Payız
Üşüyər,üşüdər pəncərəmi də,
Gəlməz içəriyə, yadındı payız.
Sarı saçlarını töküb çiyninə,
İlahi, nə gözəl qadındı payız.
Həmişə gözündə yaş saxlayanım,
Sənə oxşayıram,gözüm bir əsim.
Çağır,çağır gəlim buludun olum,
Mənə göylərində yer ver tələsim.
Üzünu , gözünü yuyum yolların,
Üstünün, başının tozunu alım.
Geriyə qaytara bilmədim onu,
Barı ayağının izini alım.
***
Gözlərim dar ağacıdı
Səndən də döndüm, axır ki,
Qürurumu ağ saxladım.
Ağlamağa səssiz bir yer,
Yazmağa varağ saxladım.
Atdım gözümün yaşına,
Ömrümü islatdım suda.
Bədən ruhun vətəniymiş,
Vətənsiz qaçqınmış o da.
Səndə nəyim qaldı mənim,
Ruhmu? Halal xoşun olsun.
Təzə ömründə, günündə
Qoy bir də nimdaşın olsun.
İndi bütün xatirələr,
Gözümdən doğulub düşür.
Gözlərim dar ağacıdı,
Göz yaşım boğulub düşür.
***
Görüş yerim
Görüşünə gəlmişəm,
Necəsən, görüş yerim?
Tək gəlmişəm,
Boylanma yolların ayağına.
Sənin dediyin oğlan
Çıxmayıb qabağıma.
Görüşünə gəlmişəm,
Necəsən, görüş yerim?
Dəyişmisən.
Ağacın da töküb yarpaqlarını,
Torpağın yarpaqlayıb.
Gözlərimin həsrətini
Budaqların ağlayıb.
Yaşıl oturacaqlarını
Dəcəl aşiqlər cızıb,
A+B yazıb,
B+C yazıb.
Bu da həmin dayanacaq,
Məni yola salan hanı?
Bircə addım ayrılmamış,
Həsrətimi alan hanı?
İndi darıxmırmı, görən,
Mənim adımla çağırmır dostlarını,
Dili karıxmırmı, görən...
Sən ölən görüşlərin
Qalan qəbristanlığı.
Mənim səadətimin
Yalan qəbristanlığı.
Görüşündən gedirəm,
Salamat qal, görüş yerim.
Sən eşqimin ana bətni,
Dönüş yerim, dönüş yerim.
***
Məktub
Sən də tam ola bilmədin.
Tamamlaya bilmədin,
Ürəyimin yarim qalan hissəsini...
Toxuna bilmədiyi xəyallarını
Gözləriylə qucaqlayan
Qadınlar var yer üzündə.
Müstəmləkə ürəklərin
Məhəbbəti böyük olur.
Böyük sevgiləri də
Böyük ürəklər alır.
Sənin ürəyin balaca,
Məhəbbətin balaca,
Cəsarətin balaca...
Sən də tam ola bilmədin.
Məni sevmək asan deyil!
***
Gecə saat on iki
Axşam çağı küçələr
Tərk edilmək üçündü.
Üşüyən oturacaqlar
Əyninə xəzan geyir.
Göy üzündə yarım ay
Yarim gecə lampası.
Küləklər yelləncəkdə...
Aya, ulduza dəyir.
Ayrılığın bir ucu
Bu sarı qıza dəyir.
Sən də getdin, əzizim,
Eh! Elə onlar kimi.
Elə küçə kimiyəm,
Yıxılan yollar kimi.
Əllərim çətir olmur,
Yanağımı su aparır.
Indi sənin xəyalını
O aparır, bu aparır.
Vəə belə...
Oyunun sonu.
Gecə saat on iki.
Yeni günümdə olma,
İtirildi bu sevgi.