Qızların təhsildən yayınmasının qarşısının alınması üçün daha çox maarifləndirmə aparılmalıdır   

Uşaqların, xüsusilə qızların təhsil hüququnun təmin olunması cəmiyyətin gələcəyi baxımından mühüm məsələlərdən biridir. Qızların məktəbdə əldə etdiyi biliklər yalnız onların fərdi inkişafına deyil, gələcəkdə ailənin və cəmiyyətin sosial-iqtisadi inkişafına da təsir göstərir. Bu səbəbdən yeniyetmə qızların təhsildən yayınmasına səbəb olan sosial, iqtisadi və ailədaxili amillərin vaxtında müəyyənləşdirilməsi və onların qarşısının alınması vacibdir.

 

Bəzi hallarda qızların təhsildən uzaqlaşması erkən nikah, ailənin sosial vəziyyəti, valideynlərin təhsilə münasibəti və regionlarda imkanların məhdudluğu ilə əlaqəli ola bilər. Problemin həlli üçün yalnız məktəblə məhdudlaşmayan, valideynləri, yerli icmaları və gənclər təşkilatlarını əhatə edən maarifləndirmə mexanizmlərinə ehtiyac var.

 

“Qızlar Bulağı” Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu olaraq hesab edirik ki, qızların təhsil hüququ barədə məlumatlandırılması erkən yaşlardan başlamalıdır. Yeniyetmə qız bilməlidir ki, təhsil yalnız məktəbi bitirmək deyil, gələcək peşə seçimi, iqtisadi müstəqillik və cəmiyyətdə fəal iştirak üçün əsas vasitələrdən biridir.

 

Valideynlərlə aparılan maarifləndirmə də bu prosesin mühüm hissəsidir. Ailələrə qız uşaqlarının təhsil almasının uzunmüddətli faydaları izah edilməli, xüsusilə regionlarda valideynlərin və qızların mövcud təhsil və inkişaf imkanları haqqında məlumatlılığı artırılmalıdır.

 

Biz hesab edirik ki, qızların təhsildə qalmasını dəstəkləyən layihələrin, mentorluq proqramlarının, peşə yönümlü təlimlərin və liderlik məktəblərinin sayı artırılmalıdır. Qızların təhsilli, öz hüquqlarını bilən və gələcəyinə dair qərar verə bilən fərdlər kimi yetişməsi cəmiyyətin ümumi inkişafına xidmət edir.

 

Müzəffər Ələddinov

“Qızlar Bulağı” Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondunun prezidenti