“Azərbaycan dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Eyni zamanda, rəsmi Bakı BMT-nin XXI əsrdə dünyanı narahat edən təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün təşkilat çərçivəsində islahatların həyata keçirilməsi ideyasını dəstəkləyir. Oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Onun sözlərinə görə, indiyədək dünyanın bir çox dövlətləri BMT-də islahatların aparılmasının zəruriliyini açıq şəkildə vurğulayırlar. Çünki BMT-nin dünyada nüfuzunu qorumaq naminə islahatların alternativi yoxdur. Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. Azərbaycan Prezidenti İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb. Deputat bildirib ki, həqiqətən də, beynəlxalq müstəvidə mövcud qlobal problemlər BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini ciddi zərurətə çevirib. Ötən dövr ərzində dünyada baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. Prezident İlham Əliyevin Forumda dediyi kimi, biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Dövlət başçısı vurğulayıb ki, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır. “Məlumdur ki, Ermənistan işğalçı siyasətinə görə heç bir sanksiyaya məruz qalmadı. Bu, ikili standartların bariz nümunəsidir. Azərbaycana münasibətdə Ermənistanın işğal etdiyi torpaqlarımızı qeyd-şərtsiz azad etməsi ilə bağlı 1993-cü ildə BMT TŞ tərəfindən qəbul olunmuş dörd qətnamə 27 il kağız üzərində qaldı. 2020-ci ildə Azərbaycan öz gücü ilə həmin qətnamələrin icrasını təmin etdi. Bütün bunlar təsdiqləyir ki, ikili yanaşmalara son qoyulması üçün BMT strukturlarında islahatların aparılması zərurətdir. Azərbaycan bu çağırışı ən fəal dəstəkləyən dövlətlərdən biridir”, - deyə Samir Vəliyev vurğulayıb.