Bir ölçü kiçilib ruhuma əynim,
Daralıb yuyulmuş köhnə paltar tək...
Ütü də çəkirəm götürmür neynim
Biraz səliqəyə,öyrənəm gərək..
Adam olub ,adamlar içinə çıxam,
Deməsinlər bu dəli* hayandan gəlir...
Bir az da dərdləşəm bəlkə açıldı
Adamın əynimə yazığı gəlir !
Hər gün yeni sözlər ütüləyirəm
Yenə də köhnədi nimdaşdı əynim...
Kimdə var bir artıq qırışsız ömür
Versin bircə günlük əynimə geynim..
***
Üzülmə,başımın bəlası gənclik..
Tapmayıb qəlbimin yarası dinclik.
Bəlkə şeir yazım sənə bir bəndlik
Oxuyub- duyunca..anlarsan məni !!
Qəlbinə dəyməyi istəməzdim heç
Göstər bir böyüklük günahımdan keç...
Nə qədər zaman var, olmayıbdı gec..
Oturub-doyunca danlarsan məni.
Hər nə var keçərsəncavanlığıma,
Keçərsən hər şeydən bir anlığına..
Ehmalca qapıdan qocalığıma
Ötürüb- dalımca ağlarsan məni..
***
Deyirdilər ki saçıdır,
qadının yaraşığı..
yolumu dolandırır
saçımın dolaşığı...
darayıram açılmır,
yolunur teli bir bir...
ömürdən aparırmı
saçlarım ili bir bir...
Saçlarımın dağına,
qar yağıb yayın günü.
Daramaqdan qaralıb,
əldə darağın dünü...
neyləsin,fikirlərim,
gəzişir tellərimdə.
hərəsi bir kaş olub
əzişir dişlərimdə...
sıxılır dodaqlarım,
quruyub olub çat çat,
fikirləri yığmışam
fikirlər üstə qat qat...
Hər fikir bir telimin
üzünə durur,ağ olur...
belə belə başımda
fikirdən ağ dağ olur...
fikirlər də dolaşıb
açılımır dolaşığı.
bəs deyillər saçıdır
qadının yaraşığı...
***
Batırıb yolların toz dumanına...
Bələyin hicranın buz gümanına...
Tapşırıb bir gecə yaz dumanına
Göndərin sevdiyim adama məni....
Nəyim var nəyim yox əlimdən alın!
Üzümə ayrılıq pərdəsi salın !
Saçları pərişan, ayağı yalın,
Göndərin sevdiyim adama məni !
Bənizim saralımış,üzüm gülməmiş...
Dilim topuq vurur..sözün bilməmiş..
Səhv edib gəlmişəm,kimsə bilməmiş
Göndərin sevdiyim adama məni !
Adı ünvanı da çıxıb yadımdan,
Təsəlli umuram sönən odunnan,
Bir yalan söyləyib mənim adımdan
Göndərin sevdiyim adama məni...
***
Aylı gecə,yaşıl oba,su səsi
otlar üstə damcıların busəsi..
böcəklərin hay haraylı nəğməsi
deyir hələ yaşa biraz döz biraz.
qaranlığa keşik çəkir qovaqlar,
dəniz təki ləpələnir budaqlar.
pıçıldayır qulağıma yarpaqlar
deyir hələ yaşa biraz döz biraz. .
çiçəklərin ən gözəli qoxuyur,
arıların dodağı bal qoxuyur....
sarıköynək yana yana oxuyur
deyir hələ yaşa biraz döz biraz...
ay tökülür mahaldakı göl üstə,
bülbül oxur çəməndəki gül üstə.
duyğularım mızıldanır dil üstə,
deyir hələ yaşa biraz döz biraz !..
bir aləmdir Allahın şah əsəri,
gör nə gözəl bəzəyibdi bəşəri !
qulağıma bir səs gəldi ötəri
dedi hələ yaşa bir az döz biraz.!
***
Çəkiləm qurşaq tək vətən belinə !
Mən qapı ardında gözləyən yetim,
Sən qanlı savaşın yaddaşımdakı,
Acılı ,dəhşətli xatirələri !
Səni düşündükcə
yenidən dönüb,
təkrar yaşayıram
ötən günləri...
Üzünə baxdıqca hər dəfəsində,
Cəhənnəm görürəm od nəfəsində !
Alnın qırışanda qəzəbim artır !
Elə bil səmada ildırım çaxır!
Avtomat ağzından çıxan gülllələr,
Sanki ulduzlardı, yağış tək axır..
Tökülür üstümə başıma mənim.
Soyunub ayaqdan ayaq qabımı
atıram özümü yağışın altda..
tökülür güllələr dinmək bilmədən,
Üzümdən süzülən yaşı silmədən,
qaçıram yol boyu gün bata batda.
sürünür donumun balağı yerlə,
ruhumsa əlləşir -vuruşur göylə.
Bu necə yağışdı bu necə sudu,
tökülüb ruhumu yandırıb yaxır..
ayağım altında güllə darağı
ilişib büdrədib palçığa yıxır.
güllə gilizindən düzülən yağış
bu necə nalədi bu necə qarğış
kim edib, bilmirəm kimin ahıdı
yerlərə tökülən,göy günahıdı?
arabir kəsilir yağışın səsi
süktun harayı sükutun səsi
qorxudur canımı..
yağışdan sonra,
birdə göy üzünə qurşaq çəkilir..
Qoxusu əcaib gəlir yağışın...
baxıram üzünə, mən bu baxışın
ardında nələri görürəm Allah!
qorxu var ,həyəcan ,qəzəb də illah!
çökür ciyərimə qorxunun xofu,
bu zaman yenidən ildırım çaxır
Əl atıb əlindən tutmağım gəlir...
Saxla barmağını çəkmə tətiyi
güllə əvəzinə güllə yerinə
avtomat ağzından çıxmağım gəlir
Qalxam göy üzünə şimşəyə dönəm
atəşdən al alvan bir kəfən geyəm,
şəhadət gətirib dil ilə ,qəlblə
sancılam düşmənin bağrını dələm !
sökəm ciyəriini alıb çıxaram
yağam yağış kimi leysana dönəm.
ələnəm düşmənin yurd yuvasına
son qoyam illərin qan qadasına
...elə gurlayam ki elə çaxam ki
Düşmən göz açmağa fürsət tapmaya !
başına ələnə güllə yağış tək
gecəni bir saniyə belə yatmaya.sökəm sübh şəfəqin əlimdə bayraq.
sancılam ox olam yağı elinə... Üç rəngli kəfənə dönəm sonunda,
Çəkiləm qurşaq tək vətən belinə !
***
Burda vəziyyət pis deyil,
Sərin keçir havalar...
Məni maraq etmə qəti
Hər şey yerli yerindədir..
Sənin səhhətin necədir
Sınıxmışdın bir aralar...
Həkim sənə nə yazmışdı,
O gün gecə yarısı,
Təcili yardım gəlmişdi
Bilmədim daha sonrasın...
Fikrim elə səndə qalıb,
Yaxşıdıırmı vəziyyətin,
Eşitdim anam çəkirmiş
Gecə gündüz əziyyətin...
Sənsə onu bəyənmirdin.....
Deyirdin ki deyingəndir,
Yeməkləri dadlı olmur...
Ütünü də bacarmır heç,
Paltarları təmiz yumur...
Deyirdin ki, tez tez gedir,
Atasını ziyarətə.!
Anası da vaxtsız ölüb....
hərəsi bir diyardadır...
Qardaş bacı. ...
Deyirdin ki məni qoyub
atasını adlandırır o baş tacı.
Deyirdin ki,
nimdaş olur üstü başı,
Nə qohumda, nə qonşuda
Yoxdu bircə qəlb sirdaşı...
Zalım qızı,dərdini də təkcə çəkir.
Deyirdin ki,uşaqlardı fikri zikri,
Ac da olsa düşməyirki dildə şükrü...
Bilmirdin ki,sənə qalan o olacaq!!
Kişi evin dirəyisə,
Qadın evdə yanar ocaq !
Sən özünü düşünmüsün
Ata,ancaq ....
Bircə dəfə iki bilet
almısanmı teatra...
ya kinoya !
Ya haçansa bircə buket?
Neçə yaşını doldurub sənlə birgə?
Bilirsənmi.....
Bilmirdinmi,ağaracaq saçın, başın?!
Tərk edəcək hamı bir bir...
Iş yoldaşın, aş yoldaşın !
Sənə həyan olacaqdır
... can yoldaşın !