Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də səsləndirdiyi bu tarixi bəyanat bir şəhərin işğaldan azad edilməsinin müjdəsi ilə yanaşı uzun illər həsrətində olduğumuz torpaqlara qayıdışın, milli iradənin, dövlət qüdrətinin və xalq birliyinin təntənəsi idi. Şuşanın azad olunması Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində yeni səhifə açdı, xalqımızın milli yaddaşında əbədi yaşayacaq Zəfər salnaməsinin ən parlaq hadisələrindən birinə çevrildi.

Qarabağ Zəfəri təsadüfi və ani hadisənin nəticəsi deyil, uzun illər ərzində məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin, güclü iqtisadiyyatın, müasir ordu quruculuğunun, ardıcıl diplomatik fəaliyyətin və xalq-lider birliyinin məntiqi nəticəsi idi. Bu böyük Qələbənin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdu. Ulu Öndər müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirərək dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi istiqamətində mühüm addımlar atmışdı. Prezident İlham Əliyev isə həmin möhkəm təməl üzərində qüdrətli Azərbaycan dövləti quraraq ölkəmizin hərbi, iqtisadi və siyasi gücünü yeni mərhələyə yüksəltdi.

Ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Azərbaycan Ordusu ən müasir silah və texnika ilə təchiz olundu, hərbçilərimizin peşəkarlığının artırılması, döyüş hazırlığının və mənəvi-psixoloji dayanıqlığının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüldü. Bütün bunlar 2020-ci ildə Vətən müharibəsi zamanı öz real nəticəsini göstərdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmamış qətnamələrini özü həyata keçirdi, beynəlxalq hüquqla təsbit edilmiş ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə təmin etdi. Bu Qələbənin arxasında güclü dövlət, rəşadətli ordu, qətiyyətli siyasi iradə və öz liderinin ətrafında yumruq kimi birləşən xalq dayanırdı.

Şuşanın azad edilməsi isə Vətən müharibəsinin ən mürəkkəb və həlledici hərbi əməliyyatlarından biri kimi tarixə düşdü. Prezident İlham Əliyev müharibənin ilk günlərindən Şuşanın azad olunmasının strateji və mənəvi əhəmiyyətini xüsusi vurğulayır, Şuşasız qələbənin tam olmayacağını bildirirdi. Bu məqsədə çatmaq üçün Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq göstərdi. Çətin relyef, sıldırım qayalar, dərin dərələr və yolsuzluq şəraiti döyüşçülərimizin iradəsini qıra bilmədi. Xüsusi təyinatlılarımızın böyük fədakarlıq və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi.

Şuşa əməliyyatı hərb tariximizin qəhrəmanlıq nümunəsi olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinin sarsılmazlığını nümayiş etdirdi. Bu qələbə ilə düşmənin hərbi müqavimətinin əsas dayaqlarından biri aradan qaldırıldı və Vətən müharibəsinin taleyini müəyyən edən həlledici mərhələ başa çatdı. Şuşanın azad edilməsi həm də Azərbaycanın mədəniyyət paytaxtına, milli kimliyimizin və tarixi yaddaşımızın ən mühüm rəmzlərindən birinə qovuşması demək idi.

Noyabrın 8-də Prezident İlham Əliyevin Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciəti isə Zəfərin siyasi və mənəvi mahiyyətini bir daha ortaya qoydu. Dövlət başçısının “Bu dəmir yumruq birliyimizin rəmzidir” fikri xalqımızın həmrəyliyinin ifadəsinə çevrildi. Həmin gün Azərbaycan xalqı yalnız hərbi qələbənin sevincini yaşamadı, eyni zamanda milli qürurunu, özünəinamını və gələcəyə inamını yenidən təsdiqlədi.

Şuşanın azad olunması ilə başlanan Zəfər prosesi sonrakı mərhələdə də davam etdi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Bu hadisələr bir daha göstərdi ki, dövlətimizin milli maraqların müdafiəsi istiqamətində nümayiş etdirdiyi siyasi iradə və qətiyyət dəyişməzdir.

Şuşanın azad edilməsi yalnız hərbi Qələbə ilə məhdudlaşmır. Bu gün həmin tarixi hadisənin davamı olaraq şəhərdə genişmiqyaslı bərpa, quruculuq və məskunlaşma prosesi həyata keçirilir. İşğal dövründə dağıdılmış infrastrukturun yenidən qurulması, tarixi-mədəni abidələrin bərpası, yaşayış məhəllələrinin salınması, sosial xidmətlərin təşkili və şəhərin müasir inkişaf tələblərinə uyğunlaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Prezident İlham Əliyevin 2021-ci il yanvarın 14-də Şuşaya səfəri və şəhərdə Azərbaycan bayrağını ucaltması azadlığın əbədi rəmzinə çevrildi. Dövlət başçısının ata vəsiyyətini yerinə yetirdiyini bəyan etməsi isə bu tarixi hadisənin mənəvi dərinliyini daha da artırdı. Sonrakı illərdə Prezidentin Şuşaya çoxsaylı səfərləri şəhərin bərpası, inkişafı və yenidən dirçəldilməsi prosesinin birbaşa dövlət nəzarətində və xüsusi diqqət mərkəzində olduğunu göstərdi. Bu səfərlər zamanı infrastruktur layihələrinin təməli qoyuldu, tarixi abidələrin bərpası ilə tanışlıq keçirildi, yeni yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, turizm obyektləri istifadəyə verildi.

Şuşanın tarixi simasının qorunması bu quruculuq siyasətinin mühüm prinsiplərindən biridir. Şəhərin memarlıq üslubuna, təbii landşaftına və çoxəsrlik mədəni irsinə həssas yanaşılması gələcək nəsillərə ötürüləcək milli sərvətin qorunmasına xidmət edir. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Mehmandarovların malikanə kompleksinin, məscidlərin və digər tarixi abidələrin bərpası Şuşanın əvvəlki mədəni simasının özünə qaytarılması baxımından xüsusi əhəmiyyət daşıyır. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün işğal dövründə güllələnmiş büstlərinin yenidən əvvəlki yerlərinə qaytarılması isə milli yaddaşımıza və mədəni irsimizə ehtiramın ifadəsidir.

Şəhərdə müasir infrastrukturun yaradılması da ardıcıl şəkildə davam etdirilir. Zəfər yolunun çəkilməsi, yaşayış komplekslərinin inşası, elektrik, su və digər kommunal təminat sistemlərinin yenilənməsi, səhiyyə və təhsil müəssisələrinin fəaliyyətə başlaması Şuşanın dayanıqlı inkişafına zəmin yaradır. Xüsusilə Zəfər yolu təkcə nəqliyyat infrastrukturu deyil, həm də qəhrəman Azərbaycan əsgərinin Şuşaya doğru açdığı tarixi yolun rəmzidir.

Şuşanın yenidən dirçəldilməsinin ən mühüm göstəricisi doğma sakinlərin öz yurdlarına qayıtmasıdır. Uzun illər davam edən ayrılıqdan sonra ailələrin ata-baba yurdlarına dönməsi şəhərin həyatına yeni nəfəs gətirib. 23 oktyabr 2026-cı il tarixinə olan məlumata əsasən, Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər məskunlaşıb. Ümumilikdə, Şuşa şəhəri və kəndlərində 420 ailə, 1579 nəfər yaşayır. Bu rəqəmlər yalnız statistik göstəricilər deyil, həm də tarixi ədalətin bərpasının, Böyük Qayıdışın real nəticələrinin ifadəsidir. Çünki şəhərin əsl dirçəlişi onun küçələrində yenidən uşaqların səsinin eşidilməsi, ailələrin öz evlərində yaşaması, insanların doğma torpaqlarında gələcək qurması ilə ölçülür.

Şuşanın beynəlxalq səviyyədə tanıdılması və mədəniyyət diplomatiyasının mərkəzinə çevrilməsi də dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin il mayın 31-də qəbul edilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun şəhərin qorunması, bərpası, öyrənilməsi və inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi. 2022-ci ilin “Şuşa İli” elan olunması isə şəhərin tarixi və mədəni irsinin ölkə miqyasında təbliğinə yeni təkan verdi.

Şuşanın beynəlxalq mədəniyyət məkanında qazandığı mövqenin genişlənməsi də diqqətəlayiqdir. Şəhər 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. 2026-cı il üçün isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusuna layiq görüldü. Bu statuslar Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə türk və islam dünyasının, eləcə də beynəlxalq mədəniyyət və turizm məkanının mühüm ünvanlarından birinə çevrildiyini təsdiqləyir.

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Şuşa Qlobal Media Forumları və digər beynəlxalq tədbirlər şəhərin mədəni həyatına yeni dinamika gətirir. Şuşa artıq yalnız keçmişin zəngin irsini qoruyan tarixi şəhər deyil, həm də beynəlxalq dialoq, mədəni əməkdaşlıq və fikir mübadiləsi platformasıdır. Müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfərləri şəhərin artan siyasi və diplomatik əhəmiyyətini nümayiş etdirir.

2024-cü il oktyabrın 21-də təsdiq edilmiş Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı da şəhərin gələcək inkişafının sistemli və uzunmüddətli əsaslar üzərində qurulduğunu göstərir. Baş planda tarixi memarlıq irsinin qorunması, yaşayış məkanlarının genişləndirilməsi, sosial xidmətlərin əlçatanlığının təmin edilməsi, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun inkişafı, təbii landşaftın mühafizəsi kimi məsələlər kompleks şəkildə nəzərə alınıb. Bu yanaşma Şuşanın tarixi kimliyini qorumaqla yanaşı, onu müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirmək məqsədi daşıyır.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 8-nin Şuşa Şəhəri Günü kimi təsis edilməsi isə bu tarixi hadisənin dövlətçilik və milli yaddaş baxımından əhəmiyyətini bir daha təsdiqləyir. Hər il qeyd olunan bu gün xalqımızın Şuşaya qayıdışının, qəhrəman ordumuzun şücaətinin və milli birliyimizin təntənəsinə çevrilir.

Bu gün Şuşa özünün yeni inkişaf mərhələsini yaşayır. Bir zamanlar işğalın, dağıntıların və məcburi köçkünlük ağrısının simvoluna çevrilmiş şəhər indi quruculuğun, dirçəlişin, mədəni həyatın və Böyük Qayıdışın rəmzidir. Burada aparılan işlər yalnız fiziki infrastrukturun bərpası deyil, həm də milli-mənəvi irsimizin, tarixi yaddaşımızın və dövlətçilik ənənələrimizin yenidən möhkəmləndirilməsidir.

Şuşa Zəfəri Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu qələbə sübut etdi ki, milli birlik, güclü dövlətçilik, qətiyyətli liderlik və peşəkar ordu qarşıya qoyulan ən mürəkkəb hədəflərə çatmağın əsas təminatıdır. Şuşanın azadlığı ilə başlayan yeni tarix bu gün quruculuq, inkişaf və gələcəyə inamla davam edir.

8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə xalqımızı təbrik edir, Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Əminliklə demək olar ki, Şuşa bundan sonra da Azərbaycanın milli qürurunun, mədəniyyətinin və dövlətçilik qüdrətinin əbədi rəmzi olaraq yaşayacaq.

Məşhur Məmmədov Milli Məclisin deputatı