23 iyul 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Kibertəhdidlər və görünməz hücumlardan qorunma üzrə maarifləndirmə” layihəsi çərçivəsində yekun maarifləndirici təlim keçirilib. Bununla da layihə uğurla başa çatıb.
“Ulduz” İnformasiya-Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi vətəndaşların kibertəhlükələr barədə məlumatlılığının artırılması, təhlükəsiz rəqəmsal davranış vərdişlərinin formalaşdırılması və cəmiyyətdə kibergigiyena mədəniyyətinin inkişafına töhfə vermək olub.
Tədbirin açılışında çıxış edən layihə rəhbəri Samir Həsənov bildirib ki, müasir dövrdə informasiya təhlükəsizliyi rəqəmsal inkişafın ayrılmaz tərkib hissəsinə çevrilib. O qeyd edib ki, internet istifadəçiləri hər gün fişinq, zərərli proqram təminatı, sosial mühəndislik və digər kiberhücumlarla üzləşirlər. Bu baxımdan vətəndaşların kibertəhlükələr barədə məlumatlandırılması və təhlükəsiz internet istifadəsi vərdişlərinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Samir Həsənov çıxışında vurğulayıb ki, kibercinayətkarlar artıq süni intellekt texnologiyalarından istifadə etməklə hücum üsullarını daha mürəkkəb və inandırıcı hala gətirirlər. Onun sözlərinə görə, rəqəmsal təhlükəsizliyin təmin olunması üçün istifadəçilər kibergigiyena qaydalarına riayət etməli, şəxsi məlumatlarını etibarlı şəkildə qorumalı, güclü şifrələrdən istifadə etməli və iki faktorlu autentifikasiyanı (2FA) aktivləşdirməlidirlər.
Daha sonra layihənin eksperti Yusif Süleymanlı geniş təqdimatla çıxış edərək iştirakçılara müasir kibertəhlükələr və onlardan qorunma yolları barədə ətraflı məlumat verib. Təlim zamanı kibertəhlükəsizlik anlayışı, e-poçt, SMS və telefon zəngləri vasitəsilə həyata keçirilən fişinq hücumları, zərərli proqram təminatlarının növləri (viruslar, ransomware, trojan və spyware), güclü şifrələrin yaradılması prinsipləri, iki faktorlu autentifikasiya (2FA), ictimai Wi-Fi şəbəkələrinin yaratdığı risklər, sosial şəbəkələrdə təhlükəsiz davranış və şəxsi məlumatların qorunması mövzuları geniş şəkildə izah olunub.
İnteraktiv formatda keçirilən təlim zamanı real kiberinsidentlər əsasında nümunələr təqdim edilib, iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb və gündəlik həyatda tətbiq oluna biləcək təhlükəsizlik tədbirləri barədə praktiki tövsiyələr verilib. Tədbirin sonunda iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi məqsədilə test keçirilib, onları maraqlandıran suallar cavablandırılıb və təlim uğurla yekunlaşıb.
Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhərində ümumilikdə dörd maarifləndirici təlim təşkil olunub. Təlimlərdə müxtəlif yaş və peşə qruplarını təmsil edən iştirakçılar kibertəhlükələrdən qorunma, kibergigiyena qaydaları və təhlükəsiz internet istifadəsi sahəsində nəzəri və praktiki biliklər əldə ediblər.
Həyata keçirilən maarifləndirmə tədbirləri vətəndaşların rəqəmsal savadlılığının artırılmasına, kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının gücləndirilməsinə, eləcə də cəmiyyətdə təhlükəsiz rəqəmsal davranış mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə verib. Layihənin əsas nəticələrindən biri iştirakçılarda kibertəhlükələrə qarşı düzgün yanaşmanın formalaşdırılması, təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyinin təşviq edilməsi və müasir rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin inkişaf etdirilməsi olub.






