Bu gün, 8 noyabr Zəfər Günündə Azərbaycan Prezidenti İlham Əliyev xalqa azad olunmuş Xankəndidən müraciət etdi. Mənə elə gəlir ki, bu müraciət üçün oradan daha uyğun bir məkan ola bilməzdi. Gəlin, 2020-ci ildə baş verənləri bir daha xatırlayaq. Cəmi 44 gün ərzində biz 300-dən çox şəhər və kəndi azad etdik. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyini həll etdi. Ermənistan yeni nəsil müharibəyə tamamilə hazırlıqsız idi. İşğalçıların onilliklər ərzində qurduğu istehkamlar bir neçə günün içində darmadağın edildi. Noyabrın 9-dan 10-na keçən gecə İrəvan üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Qalan ərazilər isə bizə heç bir döyüş olmadan və yeni itkilər verilmədən qaytarıldı. Beləliklə, hərbi üstünlük siyasi iradə ilə birləşdi.
Dövlət başçısının Azərbaycan ordusunda bir nəfər də olsun fərarinin olmaması barədə dediyi sözləri xüsusilə vurğulamaq istəyirəm. Ermənistan rəhbərliyi özü döyüş meydanından qaçan 12 minə yaxın fərarinin olduğunu etiraf etmişdi. Bu, sadəcə bir statistika deyil. Bu rəqəm onu göstərir ki, bəziləri doğma torpaqlarını azad etməyə gedirdi, digərləri isə nəyin uğrunda vuruşduqlarını belə anlamırdılar. Bizim əsgərimiz bilirdi ki, onun arxasında uzun illər doğma yurdunun həsrətini çəkən yüz minlərlə soydaşımız dayanıb. Ona görə də xalqın ruhu, birliyi və vətənpərvərliyi bu qələbədə texnika və komandanlığın məharətindən az rol oynamadı.
Şübhəsiz ki, zaman hər şeyi öz yerinə qoydu. Vaxtilə "yeni torpaqlar uğrunda yeni müharibə" vəd edənlər, bu gün sülhdən danışır və reallıqla hesablaşmaq məcburiyyətindədirlər. Paşinyanın "sülh göyərçini"nə çevrilməsi emosional bir qiymətləndirmə deyil, illüziyalar üzərində qurulmuş siyasətin qanunauyğun nəticəsidir. Vaxtilə Xankəndidə nöqtə qoymağa çalışan kəs, indi Azərbaycan Prezidentinin müraciətini elə həmin yerdən dinləməyə məcburdur.
Milli Məclisin deputatı olaraq mən Zəfərin digər tərəfini də görürəm. Bu Qələbə təkcə azad olunmuş torpaqlarla ölçülmür, həm də hazırda həmin torpaqlarda gedən proseslərlə xarakterizə olunur. Yollar, tunellər, hava limanları, məktəblər, yaşayış məhəllələri... İnsanlar öz evlərinə qayıdırlar. Böyük Qayıdış şüara deyil, real təcrübəyə çevrilib. Milli Məclis qanunlar və büdcə qərarları ilə bu fəaliyyəti ardıcıl olaraq dəstəkləyir və biz bu işi davam etdirəcəyik.
Bu müharibədəki Qələbə bütün xalqa məxsusdur. O, torpaq uğrunda canından keçən şəhidlərimizə, əsas ağırlığı öz üzərinə götürən qazilərimizə, onların ailələrinə və bu günə inanıb gözləyənlərə məxsusdur. Biz hər birini hörmətlə anırıq. Biz bu fədakarlığı dinc quruculuq və ayıq-sayıqlığımızla doğrultmağa borcluyuq. Amma ən əsası odur ki, zaman dövlət başçımızın haqlı olduğunu sübut etdi. Qarabağ Azərbaycandır və nida işarəsi!
Ülvi Quliyev,
Milli Məclisin deputatı