Zaqatalada Ümummilli Lider Heydər Əliyevlə bağlı tədbir

Əvvəlcə Heydər Əliyev adına istirahət və mədəniyyət parkında Ulu Öndərin abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgisinə baxış keçirilib.

Ardınca Heydər Əliyev Mərkəzində “Əzəmətli və unudulmaz lider Heydər Əliyev” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılış nitqi ilə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafındakı müstəsna rolundan danışıb.

Daha sonra çıxış edən millət vəkili Asif Əsgərov Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib. Deputat bildirib ki, Ulu Öndər bütün həyatını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlətçiliyin inkişafına və xalqın rifahına həsr etmiş dahi şəxsiyyətdir. Qeyd olunub ki, bu gün ölkədə əldə olunan uğurların, sabitliyin və inkişafın əsasında məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və dövlətçilik fəlsəfəsi dayanır. Vurğulanıb ki, Ümummilli Liderin zəngin irsi və ideyaları Azərbaycanın gələcək inkişaf yoluna daim işıq salacaqdır.

Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon Məhkəməsinin hakimi Zərifə Məmmədova və Zaqatala Rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış edərək Ümummilli Liderin zəngin siyasi irsi, dövlətçilik fəaliyyəti və Azərbaycan xalqı üçün gördüyü tarixi xidmətlər barədə fikirlərini bölüşüblər.

Sonda tədbirlər çərçivəsində təşkil olunan konsert proqramı iştirakçılar tərəfindən izlənilib.