Azərbaycan Respublikasının beynəlxalq gündəliyi kifayət qədər zəngindir. Ölkəmizdə təşkil olunan regional və beynəlxalq əhəmiyyətli tədbirlər və yüksək səviyyəli görüşlər getdikcə daha intensiv şəkildə bir-birini əvəzləyir. Ölkə başçısının xarici səfərləri isə ölkəmizin beynəlxalq siyasət arenasında artan qlobal aktor rolunu daha qabarıq şəkildə nümayiş etdirir.
Avropa Siyasi Birliyinin 12 noyabr tarixində Dublin şəhərində keçirilmiş IX Zirvə görüşü də bu mənada istisna olmadı. Sammit çərçivəsində Avropa strukturlarının rəhbərləri və aparıcı Avropa ölkələrinin liderləri ilə çoxsaylı görüşlər keçirildi və bu görüşlərdə Azərbaycanın Avropa ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində mühüm və faydalı müzakirələr aparılıdı. Görüşlərdə müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkəmizin bütövlükdə Avropa qitəsi üçün müstəsna əhəmiyyət daşıdığını bir daha göstərdi.
Sammit çərçivəsində keçirilən görüşlərdə imzalanmış mühüm sənədlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” dir.
Böyük Britaniya ilə Azərbaycan Respublikası arasında diplomatik və siyasi-iqtisadi münasibətlərin tarixi kifayət qədər uzun, məzmunu isə kifayət qədər zəngindir. Ölkələrimiz arasında hələ 1994-cü il 23 fevral tarixində “Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə” və 1998-ci il 21 iyul tarixində isə “Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdı. Müstəqilliyimizin bərpasından sonra keçən dövrdə Azərbaycan - Böyük Britaniya münasibətləri ən uğurlu şəkildə inkişaf etdirilmiş və Böyük Britaniya ölkəmizin iqtisadiyyatında ən böyük sərmayəçi statusu qazanmışdır. Bu baxımdan Dublində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni artıq baş vermiş faktın təsdiqi də hesab etmək olar. İndiki mərhələdə isə əməkdaşlıq arealının genişləndirilməsi və dərinləşdirilməsi prosesləri gedir. Münasibətlərimizin ilk illərində sərmayələr əsasən neft-qaz sənayesinə yatırılsa da son illərdə Böyük Britaniya sərmayələrinin istiqamətləri də şaxələnməkdə və daha geniş sahələri əhatə etməkdədir. Xüsusilə, hərbi-texniki əməkdaşlıq, süni intellekt və yaşıl enerji istehsalı sahələrində əməkdaşlıq yeni sərmayələrin yatırılmasını şərtləndirir. Azərbaycan Prezidenti və Birləşmiş Krallığın Baş naziri tərəfindən Dublində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə iki ölkə arasında dostluğun və əməkdaşlığın daha geniş platformasını yaradır. Yeni platforma regional sülhü və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini və qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşdirilməsini nəzərdə tutur.
Hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın gücləndirilməsi, sərhəd idarəçiliyinin təkmilləşdirilməsi, eləcə də elm, təhsil və innovasiyalar sahəsində qarşılıqlı fəaliyyətlərin dərinləşdirilməsi, vətəndaş cəmiyyətləri arasında qarşılıqlı əlaqələrin və ölkələr arası mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi də imzalanan Bəyannamədə əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyənləşdirilir.
Beləliklə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbulu qarşlıqlı faydalı əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar yaradır.