Yaponiyada yaşayan həmvətənimiz, iş adamı Əlibəy Məmmədov ölkənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Seyco Universitetində hüquq fakültəsinin tələbələri üçün Azərbaycanın siyasi inkişafı, xarici siyasəti və beynəlxalq münasibətlərinə həsr olunmuş xüsusi mühazirə ilə çıxış edib.
Mühazirə zamanı Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi, regionda və dünyada artan strateji əhəmiyyəti, eləcə də ölkənin müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq əlaqələri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirdə Azərbaycanın Türkiyə, İsrail, İran, Rusiya, Çin və ABŞ ilə münasibətləri, mürəkkəb geosiyasi şəraitdə həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, enerji diplomatiyası və milli maraqlarının qorunması kimi aktual mövzulara toxunulub.
Azərbaycan-Yaponiya münasibətlərində diplomatik əlaqələrin inkişafı, qarşılıqlı etimad və dostluq münasibətləri, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Əlibəy Məmmədov öz müəllif kitabını da tələbələrə təqdim edərək Azərbaycanın tarixi, siyasi mövqeyi və beynəlxalq arenadakı rolu haqqında əlavə məlumat verib.
Mühazirənin əsas məqsədlərindən biri Yaponiya gəncləri arasında Azərbaycan haqqında məlumatlılığın artırılması, eləcə də gələcək nəsillər arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin möhkəmləndirilməsi olub.
Qeyd edək ki, Azərbaycan və Yaponiya arasında münasibətlərin inkişafında təhsil, elm, mədəniyyət və gənclər arasında əlaqələr mühüm əməkdaşlıq istiqamətləri hesab olunur. Bu kimi maarifləndirici tədbirlər iki ölkə arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verir.
Xatırladaq ki, Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alan Ə.Məmmədov Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. Onun 2018-ci ildə yapon dilində “Azərbaycanın indi maraqlı olmasının səbəbləri”, bu il isə “Azərbaycan adlı strategiya” kitabı çap olunub.
