Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının
Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) birgə təşkilatçılığı ilə həyata
keçirilən "Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında
Cinsi və Gender əsaslı Zorakılığın qarşısının alınması və cavab tədbirləri”
layihəsi çərçivəsində 16 may 2019-cu ildə, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində
yerləşən 81 saylı orta məktəbdə work-shop keçirilib.
Tədbir layihə koordinatoru Lyudmila Xəlilova ilə Komitənin
Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova
tərəfindən keçirilib.
Təlimdə Azərbaycan
Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu
rayon şöbəsinin müdiri Tural Qasımov, Zabrat Bələdiyyəsinin sədri Nailə Nəsirova,
eyni zamanda Xocalı, Füzuli və Zəngilan rayonlarından olan 35 nəfər məcburi
köçkün qadın iştirak edib. Tədbir iştirakçılarına 10 oktyabr 2010-cu ildə qəbul
olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”
qanun, 22 iyun 2010-cu ildə qəbul olunmuş "Məişət zorakılığının
qarşısının alınması haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə
müraciət etmə qaydaları, mühafizə orderi, qadın hüquqları, gender bərabərliyi,
erkən nikahlar haqqında ətraflı məlumatlar verilib.
Tədbir zamanı iştirakçılara Komitənin və GİZ-in
birgə nəşri olan "Qadın hüquqları üzrə bələdçi” kitabı, Komitənin nəşri
olan "Əlilliyi olan qadınlar üçün sağlamlıq haqqında” stolüstü kitab, Komitə ilə
UNHCR–ın birgə çap etdiyi "Məişət zorakılığının qarşısını alaq” adlı kitabça və "Qadın alveri” adlı bukleti paylanılıb.
Tədbirin müzakirə bölməsində iştirakçılar Komitə
nümayəndəsi və Layihə rəhbərindən onları maraqlandıran müxtəlif suallara ətraflı
cavab aldı, qarşılaşdıqları problemlərin həll olunması üçün zəruri olan
addımlar, müraciət etməkləri gərəkən qurum və təşkilatlar haqqında geniş şəkildə
məlumatlandırıldılar.