Ayaqların xatirəsinə. Mən susdum, sən susdun, biz susan kimi. ayaq izlərimiz qarışqalar tək, Dırmaşdı dağlara.. Qayalara, Qayaların başındakı çalalara.. Orda yuva qurdular. Daha mehriban oldular. Bilirsən, tanklar gəlirdi Ayaq izlərimizi ayaqlamağa.. Mən susdum, Sən susdun, Biz susduq. Tankın adamlardan əvvəl ayaq izlərini öldürməyinə.. Tək bir əsgər ayaqqabısı qalmışdı. Yolun tən ortasında, Amma ayaq izləri Quş dəstəsi tək Göy üzünə Çoxdan uçmuşdular. Bax, o vaxtdan durna qatarı Göy üzündə Ayaq izlərinə oxşayır. Sanki göylər Abidə qoyub Ayaqların xatirəsinə...
Ağlamaq. Ağlamaq, Özü də gözəl ağlamaq Bir az yaşamaqdı, məncə. Doğma Saatlıda, Hərdən buludlar gəlir Başımın üstə əylənməyə. Tək bir damcı düşür, Qəlbimdəki qəmə. Hansı ölkədən gəlib bilmirəm? o damcı, Gözlərimə düşəndən Başladı kipriklərimin qırmancı. Yəni uçmaq həvəsim. Gözümə düşən o damla Kiminsə göz yaşıymış, Gəlib-gəlib əylənib gözümdə. Bu saat elə bilirəm Qara bulud var bəbəyimdə, Məni harasa aparası...
Tankçı
Mənim çiçəklərimi Küləklər apardı kiməsə. Aparıb taxdı bir tank lüləsinə deyəsən... Quşlar da uçub doluşdular tank lüləsinə çiçəklərin xətrinə orda yuva qurdular deyəsən. Bir azdan səs gəldi- Sarı dimdiklərin səsi... Gör axırda tankçı neylədi? Yığıb şələ-şüləsini Getdi hərbi- hissəyə Elə bircə kəlmə deyə bildi: Biz məğlub olduq... Mərmiləri islatmışdı Quşların səsi.
Bir şamın içindən.
Pərvanə adlı bir qız, Özü də gözləri ulduz, Sevdiyi çiçəyi yarpız- Qanadlarını yandırdı Bir şamın içindən oyandırdı məni. Mən oyandım qanad səsinə, Həyat səsinə, Yüyürdüm yer kürəsinə, Yüyürdüm, yenə Pərvanə dayandırdı məni. Pərvanəyə dedim: Şamın içinə mən necə keçim? Çöldə yanıram, Keçib bir az şamda sərinləyim.. Pərvanə dedi: Min ildi şamın qapısını döyürəm, sən çıxdın Daha necə qayıda bilərik ora? Gedək uzaq, Sonsuz bir səhraya. Günəş adlı, Həyat adlı Bir sevdaya.
Əgər.
Pulları çiçəklərə çevirə bilsəydik, Deyərdim, xanım qız, mənə 10 dəstə çiçəyə bir qadın paltosu verin. Bu qış mənim sevgi fəslimdir. O vaxt deyərdilər ki, Müəllimlərin maaşı yüz dəstə çiçəkdir. Çörək bir çiçək, İşıq pulu bir ləçək Pulları çiçəklərə çevirə bilsəydik, sevgi azalmazdı , əsla.
Qartalım.
Qartalım, sənə daş atanlar Sonra başını tutanlar, Min il əvvəl də vardı, indi də. Sənə eşq olsun, qanadlarının altında Sərhədlər görünmür, Kölgən buludlara bənzəsə də, İçində bir ürəyin döyündüyündən xəbərsizdi Hamı. Sərhədlər pozursan, Ölkələri birləşdirirsən, Sənsən o böyük yaradanın Sirri açılmayan nizamı..
Payız istiləri.
İstidən dörd divar arasında kabab olur ürəyim. Gündüzlər də göy üzündən qalaq-qalaq od tökülür Başımdakı qafiyəsiz fikirlərə. Amma istinin özü bir sükutdur. Sükutun lal nəzərləri İçimi didib- söküb torpğa dartır məni. Və torpağın hərarətindən beynimə gələn sözləri qaralmış vərəqlərə köçürə bilmədim. Sıxıldım tərləmiş fikirlərdən qaça-qaça yol gəlirəm. Sənə doğru-payız sərinliyinə. Və uzun-uzadı nə danışım? Sən demə Sənsiz- saralmış payız da elə yay kimi yandırırmış. Yaydan atılıbmış söz və köz..
Həyat bizə baxırdı.
Həm göyün altında, həm yerin üstdə, min il qabaq da varıydıq Salam verdilər tapıldıq o an. Sevgi ilə nişan aldılar, Söz axdı yaramızdan. Güllə ilə vurdular, Axdı qanımız Tapıldıq qanımızla. Min ildi var idik Elə bu yolun tinində oturmuşduq Saqqalımızdan Çəkdiyimiz siqaretin Tüstüsü axırdı. Durub dağın başından Duman bizə baxırdı. Həyat bizə baxırdı. Yaman baxırdı bizə
Xəbərin varmı?
Xəbərin varmı, Buludlar əvvəl külək olublar. Küləklər də min il əvvəl ürək imiş. Ürəyi küləyə döndərən qızlar, Sonra dönük çıxıblar sevdiklərinə. Küləklər min ildi əsir Buludlar min ildi yağır. İndi sən küləyi saxlaya bilərsənmi saçında, Barmağının ucunda? inanıram saxlayarsan- Körpənin əlindən tutduğun vaxt. Ya da belə, zivədən düşən uşaq corabı özgə həyətə uçmasın deyə külək dayanar. Tək corabın xətrinə. Axı o corabı sən asmışdın zivədən.
Buludlar dəyir uşaqlara Ərəblər gəliblər Muğana, Ov ovlayır, quş quşlayır. Açılan güllələrdən, Gülün köçü başlayır. Hara getsin bizim quşlar? Canında güllə gəzdirir. Üşüyən ayaqları, İndi də güllə qızdırır. Hara getsin bizim quşlar? Belə güllə görməyiblər. Yuvaların qapısını Tikməyiblər, hörməyiblər. Ərəblər gəliblər Muğana, Güllə dəyir quşlara. Quşlar da buludlara, Buludlar da uşaqlara.