Yeni geosiyasi nizama doğru: Azərbaycan dialoq, inteqrasiya, əməkdaşlıq, sabitlik və sülhü təşviq edir - DEPUTAT

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq nüfuzunu, müstəqil siyasətini və multikulturalizm ənənələrini bir daha nümayiş etdirir. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan forum 100-dən çox ölkənin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası anlaşmanın gücləndirilməsi və qlobal problemlərin həlli istiqamətində mühüm platforma kimi diqqət mərkəzindədir.

Dövlətimizin başçısı vurğulayıb ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan olması bu təşəbbüsün əhəmiyyətini daha da artırır. Ölkəmizin əsas yanaşması qarşıdurma əvəzinə dialoqun, ayrı-seçkilik əvəzinə qarşılıqlı hörmətin, divarların deyil, körpülərin qurulmasının təşviq edilməsidir.

Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə ikili standartların yolverilməzliyini vurğulayaraq Azərbaycanın üzləşdiyi işğal, etnik təmizləmə və mədəni irsin dağıdılması faktlarını xatırladıb. Dövlət başçısının mövqeyi beynəlxalq hüququn prinsiplərinə ardıcıl əməl olunmasının, dövlətlərin suverenliyinə və müstəqil seçiminə hörmət göstərilməsinin vacibliyini ortaya qoyur. Beynəlxalq münasibətlərdə ədalət və bərabərhüquqluluq təmin edilmədən davamlı sülhə nail olmaq mümkün deyildir.

Ölkəmiz dağıntılardan, işğalın ağır nəticələrindən və yoxsulluqdan tərəqqiyə doğru xalqımızın zəhməti və öz imkanları hesabına böyük inkişaf yolu keçib. Bu gün Azərbaycanın enerji və nəqliyyat sahələrində artan rolu, iqtisadi potensialı və müstəqil xarici siyasəti dövlətimizin beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri, Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq əlaqələri ölkəmizin beynəlxalq etimad qazandığını bir daha təsdiqləyir.

Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsində milli-mənəvi dəyərlərə sadiqliklə müasir inkişaf prinsiplərinin uzlaşdırılması mühüm rol oynayır. Ölkəmiz müxtəlif dinlərin, mədəniyyətlərin və dünyagörüşlərinin qarşılıqlı anlaşma şəraitində bir araya gəlməsinin mümkünlüyünü öz təcrübəsi ilə nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın yalnız regional məsələlərin həllində deyil, qlobal miqyasda dialoq və əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsində də fəal iştirakını təmin edir. Bu baxımdan, Bakıda keçirilən Forum xalqlar arasında etimadın gücləndirilməsi, dini və mədəni ayrı-seçkiliyin qarşısının alınması, eləcə də gələcək nəsillər üçün daha təhlükəsiz və harmonik dünyanın formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın qarşıdakı illərdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə və Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi etməsi də xüsusi əhəmiyyət daşıyır. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin zirvə görüşlərinin Bakıda keçirilməsi ölkəmizin müxtəlif siyasi və mədəni platformalar arasında əməkdaşlığa verdiyi töhfənin göstəricisidir. AQEM-də sədrliyin uzadılması və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatında iştirakının genişlənməsi də ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu nümayiş etdirir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan coğrafi cəhətdən Mərkəzi Asiyada deyil, Qafqazda yerləşir, lakin bizim müxtəlif aspektlər üzrə rolumuzun tanınmasının və eyni zamanda, bizə göstərilən hörmətin əlaməti olaraq biz buraya dəvət olunduq: “Beləliklə, təkcə bütün bu faktlar həqiqətən bizim oynadığımız rolu və bizdə olan beynəlxalq potensialı nümayiş etdirir”.

Forumda Ermənistanla sülh prosesinə toxunan Prezident İlham Əliyev regionda yaranmış yeni reallıqları diqqətə çatdırıb. 2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə sülh sazişinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması Cənubi Qafqazda davamlı sülhün təmin olunması baxımından mühüm siyasi hadisədir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradıb.

Bütövlükdə, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu mövqeyi, milli maraqlarına əsaslanan müstəqil siyasətini və sülhə verdiyi önəmi nümayiş etdirir. Azərbaycan fərqli mədəniyyətləri və siyasi mövqeləri bir araya gətirən etibarlı tərəfdaş kimi çıxış etməklə yanaşı, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan dünya nizamının tərəfdarı olduğunu bir daha təsdiqləyir.

Mahir Süleymanlı Milli Məclisin deputatı