Azərbaycan İtalya münasibətlərində mühüm amil

Azərbaycan İtalya münasibətləri siyasi, iqtisadi və mədəni baxımdan xüsusi önəm kəsb edir. Hazırkı mürəkkəb beynəlxalq münasibətlərin fonunda Qarşılıqlı əməkdaşlıq, strateji tərəfdaşlıq və dostluq münasibətlərinin dərinləşməsi onu deməyə əsas verir ki,  qarşıdakı illər ərzində bu əlaqələr daha da inkişaf edəcək.

İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri və səfər çərçivəsində səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir. C.Melonini mətbuata verdiyi bəyanatda onu da qeyd edib ki, iki ölkə arasında mövcud əməkdaşlığı hər zaman səciyyələndirən sahələrdən biri enerji sahəsidir: “ İtaliyaya qaz və neftin ixracı Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra şərəflə təmsil etdiyim ölkənin enerji təhlükəsizliyində müəyyənedici amil rolunu oynayır. Bu əlaqələrin möhkəmləndirilməsi barədə aydın şəkildə söhbət apardıq. Biz nəinki təchizat həcmləri, xüsusilə bütün sahələr üzrə sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmalıyıq. Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır. Aydındır ki, bu cür plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir. Bu səbəbdən biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək”.

Bəyanatda diqqət çəkən məqamlardan biri də İtalya Universitetinin fəaliyyətinə dair məsələ olub. Xanım Ciorcia bildirib ki, Azərbaycan Diplomatik Akademiyasının nəzdində açılmış universitet İtaliyanın beş nüfuzlu universiteti ilə əməkdaşlıqdan formalaşıb: “Yekun nəticədə bütün bunlar mədəniyyət, gələcək nəsillər, xalqlarımız arasında əlaqələr, bu gün həm mədəniyyət, həm ərzaq təhlükəsizliyi sahələrində əldə etdiyimiz razılaşmalar ümumi məramımızın rəmzi anlarıdır. Bütün bunlar eyni istiqamətdə inkişaf edir”.

Dövlət başçısı İlham Əliyev Azərbaycan İtalya münasibətlərinə dair bunları qeyd edib: “Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür”.

Prezident İlham Əliyev onu da deyib ki, Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır: “Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir”.

Görüş əsnasında səsləndirilən fikirlər gələcək perspektivdən xəbər verir və bu perspektivdə iqtisadi, mədəni əlaqələrlə yanaşı beynəlxalq tribunalarda da birgə tərəfdaşlıq sezilir ki, bütün bunlar Azərbaycanın həyata keçirdiyi xarici siyasətdə mühüm yer tutur.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı