Azərbaycanda trüfel istehsalının təşviqi layihəsinin yekun tədbiri keçirilib

14 avqust 2026-cı il tarixində Qəbələdə “Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən, layihə rəhbəri və Birliyin sədri Lalə Həmidovanın rəhbərliyi ilə “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsinin yekun tədbiri keçirilib.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Layihə çərçivəsində 3 iyul Lənkəranda, 10 iyul Qubada, 31 iyul Şəkidə və 14 avqust Qəbələdə maarifləndirici tədbirlər təşkil olunub.

Tədbirlərin əsas məqsədi fermerləri trüfel istehsalı, fındıqçılıqda məhsuldarlığın artırılması, su ehtiyatlarından səmərəli istifadə, torpağın qorunması və trüfel turizminin, xüsusilə trüfel ovçuluğunun inkişafı barədə məlumatlandırmaq olub.

Layihənin mühüm nəticələrindən biri fermerlərin öz həyətlərində və təsərrüfatlarında rastlaşdıqları trüfellərin əslində nə olduğunu artıq müəyyən edə bilmələri olub. Maarifləndirici tədbirlərdən sonra iştirakçılar əvvəllər tanımadıqları bu qiymətli göbələk barədə məlumat əldə edib, onun xüsusiyyətlərini və əhəmiyyətini öyrəniblər.

Yekun tədbirdə layihənin nəticələri ümumiləşdirilib, iştirakçıların sualları cavablandırılıb və sertifikatlar təqdim olunub. Trüfel ovçuluğunun gələcəkdə Azərbaycanda yeni aqroturizm və ekoturizm istiqaməti kimi inkişaf etdirilməsi vurğulanıb.