Milli Məclisin deputatı Müşfiq Məmmədli SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.
-Müşfiq müəllim. Milli Məclisin
yaz sessiyası başa çatır. Milli Məclisə yeni seçilən deputat kimi bu qurumun fəaliyyətini
necə dəyərləndirərdiniz?
-Sumqayıt şəhəri son illər
ölkənin ən inkşaf etmiş şəhəridir. Təbii ki, bu da ölkə rəhbərinin Sumqayıta və
sumqayıtlılara olan diqqət və qayğının nəticəsində baş verib. Şəhərin
infrastrukturu yenilənir, həmçinin yeni işyerləri üçün müxtəlif sahələri əhatə
edən müəsissələr fəaliyyətə başlayır. Eyni zamanda şəhər əhalisi də çoxalır.
İnkşaf varsa təbii ki, orada müəyyən çatışmazlıqlar olmalıdır. Şəhər əhalisinin
mənə ünvanladığı müraciətlər əsasən sosial yönümlü problemlərlə əlaqədardır. Onlar
arasında işlə bağlı, kommunal problemlərlə bağlı məsələlər də yer alır.
-Səhiyyə sahəsində kifayət qədər
tanınmış və peşəkarsınız. Azərbaycanda bu sahənin inkişafı və mövcud problemləri
hansılardır?
-Azərbaycan səhiyyəsinə cənab
prezidentin diqqəti ön sıradadır. Ölkə rəhbərinin çıxışında "Mənim üçün ilk
növbədə insanların sağlamlığı dayanır” söyləməsi bu sahəyə olan münasibətin
göstəricisidir. Azərbaycanın bütün rayon və şəhərlərində müasir standartlara
cavab verən xəstəxanaların tikilməsi, yenidən qurulması buna bariz nümunədir.
Bildiyimiz kimi koronavirus pandemiyası həm Azərbaycanda həm də dünya ölkələrində
səhiyyənin hansı səviyyədə olmasını göstərdi. Bizimlə həmsərhəd olan ölkələrdə
vəziyyətin nəzarətdən çıxması kimi hallar Azərbaycanda yaşanmadı. Dövlətin
vaxtında müdaxiləsi nəticəsində bu yöndə qəti addımlar atıldı. Operativ qərargah yaradıldı. Modul tipli xəstəxanalar
qısa müddət ərzində tikilib istifadəyə verildi. Eyni zamanda tibbi sənayenin də
bu yöndə əhəmiyyətini vurğulamaq istərdim. Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyevanın iştirakı ilə aprelin 6-da Sumqayıt Kimya Sənaye
Parkında tibbi maska istehsal edən müəssisənin açılışı oldu. Bu müəssisədə İSO
beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla hər gün 120 min
tibbi maska istehsal olunur. Həmçinin Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda "Gilan
Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş
fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin
istifadəyə verilməsində iştirak etdilər. Eyni zamanda Azərbaycan Dövlət Neft
Şirkətinin (SOCAR) "Azərikimya” İB-nin "Etilen-Polietilen” zavodunda dezinfeksiya
vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa
olundu. Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "SOCAR Polymer” MMC tibbi
maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammal
istehsalına başladı. Sumqayıt Texnologiyalar Parkı və ölkəmizin ilk və tək
Ağıllı ev və Bina idarəetmə sistemləri istehsalçısı olan Smart Home şirkəti
Elektron Dezinfeksiya Tuneli istehsalına start verdi. Sözsüz ki, ölkəmiz bu müəssisələrin
fəaliyyətə başlaması ilə kifayətlənməyəcək, tibbi sənayenin inkişafı ilə bağlı
mövcud potensial dəyərləndirilərək yeni istehsal sahələrinin yaradılması üçün də
addımlar atılacaq.
-Maraqlıdır. Ciddi rəqiblər
arasında qələbə qazandınız. Necə oldu ki, seçkiyə qatılmaq yönündə qərar verdiniz
ve qələbə sizinlə oldu?
-Nəzərinizə çatdırım ki, mən
seçkiyə təmsil olunduğum Yeni Azərbaycan Partiyasının namizədi kimi
qatılmışdım. Deputat seçildiyim 44 saylı Sumqayıt – Xızı seçki dairəsindən çox
sayda namizədlər var idi. Bu da seçki mühitinin demokratik olmasından xəbər
verirdi. Seçkilərdə qələbə qazanmağımın əsas səbəbi ölkənin hakim partiyasından
namizədliyimin irəli sürülməsi, həmçinin uzun müddət dogma Sumqayıt şəhərində
pediatr kimi fəaliyyətimi qeyd edərdim. Eyni zamanda doğru seçki kampaniyasının
aparılması, vətəndaşlarla mütəmadi görüşlər, sosial şəbəkə üzərindən aparılan təbliğat
– təşviqatın da mühüm rolu olmuşdur.
-Millət vəkillərinin fəaliyyəti
sosial şəbəkələrdə ciddi müzakirə obyekti olaraq qalır. İctimai qınaqdan çəkinmirsiniz
ki?
-Qətiyyən. Qeyd etdiyim kimi, namizədliyimin qeyd alındığı gündən sosial şəbəkədə səhifəmiz fəaliyyət göstərib. İnsanların təklif və problemləri araşdırılıb. Onlara operativ cavab verilib. İndi də bu proses davam edir. Sosial şəbəkə günümüzün ayrılmaz hissəsidir, reallığıdır. Ona görə də orada da fəaliyyətimizi qura bilmişik.
-Dünyanı bürüyən koronavirusla sizin mübarizə üsullarınız maraqlıdır.
-Koronavirusun yayılmasının qarşısını almaq üçün ilk növbədə sosial məsafənin saxlanılması çox önəmlidir. İkinci əsas məsələ isə qoruyucu vasitələrdən istifadədir. İnsanların sıx toplaşdığı ərazilərə yaxınlaşarkən, qapalı məkanlara girərkən, bir-birimizlə kontaktda olarkən maska və əlcəkdən istifadə etməliyik. Eyni zamanda evə geri döndükdən sonra tibbi spirt və digər dezinfeksiyaedici məhsullardan istifadə də mühümdür. Digər vacib məsələlərdən biri isə ehtiyac olmadıqca alış-veriş məkanlarına, ictimai-iaşə obyektlərinə getmək və ictimai nəqliyyatdan istifadəyə məhdudiyyət qoyulmasıdır. Sağlamlıqla bağlı ciddi problem olanda isə tibb müəssisələrinə müraciət edilməlidir. Bunlar da insanların sıx toplaşdığı məkandır. Bu məkanlarda virusdan qorunma qaydalarına sərt karantin qaydalarının tətbiq olunmadığı günlərdə belə diqqətlə yanaşmaq lazımdır.Qeyd etdiyim bu qaydalara riayət olunarsa müsbət nəticələr əldə etmək olacaq.