nəticələrlə
müşayiət olunur. Ağdamın yenidən qurulması yalnız bir rayonun inkişafı deyil,
bütövlükdə Qarabağın iqtisadi, sosial və mədəni həyatının yenidən
formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ağdamın
gələcək inkişafı təsadüfi tikinti layihələri üzərində deyil, vahid şəhərsalma
konsepsiyası əsasında qurulur. 2022-ci il avqustun 16-da təsdiq edilmiş “Ağdam
şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin uzunmüddətli
inkişaf istiqamətlərini müəyyənləşdirib.
Baş plana əsasən, Ağdamın əhalisinin gələcəkdə 100 min nəfərə
çatdırılması nəzərdə tutulur. Şəhərdə yaşayış, ictimai, sosial, mədəni və
biznes zonalarının müasir prinsiplərlə təşkili, yaşıllıq ərazilərinin genişləndirilməsi
və rahat nəqliyyat sisteminin yaradılması prioritet istiqamətlərdəndir. Şəhərdə
beş yaşayış məhəlləsinin salınması nəzərdə tutulub. Bu məhəllələrdən ikisinin
açılışı baş tutub, digər layihələr üzrə tikinti işləri davam etdirilir. Yeni
yaşayış binaları ilə yanaşı, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri,
parklar və ictimai xidmət obyektləri də inşa olunur. Ağdamın yeni şəhər mühitinin formalaşmasında nəqliyyat
infrastrukturu xüsusi yer tutur. Bərdə–Ağdam avtomobil yolunun
istifadəyə verilməsi, dəmir yolu xəttinin və müasir vağzal kompleksinin inşası
şəhərin ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir. 2025-ci il mayın
10-da açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi müasir nəqliyyat qovşağı
olmaqla yanaşı, şəhərin gələcək iqtisadi və turizm inkişafına da töhfə verəcək.
Ağdamın
gələcəyini müəyyən edən əsas amillərdən biri iqtisadiyyatın bərpası və yeni iş
yerlərinin yaradılmasıdır. Bu baxımdan 2021-ci il mayın 28-də əsası qoyulan
Ağdam Sənaye Parkı xüsusi əhəmiyyət kəsb edir. 190 hektar ərazidə yaradılan sənaye parkı
Qarabağın sənaye potensialının reallaşdırılmasına, yerli istehsalın inkişafına,
sahibkarlığın stimullaşdırılmasına və əhalinin məşğulluğunun artırılmasına xidmət
edir. Parkda tikinti materialları, müxtəlif sənaye məhsulları, metal məmulatları
və digər istiqamətlər üzrə istehsal müəssisələri yaradılır. Yeni zavodların
açılması, rezidentlərin sayının artması və investisiya layihələrinin həyata
keçirilməsi Ağdamın iqtisadi həyatına yeni dinamika gətirir.
Ağdamın bərpası onun tarixi-mədəni simasının
qorunması ilə paralel aparılır. Çünki şəhərin ruhu yalnız yeni binalarda deyil,
həm də əsrlər boyu formalaşmış mədəni irsində yaşayır. Qarabağ xanlığının
banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksinin bərpası, Ağdam
Cümə məscidinin yenidən qurulması, Qiyaslı məscidinin tarixi görkəminin bərpası
milli-mənəvi irsə verilən dəyərin ifadəsidir. 2024-cü il aprelin 25-də Ağdam
Cümə məscidinin bərpadan sonra açılması, həmin ilin sentyabrında İmarət
Kompleksinin istifadəyə verilməsi şəhərin tarixi yaddaşının yenidən
canlandırılması baxımından əlamətdar hadisələr oldu. 2025-ci il mayın 10-da
açılan Ağdam Muğam Mərkəzi isə bölgənin zəngin musiqi ənənələrinin yaşadılması
üçün mühüm mədəniyyət ocağına çevrilib. 474 yerlik konsert zalı, 15 dərs otağı,
sərgi və iclas zalları, 615 tamaşaçı tutumuna malik açıq amfiteatr mərkəzin
geniş imkanlarını nümayiş etdirir. Ağdamın mədəni həyatının bərpası onun keçmiş
şöhrətinin qaytarılması ilə yanaşı, gələcək nəsillərin milli-mənəvi dəyərlərə
bağlı ruhda yetişdirilməsinə də xidmət edir.
Hər bir şəhərin əsl dirçəlişi orada insanların
yaşaması, işləməsi, təhsil alması və gələcək qurması ilə ölçülür. Ağdamda həyata
keçirilən bütün layihələrin əsas məqsədi də doğma yurdlarından didərgin düşmüş
insanların təhlükəsiz və layiqli şəkildə geri qayıtmasını təmin etməkdir. Böyük
Qayıdış proqramı çərçivəsində Ağdam şəhərində və kəndlərində məskunlaşma
prosesi mərhələli şəkildə davam edir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin
birinci mərhələlərinin açılması, yeni yaşayış evlərinin sakinlərə təqdim edilməsi
bu prosesin mühüm nəticələridir. 2026-cı ilin noyabrına olan göstəricilərə əsasən,
Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla
2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə
193 ailə olmaqla 814 nəfər məskunlaşıb.
Ağdamın inkişaf strategiyasında turizm də mühüm yer tutur. Şəhərin
tarixi abidələri, İmarət Kompleksi, Şahbulaq qalası, Qarabağ atçılıq ənənələri
və zəngin mədəni irsi bölgənin turizm potensialının əsasını təşkil edir. Bu
potensialın reallaşdırılması üçün müasir hotel və xidmət infrastrukturu
yaradılır. “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” hotellərinin
istifadəyə verilməsi şəhərin turizm və biznes imkanlarının genişlənməsinə şərait
yaradır. Turizm infrastrukturunun inkişafı Ağdama gələn qonaqların sayının
artmasına, yeni xidmət sahələrinin formalaşmasına və yerli iqtisadiyyatın şaxələndirilməsinə
təkan verəcək.
Ağdamın bugünkü inkişafında Prezident İlham
Əliyevin mütəmadi səfərləri, həyata keçirilən layihələrə şəxsən nəzarəti və
dövlət siyasətinin ardıcıllığı xüsusi rol oynayır. 2020-ci ilin noyabrından
etibarən dövlət başçısının şəhərə və rayonun kəndlərinə çoxsaylı səfərləri
zamanı yaşayış komplekslərinin, sənaye müəssisələrinin, yolların, sosial və mədəni
obyektlərin təməli qoyulub, bir sıra layihələr istifadəyə verilib. Bu səfərlər
Ağdamın bərpasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu
nümayiş etdirir. Hər yeni açılış, hər yeni müəssisə və hər yeni yaşayış məhəlləsi
işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi strategiyasının növbəti nəticəsidir.
2026-cı ildə də bu proses davam edir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının
tikintisinin gedişi ilə tanışlıq, yeni istehsal müəssisələrinin açılışı, sənaye
parkında fəaliyyətin genişləndirilməsi şəhərin iqtisadi və sosial inkişafının
davamlı xarakter daşıdığını göstərir. Ağdamın inkişafı bir neçə istiqamətin vəhdətindən
ibarətdir: müasir şəhərsalma, sənayeləşmə, sosial rifah, tarixi irsin
qorunması, turizm və insanların doğma torpaqlarına qayıdışı. Bu istiqamətlərin
hər biri vahid məqsədə – Ağdamın əvvəlki şöhrətinin daha müasir və dayanıqlı
formada bərpasına xidmət edir.
20 noyabrın Ağdam Şəhəri Günü kimi qeyd edilməsi
də bu baxımdan xüsusi məna daşıyır. Bu gün keçmişin ağrılarını xatırlamaqla
yanaşı, gələcəyin uğurlarını da təcəssüm etdirir. Ağdam artıq yalnız xatirələrdə
yaşayan şəhər deyil. O, yenidən qurulan, sakinlərini qarşılayan, iqtisadi
gücünü artıran və gələcəyə inamla addımlayan şəhərdir. Xarabalıqlar üzərində
yüksələn yeni Ağdam Azərbaycanın əzminin, dövlət gücünün və xalqımızın
qurub-yaratmaq iradəsinin canlı təcəssümüdür. Bu şəhərin hər yeni binası, hər
salınan küçəsi, hər açılan müəssisəsi bir həqiqəti təsdiqləyir: Ağdam
qayıdıb, Ağdam yaşayır və Ağdamın gələcəyi qurulur!
Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına
Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan
Respublikasının Əməkdar müəllimi