13 iyun 2026-cı il tarixində Bakı şəhərində “Kibertəhdidlər və görünməz hücumlardan qorunma üzrə maarifləndirmə” layihəsi çərçivəsində sayca ikinci təlim həyata keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi vətəndaşların kibertəhlükələr barədə məlumatlandırılması və rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirmənin artırılmasıdır.

Tədbirin açılışında çıxış edən layihə rəhbəri Samir Həsənov informasiya təhlükəsizliyinin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, internet istifadəçiləri gündəlik həyatda müxtəlif kiberəhdid halları və kiberhücumlarla qarşılaşırlar.

Layihə rəhbəri çıxışında kibercinayətkarların süni intellekt texnologiyalarından geniş istifadə etməklə hücum metodlarını daha da təkmilləşdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Müasir zamanda internetdən istifadə edərkən kibergigiyena qaydalarına riayət etməyin vacibliyini vurğuladı.
Daha sonra layihənin eksperti Yusif Süleymanlı iştirakçılar üçün təqdimatla çıxış edib. Təlim zamanı kibertəhlükəsizlik anlayışı, fişinq hücumları (email, SMS və zəng fişinqi), zərərli proqramlar (virus, ransomware, trojan və spyware), güclü şifrələrin yaradılması, iki faktorlu doğrulama (2FA), ictimai Wi-Fi şəbəkələrinin riskləri və rəqəmsal təhlükəsizlik qaydaları barədə məlumat verilib.

Ekspert tərəfindən hazırlanmış interaktiv kibertəhlükəsizlik təqdimat edilib. Təlim çərçivəsində iştirakçılar üçün bilik testi keçirilib, real nümunələr üzərindən müzakirələr aparılıb və kibertəhdidlərdən qorunma üsulları izah edilib. Tədbir iştirakçıların suallarının cavablandırılması və yekun xülasə ilə başa çatıb.