Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyi “İqtisadi təfəkkürün formalaşdırılması: gənclərlə birlikdə” layihəsini həyata keçirir.
Layihə çərçivəsində 2026-cı il oktyabrın 14-ü, 15-i və 16-da Zaqatala rayonunda üç maarifləndirici tədbir təşkil olunub. Tədbirlərdən biri Zaqatala rayon Peşə məktəbində, digər ikisi isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilib.
Layihə rəhbəri Seymur Əzəmmədovun rəhbərliyi ilə təşkil olunan görüşlərdə gənclərin iqtisadi biliklərinin artırılması, maliyyə savadlılığının inkişaf etdirilməsi və iqtisadi məsələlərə dair düzgün qərarvermə bacarıqlarının formalaşdırılması məsələlərinə diqqət yetirilib.
Tədbirlərdə şəxsi büdcənin idarə olunması, gəlir və xərclərin planlaşdırılması, maliyyə resurslarından səmərəli istifadə, sahibkarlıq fəaliyyəti və iqtisadi düşüncənin gündəlik həyatda tətbiqi barədə müzakirələr aparılıb.
Bununla yanaşı, Azərbaycanın sosial-iqtisadi inkişafı, regionların inkişafı, sahibkarlığın dəstəklənməsi və gənclər üçün yaradılan imkanlar haqqında məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi inkişaf siyasəti, ölkənin iqtisadi potensialının gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafı və qeyri-neft sektorunun genişləndirilməsi istiqamətində görülən işlər barədə danışılıb.
İştirakçıların diqqətinə çatdırılıb ki, iqtisadi prosesləri anlamaq, maliyyə imkanlarını düzgün qiymətləndirmək və resurslardan səmərəli istifadə etmək gənclərin həm şəxsi həyatında, həm də gələcək peşə fəaliyyətində mühüm əhəmiyyət daşıyır.
Tədbirlərin sonunda iştirakçılara dəftərxana ləvazimatları təqdim olunub və sertifikatlar paylanılıb.
Qeyd edək ki, “İqtisadi təfəkkürün formalaşdırılması: gənclərlə birlikdə” layihəsi “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik qrant müsabiqələrinin qalibi olan layihəsidir.