Qızların və gənc qadınların cəmiyyət həyatında fəal iştirakı sosial inkişafın mühüm göstəricilərindən biridir. İctimai fəaliyyət, könüllülük, təhsil, sahibkarlıq və müxtəlif sosial təşəbbüslərdə iştirak qızların həm bacarıqlarının, həm də özünəinamının inkişafına imkan yaradır. Buna görə yeniyetməlik dövründən etibarən qızların ictimai fəaliyyətə cəlb olunması üçün əlverişli mühit yaradılmalıdır.
Qızların ictimai fəallığının qarşısında bəzən ailə və sosial mühitlə bağlı müxtəlif maneələr də yarana bilər. Bu məsələnin həllində ailə ilə qarşıdurma deyil, maarifləndirmə və dialoq əsas götürülməlidir. Valideynlər qızlarının ictimai fəaliyyətinin onların təhsilinə və inkişafına necə töhfə verdiyini görməli və bu prosesdə dəstəkçi tərəfə çevrilməlidirlər.
Fondumuzun əsas fəaliyyət istiqamətlərindən biri qızların təlim və tədris imkanlarının genişləndirilməsidir. Təlimlər yalnız nəzəri bilik verməklə yekunlaşmamalı, qızların real sosial layihələrdə iştirakına, komanda işi və liderlik bacarıqlarını tətbiq etməsinə imkan yaratmalıdır.
Biz xüsusilə regionlarda yaşayan qızların ictimai fəaliyyət imkanlarının genişləndirilməsini vacib hesab edirik. Bakı ilə regionlar arasında informasiya və imkanlara çıxış fərqinin azaldılması üçün yerli səviyyədə gənclər proqramları, təlimlər, mentorluq və könüllülük imkanları artırılmalıdır.
Qızların cəmiyyətə töhfə verən fəal vətəndaş kimi yetişməsi uzunmüddətli prosesdir. Bunun üçün onlara yalnız “uğur qazanmaq” çağırışı etmək kifayət deyil; bilik, təhsil, mentorluq, təhlükəsiz mühit və real iştirak imkanları təqdim etmək lazımdır. Biz bu istiqamətdə vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələrin davam etdirilməsini vacib hesab edirik.
Müzəffər Ələddinov
“Qızlar
Bulağı” Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondunun
prezidenti