Skip to content
- Məşhur yazıçıların həmişə əsərlərini sevmiş, onların haqqında adi bioqrafik məlumatlar oxumuşuq. Amma elə şeylər də var ki, onları bioqrafiyada yazmırlar:
- Qaranlıq hekayələrin ustası Edqar Allan Po qaranlıqdan çox içkiylə "dostluq” eləyib. Ömrü boyu düşüncələrindən bir addım öndə, alkoqoldan bir addım geridə olub.
- Dünyanın ən tanınmış yazarlarından olan Çarlz Dikkens dünyanın bəlkə də ən qəribə yuxu vərdişinə malik idi. Yatanda üzü mütləq şimal qütbünə doğru olmalı idi. Bu seçimini "yer kürəsi, elektrik cərəyanları, müsbət və mənfi elektrik” kimi sözlərlə izah etmişdi. Ən çox vaxt keçirdiyi yer də kimsəsizlər evi imiş.
- Onore Balzak gündə təxminən 50 fincan qəhvə içərdi, qəhvə hazırlamağa adam olmayanda onun tumlarını çeynəyirdi.
- Lev Tolstoy müasiri İvan Turgenyevi duelə çağırmışdı. Hətta tapançalar belə hazır idi, lakin araya girən hörmətli dostların sayəsində duel baş tutmadı. Bu hadisədən sonra rəqiblər uzun illər görüşmədilər.
- "Alisa möcüzələr diyarında” əsərinin müəllifi Levis Kerroll riyaziyyat dahisi idi. Söz tapmaqda tayı-bərabəri yox idi. Hələ də müasir ingiliscədə onun uydurduğu onlarla sözdən istifadə edilir. Kitabxanalarda kitabların daha asan tapılması üçün kitab adını dərinin üstünə yazmaqla bağlı fikrini həyata keçirmişdi. "Scrabble” adlı söz oyununun ilk nümunəsini də o təqdim etmişdi. Ən sevdiyi nəqliyyat vasitəsi isə icad etdiyi üçtəkərli velosipedi idi.
- Mark Tven bu gün qəbul edilən stand-up nümayişlərini dünyada ilk dəfə tətbiq edən adam idi. Yazıçılıqdan qazandığı pulu müxtəlif sahələrə qoymağa çalışırdı, amma xalqı aldatmağa hesablanmış ixtiralara pul verdiyinə görə həmişə iflasa uğrayırdı. Evinə telefon çəkdirən ilk adamlardan olmasına baxmayaraq, telefon şəbəkəsi qurulmasına sərmayə qoymaq imkanı ola-ola bundan imtina etmişdi. O, məşhur mühəndis və ixtiraçı Nikola Tesla ilə yaxın dost idi. Çap makinasında yazılaraq nəşriyyata təqdim olunan ilk kitab Mark Tvenin 1883-ci ildə qələmə aldığı "Missisipinin həyat kitabı” idi. Onun özünəməxsus pəhriz qaydası vardı. "Bir qədər ac qalmağın adi xəstəyə dünyanın ən yaxşı dərmanından, ya da həkimindən daha böyük fayda verəcəyini düşünürdü.
- İrland əsilli yazar Oskar Uayldın Heminqueylə ən böyük ortaq xüsusiyyəti ikisinin də uşaqlıq çağlarında analarının istəyi ilə qız paltarı geyinməsdir.
- Cek London kitab dəlisiydi. Şəxsi kitabxanasında 15 min kitab vardı. London beş yaşında içməyə başlayıb, 40 yaşında dünyasını dəyişib. Həddən artıq içdiyinə görə, başına çoxlu hadisələr gəlirdi. Səfərlərinin birində ayağı büdrəmiş, San-Fransisko körfəzində dənizə düşmüşdü.
- Virciniya Vulf danışmağı çox sevirdi. Bir dəfə 48 saat fasiləsiz danışmışdı. O, rəssam olan bacısının iş üslubundan ilham alaraq, bütün əsərlərini ayaq üstə yazıb.
- Ceyms Coys və Marsel Prust bir dəfə görüşüblər. Onların görüşü böyük maraq mövzusu idi. İkisi də qocalmışdı. Bir parkda təsadüfən yan-yana oturmuş qocalar kimi xəstəlikləri barədə danışıblar. Bir müddət sonra sıxıla-sıxıla da olsa bir-birlərinin kitablarını oxumadıqlarını etiraf etmişdilər.
- Frans Kafka ət yeməyi cinayətə bərabər əməl hesab edirdi. Vəsiyyətində yaxın dostu Broddan "Mühakimə”, "Ocaqçı”, "Çevrilmə”, "Cəza müstəmləkəsi” və "Kənd həkimi” əsərləri istisna olmaqla, qalan bütün əsərlərini yandırmasını tələb etmişdi. Maks Brod onun vəsiyyətini əməl etməməklə Kafkanın yazıçılıq taleyinə böyük töhfə vermişdi.
- (Aydın yol)