Yaponiyada fəaliyyət göstərən soydaşımız və müəllif Əlibəy
Məmmədov Azərbaycan haqqında növbəti kitabını nəşr etdirib. Sabahinfo.az xəbər
verir ki, bu, onun yapon dilində çap olunan ikinci kitabıdır. Müəllifin ilk əsəri
— “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” — 2018-ci ildə işıq üzü
görmüşdü.
Yeni kitab “Azərbaycan adlı strategiya” adlanır. Nəşrin üz qabığında qeyd
olunur ki, bu ölkəni tanımadan dünyanı anlamaq mümkün deyil və kiçik dövlətin
böyük güclərlə rəqabətdə uğur qazanma yolları məhz bu əsərdə izah edilir.
Kitab geopolitika, enerji təhlükəsizliyi, müharibələr, diplomatiya və dövlət
idarəçiliyi kimi mövzuları əhatə edir. Əsərdə Azərbaycanın qonşu və digər dövlətlər
balanslaşdırılmış siyasət apararaq əldə etdiyi uğurlar qeyd olunur. Müəllif Azərbaycanın
müxtəlif dövlətlərlə — Türkiyə, İsrail, İran, Rusiya, Ukrayna və ABŞ-la
balanslaşdırılmış siyasət yürütməsini xüsusi vurğulayır. Eyni zamanda ölkənin
Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti və 2024-cü ildə Bakıda keçirilmiş
COP29 kimi beynəlxalq tədbirlər də kitabda geniş yer alıb.
Əsərdə Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə də
toxunulur. Xüsusilə Birinci Qarabağ müharibəsi nəticəsində torpaqların işğalı,
qaçqın böhranı və ağır iqtisadi vəziyyət təsvir edilir. Bununla yanaşı, “Əsrin
müqaviləsi”nin imzalanması və enerji strategiyasının ölkənin inkişafında
oynadığı rol ön plana çəkilir. Yaponiya şirkətləri — INPEX və Itochu
Corporation — tərəfindən Azərbaycana yatırılan investisiyalar xüsusi qeyd
olunur.
Müəllif Azərbaycanın enerji siyasəti nəticəsində iqtisadiyyatını gücləndirməsini,
kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları sahələrində əldə olunan
nailiyyətləri vurğulayır. Kitabda, həmçinin İkinci Qarabağ müharibəsi zamanı əldə
olunan qələbə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi geniş şəkildə təhlil
olunur.
Nəşrdə Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan bərpa-quruculuq işləri, o
cümlədən Şuşa, Laçın, Ağdam və Füzuli şəhərlərində həyata keçirilən layihələr,
beynəlxalq hava limanlarının tikintisi və xarici dövlət başçılarının bölgəyə səfərləri
də ətraflı təsvir edilib. Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən
görüşlər və regionda təşkil olunan siyasi və mədəni tədbirlər kitabın əsas
mövzularındandır. Bununla yanaşı, müəllif Azərbaycanın “yumşaq güc” siyasətinə
də toxunur. Beynəlxalq idman yarışları, mədəni tədbirlər və xüsusilə Yaponiyada
keçirilən təqdimatlar vasitəsilə ölkənin tanıdılması diqqətə çatdırılır.
Kitabda “şərab diplomatiyası” anlayışı da xüsusi yer tutur — Azərbaycan şərabının
Yaponiyada yalnız məhsul kimi deyil, həm də mədəniyyətin daşıyıcısı kimi təqdim
olunduğu qeyd edilir.
Kitabda, həmçinin Yaponiyanın Qarabağın bərpasında mümkün rolu da vurğulanır.
Qeyd olunur ki, Yaponiya təbii fəlakətlərdən sonra şəhərlərin yenidən qurulması
sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla bölüşə bilər.
Müəllifin fikrincə, “Azərbaycan adlı strategiya” Yaponiyada ölkəmizin daha
yaxından tanıdılmasına və beynəlxalq imicinin güclənməsinə töhfə verəcək.
Əsər artıq Yaponiyada geniş maraq doğurub. Populyar YouTube kanallarında təqdimatları
yayımlanan kitabın ikinci tirajının çapına qərar verilib.
Qeyd edək ki, kitabın 2026-cı il aprel ayının 27-dən Yaponiyada rəsmi
satışlarına başlanalıb. Artıq bir ay əvvəl “Amazon” reytinqlərində də yapon
dilində kifayət qədər satışları gedir və ön sıralardadır. Kitab, eyni zamanda
bir çox mərkəzi kitabxanalara, universitetlərə paylanılacaq.
Xatırladaq ki, Məmmədov Əlibəy Rahib oğlu 1988-ci ilin 30
oktyabrında Moskva şəhərində doğulub, Bakı şəhərində isə böyüyüb boya-başa
çatıb. Valideynlərinin hər ikisi Moskva Dövlət Universitetinin Tarix fakültəsinin
məzunlarıdırlar. 6-cı sinfə kimi Nəsimi rayonunda yerləşən 111 nömrəli məktəbdə,
7-ci sinifdən etibarən akademik Azad Mirzəcanzadənin adını daşıyan 147 saylı
Texniki humanitar liseydə təhsilimi davam etdirib.
2005-ci ildə dövlət imtahanının nəticələrinə uyğun
olaraq Bakı Dövlət Universitetinin Şərqşünaslıq (indiki Regionşünaslıq) fakültəsinin
yapon dili və ədəbiyyatı bölməsinə daxil olub. 2009-cu ildə ali təhsilini
Qırmızı diplomla başa vurub.
2009-2010-cu
illərdə Füzuli rayonunda hərbi xidmətdə olub. 2010-2012-ci illərdə əsas
etibarilə Bakıda dövlət qurumları, ayrı-ayrı şirkətlər tərəfindən bir çox sahələrdə
tərcüməçilik fəaliyyətinə cəlb olunub.
2010-cu ilin
noyabr ayında Yaponiyanın “Fuji Terebi” televiziya kanalı ilə birgə çalışıb.
Bunun nəticəsi olaraq Yaponiyada Azərbaycanla bağlı 5 dəfə xüsusi veriliş
yayımlanıb.
2012-ci ildən
Yaponiyada yaşayır. Yaponiya hökuməti dövlət təqaüdçüsü, Hokkaydo
Universitetinin magistr və doktorantı olub. İki il ardıcıl Hokkaydo
Universitetinin Xarici Tələbələr Assosasiyasının prezidenti, bir il isə fəxri
prezidenti olub. Yapon, ingilis, rus, türk dillərini bilir. Ailəlidir,
dörd övladı var.
Əlibəy Məmmədov, eyni zamanda konfliktoloq,
Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. Diaspor fəaliyyətinə
təhsil illərindən başlayıb.



