Bakıda "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" tədbiri uğurla keçirilib

17 iyul 2026-cı il tarixində Yeni Klinikada Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" layihəsi çərçivəsində maarifləndirici tədbir uğurla baş tutub.

Tədbirin əsas məqsədi qaraciyər sağlamlığının qorunması, qaraciyər xəstəliklərinin erkən diaqnostikası, profilaktik tədbirlərin təşviqi, sağlam həyat tərzinin təbliği, virus hepatitləri barədə ictimai məlumatlılığın artırılması və qaraciyər transplantasiyası sahəsində maarifləndirmənin gücləndirilməsi idi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu.

Açılış mərasimində Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin sədri Eldar Əhmədov layihənin məqsədi, qarşıya qoyulan vəzifələr, həyata keçiriləcək fəaliyyətlər və gözlənilən nəticələr barədə geniş təqdimatla çıxış edib. Bildirildi ki, layihə qaraciyər xəstəliklərinin profilaktikası istiqamətində əhalinin məlumatlılığının artırılmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edir.

Tədbirin elmi hissəsində sahənin tanınmış mütəxəssisləri aktual mövzular üzrə təqdimatlarla çıxış etdilər.

Dr. İntizar Məmmədova "Qaraciyər sağlamlığı: profilaktikadan transplantasiyaya uzanan yol" mövzusunda məruzə ilə çıxış edərək qaraciyər xəstəliklərinin risk amilləri, erkən diaqnostikanın əhəmiyyəti, müasir müalicə üsulları və transplantasiyanın tətbiq olunduğu hallar barədə ətraflı məlumat verdi.

Dietoloq Gülnar Abdullayeva "Qaraciyərin qorunmasında qidalanmanın rolu" mövzusunda sağlam qidalanma prinsipləri, qaraciyərin fəaliyyətinə müsbət təsir göstərən qida məhsulları və düzgün həyat tərzinin əhəmiyyətindən bəhs etdi.

İnfeksionist İbrahim Rufullayev isə "Hepatit C" mövzusunda təqdimat edərək xəstəliyin yoluxma yolları, müasir diaqnostika və müalicə imkanları, eləcə də profilaktik tədbirlər barədə iştirakçıları məlumatlandırdı.

Tədbirin sonunda təşkil olunan "Mənim sualım var" adlı interaktiv sessiyada iştirakçılar onları maraqlandıran sualları məruzəçilərə ünvanlayıblar. Mütəxəssislər sualları ətraflı cavablandıraraq iştirakçılarla faydalı fikir mübadiləsi aparıblar.

Tədbir Coffee Break və iştirakçılar arasında qeyri-rəsmi fikir mübadiləsi ilə yekunlaşıb. 

Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyi gələcəkdə də əhalinin sağlamlığının qorunmasına yönəlmiş maarifləndirici layihələrin həyata keçirilməsini davam etdirməyi planlaşdırır. Eyni adlı layihənin növbəti tədbiri 27 iyul tarixinə planlaşdırılıb.