Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov layihələrin icra vəziyyətilə bağlı QHT-lərə çağırış edib. Müraciətdə deyilir:
Hörmətli QHT nümayəndələri!
Bildiyiniz kimi, hər ilin sonunda Şura maliyyələşdirdiyi
layihələri qiymətləndirir və onun nəticələri barədə Şuranın rəsmi saytında, eləcə də digər informasiya portallarında məlumat verilir. Layihələrin
qiymətləndirilməsi ilə yanaşı onların idarə olunma vəziyyəti, təsviri
hesabatlar və onların yazılış üslubu, maliyyə hesabatları və təqdim olunan
ciddi hesabat sənədləri, tədbir iştirakçılarının qeydiyyat vərəqləri, foto
şəkillər, video materiallar, layihələrin icrasına cəlb olunan şəxslər və
onların müvafiq sahə üzrə mütəxəssis olmasını təsdiq edən sənədlər, çap
məhsullarının məzmunu və keyfiyyəti, çap məsullarında qeyd olunan mətbəənin adı
və bu barədə təqdim olunan maliyyə sənədi və sair bu kimi məsələlər Şura
Katibliyi tərəfindən ciddi şəkildə araşdırılır. Aparılan araşdırmalar onu
göstərir ki, son illərdə bu sahədə baş verən müsbət tendensiyalarla yanaşı bəzi
çatışmazlıqlar hələ də qalmaqdadır.
Bu yazıda Şura Katibliyini ən çox narahat edən bir
məsələ üzərində dayanmaq istərdim.2018-ci il üzrə təqdim edilmiş yekun maliyyə
hesabatlarının araşdırılması zamanı bir sıra xoşagəlməz hallarla müəyyən
edilmişdir. Belə ki, bir mühasib 20, bəzi hallarda isə 30-dan çox təşkilata
mühasib xidməti göstərir. Bununla yanaşı həmin mühasiblərin təqdim etdikləri
hesabatlarda müxtəlif xidmət sahələri üzrə birbaşa əlaqəli olduqları (bəzi
hallarda özlərinə məxsus olan) fiziki və hüquqi şəxslərə (MMC-lərə) aid maliyyə
sənədlərini təqdim etdiklərinin şahidi oluruq. Bu da öz növbəsində xeyli sayda
təşkilata aid maliyyə hesabatında eyni fiziki və hüquqi şəxslərə aid sənədlərin
olması kimi xoşagəlməz hal yaratmışdır. Həmin mühasiblərin neqativ əməlləri
bununla da bitmir. Bu "monopolist mühasiblərin" mühasibat xidməti
göstərdiyi təşkilatların hətta təsviri hesabatlarını da hazırlaması halları
müşahidə edilir. Bəzi QHT nümayəndələri heç bir mənbə göstərmədən ayrı-ayrı
şəxslərin müəyyən şəbəkə yaratması, bəzi layihələrin eyni şəxslər tərəfindən
idarə olunması, hətta həmin şəxslərin guya müəyyən şərtlərlə layihələrin Şura
tərəfindən maliyyələşməsinə nail olması kimi fikirlər söyləyirlər. Şura bu cür
hallarla daim mübarizə aparmış və belə QHT-lərin bu sahədəki cəhdlərin
qarşısını qətiyyətlə alınıb. Aparılan araşdırmalarımız onu göstərir ki, bu cür
neqativ fikirlərin formalaşması məhz həmin mühasiblərin "monopolist"
fəaliyyətinin nəticəsidir. Bütün bunları nəzərə alaraq Şuranın 2019-cu il qrant
müsabiqəsinin qaliblərinə bildirirəm ki, Şura bir mühasibin maksimum iki
təşkilatın hesabatının aparılmasında iştirakını qəbul edəcək. İkidən çox
layihədə mühasib kimi qeyd olunan QHT layihələrinin hesabatları qəbul
edilməyəcək. Müsabiqə qalibi olan QHT rəhbərlərini bu məsələyə ciddi fikir
verməyə, hesabatlıq məsələsində ciddi nizam-intizama riayət etməyə çağırıram.
Əlbəttə bilirəm ki, bu fikirlərim birmənalı qarşılanmamamsı da mümkündür. Ancaq
ümid edirəm ki, hesabatlıq, aşkarlıq və şəffaflıq tərəfdarı olan hər kəs,
xüsusilə QHT-lər bu məsələni nəzərə alacaq və bütün neqativ halların aradan
qaldırılmasına töhfə verəcəklər.
Şura bütün çatışmazlıqların aradan qaldırılması,
eləcə də layihələrin idarəetmə sistemini təkmilləşdirmək və onları tam şəkildə
elektronlaşdırmaq məqsədilə 2019-cu ildə SƏLİS (Sürətli Əlaqələndirmə və
Layihələrin İdaretmə Sistemi) elektron xidmətlər portalını istifadəyə verir.
Şuranın yeni brendi sayılan SƏLİS QHT-lər, o cümlədən vətəndaşlar üçün yeni
imkanlar yaradacaq və bu sistem vasitəsilə hər kəs Şuranın elektron
xidmətlərindən rahat və sürətli şəkildə istifadə edə biləcək.
Şuranın
müsabiqə qalibi olan QHT-lərə uğurlar arzulayıram!