Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri Dirk Lölke ilə görüşüb.
Spiker səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə qeyd olunub ki, cari ilin iyul ayında Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəldib. Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə”nin imzalanması, “Azərbaycan-Almaniya Biznes Şurası”nın yaradılması ikitərəfli əlaqələrin sistemli inkişafı üçün yeni institusional platforma formalaşdırır.
Görüşdə, həmçinin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, həmçinin təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti, qarşılıqlı münasibətlərin genişləndirilməsində parlamentlərimizin rolu, qarşılıqlı səfərlərin və dialoqun önəmi vurğulanıb.
Söhbət zamanı parlamentlərarası dostluq qruplarının fəaliyyəti, onların parlamentlərarası əlaqələrin inkişafında rolu qeyd olunub. Bildirilib ki, cari il ərzində parlament dostluq qrupları tərəfindən bir sıra qarşılıqlı səfərlər həyata keçirilib, səmərəli müzakirələr aparılıb. Qeyd olunub ki, deputatlarımız beynəlxalq parlament təşkilatları çərçivəsində də uğurlu əməkdaşlıq edirlər və iki ölkə arasında əlaqələrin inkişafı fonunda bu əməkdaşlığı daha da irəliyə aparmaq üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi