Noyabrın 4-də
rayon İcra Hakimiyyətinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyətinin və Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın
Kadastrı və Ünvan Reyestr Xidmətinin təşkilatçılığı ilə "Azərbaycanda
torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması” ilə
bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı
və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev,Kürdəmir Rayon İcra
Hakimiyyəti Başçısının müavini Ağali Kərimli, idarə müəsissə və təşkilat
rəhbərləri, ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri,
torpaq mülkiyyətçiləri iştirak edirdilər.
Tədbiri giriş
sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli "Azərbaycan
Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli
Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında torpaqların elektron
kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr
xəritəsinin tərtib olunması qaydaları haqqında məlumat verdi.
Tədbirdə
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev
bildirdi ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin torpaqların
elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 2016-cı il 7 mart
tarixli Fərmanına əsasən həyata keçirilir. Fərmanda torpaq münasibətlərinin
səmərəli tənzimlənməsi istiqamətində torpaqların elektron kadastr Uçotu
İnformasiya Sisteminin yaradılması və ölkə üzrə rəqəmsal kadastr xəritələrinin
tərtibi qaydaları da əksini tapıb. Eyni zamanda, Fərmana əsasən, torpaqların
elektron uçotu ilə əlaqədar ictimaiyyətin maarifləndirilməsi, görülən işlər
barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi barədə tapşırıqlar
verilib.
Sözçü qeyd
edir ki, müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və
cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində
olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Diqqətə çatdırılıb
ki, elektron kadastr xəritələrinin tərtibi işləri həyata keçirilir. 2019-cu
ilin sonunadək ölkənin 3 milyon 200 min hektar ərazisində dəqiq torpaq uçotu
işləri aparılacaq. Sözçü uçot sisteminin gələcək nəticələri və ölkə
iqtisadiyyatına səmərəsi barədə məlumat verib. Bildirib ki, 2020-ci ilə
Azərbaycanın bütün torpaqlarının uçotu işi yekunlaşacaq, torpaqlar təkcə
kəmiyyətinə görə deyil, eyni zamanda, keyfiyyət göstəricilərinə görə də uçota
alınacaq. Bu sistemin mövcudluğu və rəqəmsal kadastr xəritələrinin istifadəyə
verilməsi, ölkədə kadastr xidmətinin də bütövlükdə elektron xidmətlər sırasına
keçməsinə şərait yaradacaq.
Sistem özündə
torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları,
mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri,
keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əks etdirir. Həmçinin
Sistem torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən
dəyişiklikləri müəyyən etməyə, torpaqlardan məqsədli təyinatına və hüquqi
rejiminə uyğun istifadə və onların mühafizəsinə nəzarət etməyə imkan verir.
Torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində səmərəli
tədbirlərin görülməsinə, torpaq ehtiyatlarının kəmiyyət göstəricilərini
müəyyənləşdirməyə, torpaq balansını tərtib etməyə zəmin yaradır.
Qeyd edib ki,
bu işlərin Kürdəmir rayonu ərazisində icrası 2016-2017-ci illər ərzində həyata
keçiriləcək.
Tədbirdə
torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr
xəritələrinin tərtibi ilə bağlı slayd şou nümayiş etdirilib.
Sonda məsələ
ilə əlaqədar suallar cavablandırılıb, müzakirələr aparılıb.