Qusarda bələdiyyə islahatları və ictimai iştirakçılıq mövzusunda tədbir keçirilib 

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyə islahatı: ictimai iştirakçılığın təşviqi” adlı layihənin sonuncu tədbiri Qusar rayon Mərkəzi Kitabxanasında olub.

Tədbirdə Qusar rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri, üzvləri və yerli fəal sakinlər iştirak ediblər.

Görüşdə çıxış edən layihənin eksperti Şaban Nəsirov bələdiyyələrin işi, son qanunvericilik dəyişiklikləri və bələdiyyələrin birləşdirilməsi prosesi barədə ətraflı məlumat verib. Ekspert yeni islahatların bələdiyyələrin fəaliyyətinə təsirini belə izah edib:

"Bələdiyyələrin birləşdirilməsi və iriləşdirilməsi onların maliyyə imkanlarını artırmaq və işini daha yaxşı qurmaq üçün atılan vacib bir addımdır. Böyüyən bələdiyyələr kəndlərin və qəsəbələrin problemlərini həll etmək üçün daha çox imkana sahib olur. İndi əsas məqsəd bələdiyyə işlərini sakinlərin gözü önündə, açıq şəkildə görmək və hər bir qərarda vətəndaşların fikrini nəzərə almaqdır."

Daha sonra çıxış edən bələdiyyə nümayəndələri birləşmədən sonra ortaya çıxan yeni iş şəraitindən və qarşılaşdıqları məsələlərdən söz açıblar. Qeyd olunub ki, bələdiyyə büdcəsinin düzgün formalaşması və yerli sakinlərlə yaxşı əlaqələrin qurulması üçün bu tür maarifləndirici görüşlərin böyük köməyi olur.

Tədbirin ikinci hissəsində torpaq məsələləri, yerli vergilərin yığılması və bələdiyyələrin gəlirlərinin artırılması yolları müstəvisində sual-cavab sessiyası keçirilib. İştirakçıların verdiyi suallar ekspert Şaban Nəsirov tərəfindən aydın şəkildə cavablandırılıb.

Görüşün sonunda iştirakçılar üçün çay süfrəsi təşkil olunub və söhbət qeyri-rəsmi formada davam etdirilib.

Medial
Medial
Medial
Medial
Medial