Biləsuvarda “Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi çərçivəsində ümumrayon yekun konfransı keçirilib.
Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsinin icrası uğurla başa çatıb. Layihənin yekunu olaraq Biləsuvar rayonunda geniş tərkibli ümumrayon konfransı təşkil edilib. Konfransda dövlət və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, ictimai birliklərin təmsilçiləri, təhsil müəssisələrinin rəhbərləri və müəllimləri, ekoloji məsələlər üzrə mütəxəssislər, kənd icmalarının nümayəndələri, gənclər, könüllülər, media nümayəndələri və rayon ictimaiyyətinin digər üzvləri iştirak ediblər. Ölkəmizdə ekoloji siyasətin əsas istiqamətlərinə, ətraf mühitin mühafizəsinə və vətəndaş cəmiyyətinin bu sahədə roluna həsr olunmuş təqdimat nümayiş etdirilib. Konfransı giriş sözü ilə açan Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Natəvan Əzizova layihənin məqsədi, həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi əhalinin ekoloji biliklərinin artırılması, ətraf mühitin qorunması istiqamətində ictimai məsuliyyətin gücləndirilməsi, yerli icmaların ekoloji təşəbbüslərə cəlb olunması və davamlı inkişaf prinsiplərinin təşviqidir. Qeyd olunub ki, layihə çərçivəsində Biləsuvar rayonunun müxtəlif kənd və yaşayış məntəqələrində maarifləndirici görüşlər, ictimai müzakirələr və məlumatlandırma tədbirləri keçirilib. Görüşlər zamanı iştirakçılara iqlim dəyişikliklərinin yaratdığı çağırışlar, tullantıların düzgün idarə olunması, məişət tullantılarının çeşidlənməsi, plastik tullantıların ətraf mühitə mənfi təsirləri, su ehtiyatlarından səmərəli istifadə, yaşıllıqların qorunması, biomüxtəlifliyin mühafizəsi, torpaq və hava çirklənməsinin qarşısının alınması istiqamətində geniş məlumat verilib. Vurğulanıb ki, layihə müddətində yüzlərlə rayon sakini ekoloji maarifləndirmə tədbirlərinə cəlb olunub, xüsusilə qadınların və gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakı təmin edilib. Layihə çərçivəsində keçirilən tədbirlər iştirakçıların ekoloji məsuliyyət hissinin artırılmasına, ətraf mühitə daha həssas münasibətin formalaşmasına və yerli səviyyədə ekoloji problemlərin həlli istiqamətində ictimai fəallığın yüksəlməsinə mühüm töhfə verib. Konfransda çıxış edən qonaqlar ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək, vətəndaş cəmiyyəti institutlarının bu sahədə həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Çıxışlarda vurğulanıb ki, ekoloji problemlərin həlli yalnız inzibati tədbirlərlə deyil, eyni zamanda cəmiyyətin bütün təbəqələrinin maariflənməsi və fəal iştirakı ilə mümkündür. Natiqlər Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin həyata keçirdiyi layihənin rayon əhalisinin ekoloji biliklərinin artırılması, ətraf mühitə məsuliyyətli yanaşmanın formalaşdırılması və davamlı inkişaf ideyalarının təşviqi baxımından uğurlu təşəbbüs olduğunu bildirərək təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıblar. Konfrans çərçivəsində layihə müddətində həyata keçirilmiş tədbirləri, icma görüşlərini və ekoloji təşəbbüsləri əks etdirən foto və video təqdimatlar nümayiş etdirilib. İştirakçılar layihənin nəticələri ilə yaxından tanış olub, həyata keçirilən fəaliyyətlər barədə fikir mübadiləsi aparıblar. Tədbirin müzakirələr hissəsində iştirakçılar tərəfindən ekoloji problemlərin həlli istiqamətində yerli səviyyədə görülə biləcək işlər, ictimai iştirakçılığın genişləndirilməsi, məktəblərdə ekoloji təhsilin gücləndirilməsi, yaşıllıq sahələrinin artırılması, tullantıların çeşidlənməsi mədəniyyətinin formalaşdırılması və gələcək layihələr barədə təkliflər səsləndirilib. Konfransın sonunda layihənin uğurla başa çatdığı qeyd olunaraq bildirilib ki, əldə olunan nəticələr gələcəkdə ekoloji maarifləndirmə fəaliyyətlərinin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Vurğulanıb ki, ətraf mühitin qorunması hər bir vətəndaşın mənəvi və sosial məsuliyyətidir və bu istiqamətdə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, təhsil müəssisələri və yerli icmalar arasında əməkdaşlığın davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Sonda layihənin həyata keçirilməsinə göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür ifadə olunub. Bildirilib ki, Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi gələcək fəaliyyətində də cəmiyyət üçün aktual olan sosial və ekoloji istiqamətlər üzrə layihələrin icrasını davam etdirəcək, ekoloji mədəniyyətin inkişafına və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinə öz töhfəsini verməkdə davam edəcək.
Sevinc Qasımova






