Milli Məclisin deputatı Novruzəli Aslanovun 2027-ci ilin dövlət büdcəsi layihəsi barədə çıxışı

Hörmətli Sədr, hörmətli Baş nazir və hökumət üzvləri, hörmətli həmkarlar!

İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə siyasi sabitlik, iqtisadi dayanıqlılıq və sosial inkişaf istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. 2027-ci ilin dövlət büdcəsi layihəsi də ölkəmizin qarşıdakı inkişaf mərhələsinin maliyyə əsaslarını müəyyən edən mühüm sənəddir.
Büdcədə müdafiə və təhlükəsizlik, sosial müdafiə, təhsil və səhiyyə, iqtisadiyyatın şaxələndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi kimi prioritetlərin dövlət siyasətində mühüm yer tutduğunu göstərir.

Xüsusilə təhsil və səhiyyəyə ayrılan vəsaitləri insan kapitalına yönəlmiş investisiya kimi dəyərləndirmək lazımdır. Səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, o cümlədən TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı yeni struktur yanaşması vahid koordinasiyanın və tibbi xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi baxımından təqdirəlayiqdir. Bu prosesdə icbari tibbi sığortanın imkanlarından daha səmərəli istifadə olunması da vacibdir.

Eyni zamanda, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi, kənd təsərrüfatının modernləşdirilməsi, turizm potensialının genişləndirilməsi və regionların iqtisadi imkanlarından səmərəli istifadə ölkəmizin uzunmüddətli iqtisadi dayanıqlılığı üçün mühüm əhəmiyyət daşıyır.
Ölkəmizdə makroiqtisadi sabitliyin qorunması, maliyyə sisteminin dayanıqlılığının təmin edilməsi və iqtisadi inkişafın maliyyə əsaslarının möhkəmləndirilməsi istiqamətində Mərkəzi Bankın fəaliyyətini xüsusi qeyd etmək istərdim. Pul-kredit siyasətinin həyata keçirilməsi, inflyasiya proseslərinə nəzarət, milli valyutanın sabitliyinin qorunması və bank-maliyyə sisteminin sağlamlaşdırılması istiqamətində görülən işlər ölkənin ümumi iqtisadi təhlükəsizliyinə mühüm töhfə verir.

Bununla yanaşı, dövlət maliyyəsinin idarə olunması, büdcə siyasətinin formalaşdırılması, gəlir və xərclərin balanslaşdırılması, dövlət borcunun səmərəli idarə edilməsi və büdcə intizamının gücləndirilməsi sahəsində Maliyyə Nazirliyinin fəaliyyətini də müsbət qiymətləndirmək lazımdır.

Eyni zamanda, iqtisadi siyasətin formalaşdırılması, sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və regionların iqtisadi potensialının reallaşdırılması, xüsusi olaraq işğaldan azad olunan torpaqlarda İqtisadiyyat Nazirliyinin fəaliyyətini də müsbət qiymətləndirmək istərdim. Biznes mühitinin yaxşılaşdırılması, sənaye və investisiya layihələrinin təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər ölkəmizin iqtisadi inkişafına mühüm töhfə verir.

Hörmətli həmkarlar!

Təmsil etdiyim İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı və əhalini narahat edən problemlərin həlli istiqamətində bir sıra məsələləri diqqətinizə çatdırmaq istərdim.

İsmayıllı kənd təsərrüfatı, turizm və təbii resursları baxımından böyük potensiala malik rayondur. Bu potensialın reallaşdırılması üçün yol-kommunal infrastrukturunun yaxşılaşdırılması, kəndlərin sosial təminatının gücləndirilməsi və məşğulluq imkanlarının artırılması vacibdir.

Xüsusilə rayonun qazlaşdırılması məsələsini önə çəkmək istəyirəm. İsmayıllının dağlıq relyefi və qış aylarında sərt iqlim şəraiti təbii qaza olan tələbatı daha da artırır. Təəssüf ki, bu günədək İsmayıllı rayonunun qaza daha çox ehtiyacı olan 10-a yaxın kəndi hələ də təbii qazla təmin olunmayıb. Bəzi kəndlərin ətrafından qaz xətləri keçməsinə baxmayaraq, həmin yaşayış məntəqələrinə qaz verilişi təmin edilməyib. Buna Balik və Vəng kəndlərini misal göstərmək olar. Nəticədə sakinlər, xüsusilə qış aylarında, istilik və məişət ehtiyaclarını alternativ vasitələrlə qarşılamaq məcburiyyətində qalırlar.
Hesab edirəm ki, bu məsələ sosial zərurət kimi qiymətləndirilməli, İsmayıllının qazlaşdırılmamış kəndlərinin təbii qazla təmin olunması növbəti büdcə ili üzrə investisiya və infrastruktur planlarında nəzərə alınmalıdır.

Hörmətli həmkarlar!

Yekun olaraq, 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyimi bildirir, onun hazırlanmasında əməyi olan bütün qurumlara təşəkkür edir, büdcənin icrasında hökumət üzvlərinə və aidiyyəti dövlət qurumlarına uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm!

Millət vəkili Novruzəli Aslanov