Zərdabda Polis Günü Təntənəli Qeyd Edilib -Fotolar

2 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir təşkil olunub.

Sabahinfo.az xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Salayev, Rayon Prokuroru Zaur Əliyev, rayonun polis əməkdaşları və polis veteranları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anıblar. Rayon Polis Şöbəsində davam etdirilən tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Salayev Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrik məktubunu polis əməkdaşlarının diqqətinə çatdırıb. R.Salayev çıxışında daxili işlər orqanlarının yaranma tarixi və keçdiyi inkişaf mərhələləri barədə ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi yüksək diqqət və qayğının polis sisteminin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarını təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, yarandığı gündən etibarən şərəfli inkişaf yolu keçən Azərbaycan polisi bütün dövrlərdə dövlətə və xalqa sədaqətlə xidmət edib, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə müasir əsaslar üzərində formalaşaraq güclənib və dövlətçiliyin etibarlı sütunlarından birinə çevrilib. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində daxili işlər orqanlarının maddi-texniki bazası daha da möhkəmləndirilir, əməkdaşların sosial müdafiəsi gücləndirilir və onlar vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması istiqamətində üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirirlər.

Daha sonra çıxış edən rayon prokuroru Zaur Əliyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. O bildirib ki, hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq rayonda qanunun aliliyinin təmin olunmasına, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına mühüm töhfə verir. Rayon prokuroru Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının fəaliyyətinin daim təkmilləşdirildiyini vurğulayaraq, gələcəkdə də birgə fəaliyyətin uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Digər çıxış edənlər daxili işlər orqanlarına göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək buna görə minnətdarlıqlarını ifadə ediblər. Onlar bundan sonra da xidməti vəzifələrini layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəklərini bildiriblər. Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub. Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən də xidmətdə əldə etdikləri nailiyyətlərə görə bir qrup polis əməkdaşı təltif edilib.